AZ

Erməni əsillilərin Bakı məhkəməsi dövlət və ictimai maraqlara tam uyğun faktları təsdiqləyir...


Birinci və İkinci Qarabağ müharibələri dövründə xalqımıza və dövlətimizə qarşı ağır hərbi cinayətlərdə və digər məsələlərdə ittiham olunan erməni əsilli şəxslərin neçə vaxtdır davam edən məhkəməsini Azərbaycan və dünya ictimaiyyəti yaxından izləyir.

Bakıda Qarabağda separatçılıqla məşğul olan, ölkəmizə qarşı təcavüzdə yaxından iştirak edən şəxslərin məhkəməsində elə ciddi faktlar səsləndirilir ki, bu faktlar Ermənistandakı və xaricdəki qüvvələri ciddi narahat edir. O da bəllidir ki, məhkəmə prosesi başlayandan erməni mediası və revanşist mövqedən çıxış edən dairələr məhkəməni gözdən salmağa çalışırlar, bununla bağlı müxtəlif uydurmalarla çıxış edirlər. Bu, təbii ki, gözlənilməz hal deyil. Bizim üçün maraqlı olan odur ki, bu prosesdə çox gizlinlər açılır, bizə qarşı cinayətlər törədən şəxslərin adları bir-bir çəkilir və onlar ifşa olunurlar.

Separatçıların məhkəmə prosesində həm Azərbaycan ictimaiyyəti, həm də Azərbaycan dövləti üçün çox önəmli olan bir sıra məsələlərin cavabı tapılır, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı təcavüz aktının hazırlanma planları, insanlarımıza verilən ağır işgəncələr, təbii sərvətlərimizin talan olunması fakları açılır, insanlarımızın səssiz - səmirsiz öldürülməsi faktları üzə çıxır, kütləvi məzarlıqlar tapılır. Bu məhkəmə prosesində dövlətin və ictimaiyyətin maraqları ilə üst-üstə düşən yüzlərlə məqam ortaya çıxır. Bu məhkəmə prosesi həm ədalətin bərqərar olması, həm də ictimai marağın təmin olunması baxımından qiymətləndirilir.

Separatçılarla bağlı məhkəmə prosesində Azərbaycan dövlətinin ədalətini əks etdirən məqamlar diqqətdən yayınmır.

“Bu prosesin keçirilməsinin ictimai əhəmiyyəti də böyükdür”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli ”Bakı-Xəbər”ə bildirdi ki, erməni əsilli şəxslərin Bakı məhkəməsində Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyəti olan bir sıra məsələlər açılır. Azərbaycan ərazilərində cinayətlər törədən, bu qətliamların həyata keçirilməsinə birbaşa göstəriş verən şəxslərin adları çəkilir: “Erməni əsilli şəxslərin Bakı məhkəməsində dəfələrlə Ermənistanda separatizm, Azərbaycana düşmənçilik, insanların öldürülməsi, qətllərin, terror aktlarının təşkili proseslərinin başında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın olduğu göstərilir. Köçəryan ilk əvvəldən bu hadisələrin içində olub. Ona görə də Bakı prosesində meydana çıxan bu faktlar Köçəryanın gec-tez Azərbaycana təhvil verilməsinə imkanlar açır. Ermənistanın birinci prezidenti Ter-Petrosyanın da etirafları keçən məhkəmələrdən birində təqdim edildi, şahidlər də onun dediklərini təsdiqlədi. Məhkəmədə təqdim olunan video, foto faktlar, məlumatlar çox ciddi mətləblərdən xəbər verir. Biz bunları əvvəl də bilirdik, indi də məhkəmə vasitəsilə bütün dünyaya çatdırılır. İttiham olunan şəxslər hər şeyi açıq-aydın etiraf edirlər, kimlərdən sifariş aldıqlarını bəyan edirlər”.

F.Ələkbərli qeyd etdi ki, İkinci Qarabağ müharibəsi sadəcə Azərbaycanın ərazi bütövlüyünün bərpası, suverenliyinin təmin edilməsi deyildi, bu eyni zamanda bir çox həqiqətlərin aşkara çıxarılması deməkdi: “İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər, bu savaşda ərazi bütövlüyümüzü və konstitusion hüququmuzu bərpa etməyimiz bir çox məsələləri də aydınlaşdırdı. Xüsusən də separatçı rejim və onların rəhbərlərinin böyük bir hissəsi Azərbaycan ordusu tərəfindən həbs edilib. Onların Bakıya gətirilməsi, ədalət məhkəməsinə təhvil verilməsi hadisəsi baş verib. Bakıda keçirilən məhkəmə prosesi bir çox məsələləri gün işığına çıxarır. Yəni bir daha aydın olur ki, məhz separatçılar və onların arxasında duranlar Azərbaycan dövlətinə və xalqına qarşı təcavüz aktları həyata keçiriblər. Əslində burda təxminən 30 illik müddətdə Azərbaycan insanının bu bölgədə yaşayan böyük bir qismi terror aktlarına, işgəncələrə məruz qalıb. Bunların hamısı ayrı-ayrılıqda detallı şəkildə meydana çıxır. Bakı məhkəməsində səsləndirilən etiraflar ictimiyyət tərəfindən yaxından izlənilir. Əlbəttə, bu prosesin keçirilməsinin ictimai əhəmiyyəti də böyükdür.

Bu yalnız Azərbaycan dövləti və ictimaiyyəti üçün deyil, eyni zamanda dünya ictimaiyyəti üçün də önəmlidir. Burda söhbət təkcə vətəndaşlarımızın soyqırıma məruz qalmasından, öldürülməsindən, toplu məzarlıqlarda basdırılmasıdangetmir, həm də Azərbaycanın təbii sərvətlərinin talalanmasından, Ermənistana və başqa ölkələrə daşınmasında gedir. İşğal dövründə təbii sərvətlərimiz talanıb, mövcud infrastruktur məhv edilib, digər tərəfdən insanlarımızın bir qismi terror aktlarına, işgəncələrə məruz qalıb, dünyasını dəyişib. Görürsüz ki, nə qədər kütləvi məzarlıqlar tapılır. Biz özümüz ədaləti bərpa etdik, bərpa etdiyimiz ədaləti eyni zamanda dünyaya, beynəlxalq ictimaiyyətə də çatdırmaq bizim vəzifəmizdir. Biz bir tərəfdən Ali Baş Komandanın və ordumuzun sayəsində torpaqlarımızın bütünlüyünə nail olmuşuq, digər tərəfdən bu cinayətləri törədənləri ədalət məhkəməsinə çıxarmışıq. Bunun üçün də çətin və böyük yol qət etmişik.

Biz bu müharibədən qalib çıxmaqla bir çox həqiqətləri də ortaya çıxardıq və dünya ictimaiyyətini də məlumatlandırırıq. Ermənilər dünyaya yalan məlumatlar ötürürdü. Artıq bu məsələlərə nöqtə qoyulub. Biz həqiqətləri dünyaya çatdırmaqda davam etməliyik, geri addım atmamalıyıq. Çünki məhkəmələrdə çox ciddi məqamları ortaya çıxarır. Bu məhkəmə prosesi bizim haqlı olduğumuzu bir daha sübut edir. Bütün bunlar məhkəmə prosesində bütün detalları ilə ortaya çıxır. Separatçılar, onlara dəstək verənlər, onların bütün cinayət əməlləri faktlarla sübut olunur. Bundan kənara çıxmaq, baş verənləri başqa yerə yozmaq da mümkün deyil. Hər halda separatçıların məhkəmə prosesi bizim bu müharibədə qalib çıxmağımızın, ədalətli bir müharibənin yekununu ifadə edir.

Azərbaycan ictimaiyyəti və Azərbaycan dövlətinin bu məsələdə də maraqları, yanaşmaları üst-üstə düşür. Cəmiyyətimiz inanır ki, xalqımıza qarşı ağır cinayət törədənlərin hər biri layiq olduğu cəzanı alacaq”.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
15
baki-xeber.com

1Mənbələr