AZ

İran-İsrail arasında RƏSMİ MÜHARİBƏ OLACAQ? – "Azərbaycan 90-cı illərdə olduğunda da çətin vəziyyət yaşaya bilər"

Xəbər verdiyimiz kimi, ötən gecə İsrail İrana hava zərbələri endirib. Uzun müddətdir aralarında gərginlik olan iki dövlətin münasibətləri bu hərəkətdən sonra, yəqin ki, daha da korlanacaq. Hazırda İranın İsrailə cavabı gözlənilir. 


İki dövlət arasında rəsmi müharibə baş verəcək? Müharibə baş verərsə bu müharibədən Azərbaycan necə təsirlənəcək?


Politoloq Turan Rzayev “Referans”-a açıqlamasında bu haqda danışıb.




“Müharibənin olub-olmaması, təbii ki, tərəflər arasındakı gərginliyin artmasından asılı olacaq. İndiki məqamda Azərbaycan üçün real təhdid yoxdur. Çünki prosesin ümumiyyətlə, uzun müddət davam edəcəyini düşünmürəm. Bu sadəcə Amerikanın icazə verdiyi tərzdə İsrailin İrana qarşı təşkil etdiyi hücumdur. Diqqətlə baxsaq, hücum konkret hədəflər və şəxslər üzərində fokuslanıb. İsrail tərəfi əməliyyatın bitdiyini açıqladı. Hazırda İranın cavab zərbələri gözlənilir. Əslində, İsrailin əvvəldən niyyəti bu idi ki, İranı provakasiya etsin. İran əgər İsrailə genişmiqyaslı hücumlar Təl-Əviv bundan istifadə edib İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini tələb edəcək. Məhz bundan sonra təhdid ola bilər. İndiki məqamda xüsusi bir təhlükə görmürəma”.


Politoloq qeyd edib ki, gərginliyin miqyasının böyüməsi ilk növbədə Güney azərbaycanlı soydaşlarımızın Türkiyə və Azərbaycana axın etməsinə gətirib çıxara bilər.


“Burada əsas məsələ odur ki, Azərbaycan belə bir durumda bu qədər miqrantı qəbul edə bilməyəcək. Etsə belə, bu, iqtisadi baxımdan ciddi bir yükdür. Azərbaycan onsuz da iqtisadiyyatını sabit saxlamağa çalışan bir ölkədir. Belə bir miqrant axını Azərbaycan üçün 90-cı illərdə olduğundan da çətin bir vəziyyət yarada bilər. Buna görə də Azərbaycan İsrail və İran arasında müharibənin olmasını heç vaxt istəməyib və gərginliyin tərəfdarı olmayıb. Digər tərəfdən rəsmi müharibəyə keçilməsi və tərəflərin toqquşmalarının genişlənməsi həmsərhəd ölkələrə də təsirsiz ötüşməyəcək. Amma dediyim ki, prosesin bu qədər irəliləyəcəyini düşünmürəm. Bu, konkret bir əməliyyat idi”.

 

Fidan Vəlisoy 

Seçilən
57
referans.az

1Mənbələr