AZ

Rəqəmsallaşan relslər: Azərbaycanın strateji irəliləyişinə aparan yol

Bakı, 13 iyun, AZƏRTAC

Bu gün dünya sürətlə rəqəmsallaşır. Texnologiya artıq təkcə həyat tərzimizə deyil, dövlətlərin iqtisadi strategiyalarına, logistik planlamalarına, hətta geosiyasi mövqelərinə də birbaşa təsir göstərir.

Artıq Azərbaycan müasir dövrdə yalnız enerji və neft ölkəsi deyil. O həm də nəqliyyat və logistikanın yeni nəbzini tutmağa çalışan, qlobal tranzit marşrutlarının kritik iştirakçısına çevrilən bir məkandır. Bu çevrilmənin əsas sütunlarından biri dəmir yollarının rəqəmsallaşdırılmasıdır. Bu dəyişiklik yalnız texniki modernləşmə deyil, Azərbaycanın iqtisadi gücünün, təhlükəsizliyinin və qlobal mövqeyinin yenidən formalaşması deməkdir. Belə bir şəraitdə ölkəmizin də bu qlobal trendlərə qoşularaq dəmir yolları sistemində rəqəmsallaşmaya önəm verməsi yalnız texnoloji yenilik deyil, strateji bir zərurətdir.

İnfrastrukturun dili dəyişir: ağıllı sistemlər dövrü

Bir zamanlar buxarla çalışan qatarlar sənayeləşmənin simvolu idi. Bu gün isə dəmir yolları rəqəmsal transformasiyanın ön sıralarında gedir. Çünki müasir dünyada təkcə fiziki infrastruktur deyil, infrastrukturun dili də dəyişir – relslərin üzərində ağıllı sistemlər danışmağa başlayır. Artıq qatarların hərəkəti, yük axını və sərnişin xidmətləri sadəcə operatorlarla deyil, süni intellekt, sensorlar, avtomatlaşdırılmış platformalar və “big data” ilə idarə olunması nəqliyyat sektorunda yeni bir dövrün – ağıllı dəmir yolları dövrünün başlandığını göstərir. Məsələn, inkişaf etmiş ölkələrdə qatarlar AI alqoritmləri ilə gecikməsiz idarə olunur; İoT cihazları hər vaqonun texniki vəziyyətini real vaxtda izləyir; bulud əsaslı platformalar beynəlxalq yük axınını bir kliklə koordinasiya edir. Bu texnologiyalar artıq lüks deyil, rəqabət üçün zəruri şərtdir. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) də bu qlobal prosesdən kənarda deyil. Son illərdə həyata keçirilən layihələr ölkənin rəqəmsal dəmir yolu modelinə keçidinin başlanğıc nöqtəsi olub: Elektron bilet sistemləri və onlayn rezervasiya, yük daşımalarında GPS izləmə və elektron sənədləşmə, rəqəmsal keçidlər və gömrük prosedurlarının avtomatlaşdırılması.

Rəqəmsal həllər sərnişin xidmətləri sahəsində məlumatların real vaxt rejimində idarə olunmasına imkan verir. Məsələn, qatarların gecikmə və ya texniki problemləri barədə məlumatların sürətlə sərnişinlərə çatdırılması xidmətin keyfiyyətini artırır və istifadəçilərdə yüksək etimad yaradır. Həmçinin rəqəmsal monitorinq sistemləri vasitəsilə sərnişin axını və doluluq göstəriciləri analiz edilir, bu da nəqliyyat resurslarının optimal paylanmasına və xidmətin daha çevik idarə olunmasına şərait yaradır. Yüksək texnologiyalı siqnal sistemləri və süni intellektə əsaslanan nəzarət mexanizmləri qatarların hərəkətini real vaxtda izləyərək qəza riskini minimuma endirir. Nəticə etibarilə, ADY-ın sərnişin daşımalarında rəqəmsal texnologiyaların tətbiqi həm sərnişinlər üçün daha rahat və təhlükəsiz xidmət şəraiti yaradıb, həm də dəmir yolu sektorunun rəqabət qabiliyyətini yüksəldib. Təhlükəsizlik sahəsində də rəqəmsal sistemlər böyük irəliləyiş vəd edir. Süni intellektə əsaslanan nəzarət kameraları, avtomatlaşdırılmış siqnalizasiya sistemləri və təcili müdaxilə alqoritmləri qəza risklərini minimuma endirəcək. İnsan faktoru azaldıqca, insan həyatının təhlükəsizliyi də daha etibarlı əllərdə olacaq. Rəqəmsallaşmış dəmir yolları kibertəhlükəsizlik baxımından ciddi planlama tələb edir. Burada dövlətin informasiya suverenliyi məsələsi ön plana çıxır. Azərbaycanın milli təhlükəsizlik strategiyasında bu sistemlərin daxili resurslarla, milli proqram təminatları ilə gücləndirilməsi prioritet olmalıdır. Çünki logistik nəzarət bir ölkənin iqtisadi və hərbi gücünün birbaşa göstəricilərindən biridir.

Hər rels xətti bizi daha yaşıl bir gələcəyə aparır

İqlim dəyişikliyi XXI əsrin ən böyük qlobal çağırışlarından biridir. Bu problemin əsas mənbələrindən biri isə nəqliyyat sektorudur. Havaya buraxılan istixana qazlarının təxminən 25 faizi məhz nəqliyyat vasitələrinin payına düşür. Bu mənzərə fonunda dünyada ətraf mühitə daha az zərər vuran nəqliyyat növlərinə üstünlük verilməyə başlanıb. Onlardan biri və bəlkə də ən perspektivlisi dəmir yoludur. Nəqliyyat strategiyalarının mərkəzində dəmir yollarının dayanması bu günün deyil, gələcəyin də tələbidir. Rəqəmsallaşma ilə yanaşı, dəmir yolu nəqliyyatının inkişafı həm iqtisadi baxımdan səmərəli, həm də ekoloji baxımdan dayanıqlı bir seçimdir.

Müxtəlif tədqiqatlara əsasən, dəmir yolları avtomobil nəqliyyatı ilə müqayisədə ətraf mühitə daha az ziyan vurur. Rəqəmsal idarəetmə bu üstünlüyü gücləndirir: marşrutların optimal planlaşdırılması nəticəsində yanacaq sərfiyyatı 10-12 faiz, karbon emissiyası isə 8-10 faiz azalır. Dəmir yolları avtomobil nəqliyyatı ilə müqayisədə 3-4 dəfə daha az karbon emissiyası yaradır. Məsələn, elektrik enerjisi ilə çalışan qatarlar həm daha səmərəli işləyir, həm də səs və hava çirklənməsini əhəmiyyətli dərəcədə azaldır. Əgər bu enerjinin mənbəyi günəş, külək və hidroelektrik kimi bərpa olunan resurslardırsa, o zaman biz təkcə relslər üzərində yox, ekoloji məsuliyyət yolunda da irəliləyirik. Hər çəkilən rels xətti təkcə iqtisadiyyat üçün deyil, təmiz hava, sakit şəhərlər və sabit iqlim üçün də bir investisiyadır. Biz seçim edirik: ya tıxac və tüstü dolu şəhərlər, ya da səmərəli, təmiz və sürətli dəmir yolları ilə yaşıl bir sabah.

ADY-ın həyata keçirdiyi enerji səmərəliliyi tədbirləri nəticəsində 2023-cü ildə karbon emissiyaları 9 faiz azaldılıb, elektrikləşdirilmiş dəmir yolu xətləri 63 faizə çatdırılıb. Bu rəqəm Almaniya və İsveçrə kimi ölkələrlə müqayisədə aşağı olsa da, Qazaxıstan və Rusiya ilə müqayisədə daha yüksəkdir. Günəş panellərinin quraşdırılması və yaşıl enerjiyə keçid təşəbbüsləri ADY-ın bu sahədə strateji düşüncəyə malik olduğunu göstərir. Azərbaycanın iqlim dəyişikliklərinə qarşı öhdəliklərini yerinə yetirməsində dəmir yollarının rolu daha da artırılmalıdır. Bu baxımdan rəqəmsal transformasiya ilə yanaşı, yaşıl nəqliyyat prinsiplərinə uyğun planlaşdırma və investisiyalar da prioritet olmalıdır.

Regional tranzitin açarı rəqəmsal dəmir yollarıdır

Qloballaşan dünyada regional tranzit yalnız fiziki sərhədlərlə yox, informasiya axını ilə ölçülür. Artıq yükün hara getdiyi deyil, necə və nə qədər sürətli getdiyi əsas sualdır. Bu sualın cavabında isə bir həqiqət aydın görünür: Regional tranzitin açarı rəqəmsal dəmir yollarıdır.

Dəmir yolları uzun illərdir regionlararası ticarətin əsas arteriyasıdır. Lakin klassik infrastruktur müasir tələblərə cavab vermədikdə, daşımalar yavaşlayır, xərclər artır, rəqabət azalır. Rəqəmsallaşma isə bu maneələri aradan qaldıran bir gücdür. Bu sahədə tətbiq olunan texnologiyalar bunlardır: Real vaxt izləmə (GPS, IoT); Elektron yük sənədləri (e-CMR, e-TIR); Gömrük və sərhəd keçidlərinin rəqəmsal koordinasiyası; Tranzitin avtomatlaşdırılmış planlaşdırılması. Bu sistemlər nəticəsində tranzit yüklərinin bölgələrarası hərəkəti sürətlənir və logistika artıq fiziki yox, rəqəmsal bacarıq məsələsinə çevrilir.

ADY-ın əsas hədəflərindən biri Azərbaycanı regional tranzit qovşağına çevirməkdir. Bu baxımdan rəqəmsallaşma Orta Dəhliz üzrə daşımaların daha effektiv və izləniləbilən şəkildə həyata keçirilməsini təmin edir. Coğrafi mövqeyimiz uzun illərdir ki, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü rolunu oynayır. Ancaq bu körpünü səmərəli və gəlirli etməyin yolu artıq yalnız fiziki yollar salmaqdan deyil, həmin yolları rəqəmsal zəka ilə idarə etməkdən keçir. Hazırda ölkə ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən daşınan yüklərin ildə 1 milyon tondan artıq hissəsi rəqəmsal sistemlərlə izlənir. Bu göstəricinin yaxın üç il ərzində ikiqat artırılması planlaşdırılır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycan ərazisində rəqəmsal inteqrasiya sistemlərinin tətbiqi isə ölkəmizin logistik dəyərini regional miqyasda artırır.

Beynəlxalq ekspertlər bildirirlər ki, dəhliz boyunca rəqəmsallaşdırılmış nəqliyyat zənciri logistika xərclərini 15-20 faiz azaldır. Bu isə həm tranzit şirkətləri, həm də dövlət üçün iqtisadi gəlir deməkdir. Bir daha qeyd etmək yerinə düşər ki, bu gün dünyada yüklər sadəcə qatarla yox, rəqəmsal məlumat axını ilə hərəkət edir. Kim bu axını idarə edirsə, tranzitin sahibidir. Azərbaycan isə rəqəmsal dəmir yolları vasitəsilə bu sahədə regional liderliyə doğru irəliləyir. Regional tranzitin açarı artıq rəqəmsal sistemlərdədir və bu açarı əlində tutan ölkələr sabahın logistik mərkəzinə çevriləcəklər.

ADY gələcəkdə texnologiyaların geniş tətbiqi ilə qlobal standartlara tam uyğunlaşa bilər

Bugünkü çağırış ondan ibarətdir ki, ADY texnologiyaların geniş tətbiqi ilə gələcəkdə qlobal standartlara tam uyğunlaşa bilər. Bu yolda dünya təcrübələri həm nümunə, həm də istiqamətverici rol oynayır. Müasir dəmir yolları artıq yalnız rels və vaqonlar deyil, eyni zamanda süni intellekt, avtomatlaşdırılmış idarəetmə sistemləri, real vaxt monitorinqi və “ağıllı logistik platformalar”la işləyən kompleks texnoloji şəbəkələrdir. Bu səbəbdən, rəqəmsallaşma qlobal dəmir yolu sistemlərində konkret rəqabət üstünlüyü yaradır.

ADY tərəfindən həyata keçirilən rəqəmsallaşma strategiyası bir neçə istiqamətdə xarici ölkələrin qabaqcıl dəmir yolu şirkətləri ilə müqayisə oluna bilər: Belə ki, avtomatlaşdırılmış stansiyalar, AI əsaslı təmir sistemi və real vaxt analitikası sayəsində Almaniya dəmir yolları Avropada rəqəmsal liderdir. ADY isə bu sahədə ilkin mərhələdə olsa da, GPS izləmə sistemləri, elektron bilet satışı, onlayn logistika platformaları kimi yeniliklərlə texnoloji əsasını formalaşdırmağa başlayıb. Yaponiyanın “Shinkansen” sistemləri isə saniyə dəqiqliyi ilə işləyir. Qatar hərəkəti, texniki baxışlar və sərnişin axınları süni intellektlə optimallaşdırılır. ADY üçün bu səviyyəyə çatmaq hələ uzaq olsa da, uzunmüddətli strategiyaya uyğun olaraq texnologiyaların mərhələli tətbiqi ilə regional liderliyə namizəd olmaq mümkündür. Qonşu Qazaxıstan “Kazakhstan Temir Zholy” (KTZ) vasitəsilə Çinlə “rəqəmsal İpək Yolu”nun inteqrasiyasını sürətləndirir. Yük daşımalarında avtomatlaşdırma, tranzit marşrutlarının elektron koordinasiyası və gömrük sinxronizasiyası bu sistemin əsas güc nöqtələridir. ADY və KTZ eyni Orta Dəhlizdə fəaliyyət göstərsə də, Azərbaycanın tranzit sürəti, coğrafi üstünlüyü və Bakı Limanı kimi logistika qovşaqları rəqəmsallaşma ilə birləşərsə, beynəlxalq yük axınında əsas oyunçu rolunu gücləndirə bilər.

Müqayisələr göstərir ki, ADY-ın rəqəmsal həllərə keçidi regional səviyyədə öncül mövqedə olmaqla yanaşı, müəyyən sahələrdə qlobal təcrübəyə yaxınlaşmaqda və bəzi hallarda ona çatmaqdadır.

Qlobal relslərdə Azərbaycan imzası

ADY-ın texnologiyaların geniş tətbiqinə yönəlmiş strategiyası davamlı şəkildə həyata keçirilsə, bu, Azərbaycanın nəqliyyat sektorunda qlobal standartlara uyğunlaşmasının əsas açarı olacaq. Xarici təcrübə göstərir ki, uğur üçün təkcə fiziki infrastruktur deyil, rəqəmsal düşüncə və çevik idarəetmə sistemi lazımdır.

Yaxın gələcəkdə süni intellektlə idarə olunan qatarlar, avtomatlaşdırılmış logistik şəbəkələr, gömrük keçidlərində rəqəmsal sinxronizasiya Azərbaycan dəmir yollarında reallığa çevrilə bilər. Çünki təhlükəsiz, sürətli və rəqabətli tranzit artıq rəqəmsal relslər üzərində hərəkət edir. ADY isə bu relslərlə yalnız qlobal bazarlara deyil, eyni zamanda qlobal standartlara doğru irəliləyir. Sərnişin və yük daşımalarında tətbiq edilən rəqəmsal həllər, ekoloji davamlılıq strategiyaları və insan kapitalına qoyulan investisiyalar ADY-ni regional liderə çevirməklə yanaşı, qlobal dəmir yolu sahəsində rəqabət qabiliyyətli oyunçu olmağa yaxınlaşdırır. Rəqəmsallaşma səylərinin davam etdirilməsi və texnoloji innovasiyaların tətbiqi ilə ADY gələcəkdə Avropa və Asiya dəmir yolları ilə eyni səviyyədə xidmət göstərmək potensialına malikdir.

Qlobal təcrübə göstərir ki, rəqəmsallaşma təkcə texnika deyil, həm də idarəetmə mədəniyyətidir. ADY bu sahədə strateji planlarla irəliləyərsə, Almaniya və Yaponiya kimi texnoloji nəhənglərlə bir səviyyədə olmasa da, rəqəmsal transformasiyada irəliləmiş ölkələrlə rəqabət apara bilər. Bunun üçün texnoloji investisiyalar, kadr hazırlığı, regional sistemlərlə inteqrasiya əsas prioritetlər olmalıdır. Çünki qlobal dəmir yolları dünyası artıq relslərlə deyil, rəqəmsal siqnallarla işləyir.

Rəqəmsal relslər: ADY Azərbaycanın qlobal rəqabət mərkəzinə necə çevrilə bilər?

İpək Yolunun müasir davamı olan Orta Dəhliz XXI əsrin ən strateji nəqliyyat arteriyalarından biridir. Bu dəhlizin uğurlu işləməsində ADY açar rol oynayır. Lakin rəqabət çoxşaxəlidir – Rusiyanın Şimal Dəhlizi, Cənub marşrutları və dəniz nəqliyyatı ilə daim yarışan Orta Dəhliz sürət və texnologiya tələb edir. Məhz bu nöqtədə ADY-nin rəqəmsal transformasiyası Azərbaycanı bu dəhlizlərin rəqabət mərkəzinə çevirə bilər.

1.Rəqəmsallaşma – Dəhlizin “ürəyi”

Rəqəmsallaşmış dəmir yolu şəbəkəsi daha sürətli, şəffaf və effektiv idarəetmə deməkdir. Bu, beynəlxalq yükdaşımalarda yük hərəkətinin real vaxt izlənməsi, Elektron sənədləşmə və gömrük proseslərinin avtomatlaşdırılması, Tranzit müddətinin və risklərin azaldılması kimi üstünlükləri təmin edir. Məsələn, hazırda yük daşımalarının bir çox mərhələsi kağız üzərində aparılır. Rəqəmsallaşma bu bürokratik gecikmələri minimuma endirə, tranzit zamanı 30-40 faiz azalda bilər.

2.Vahid rəqəmsal platforma: Tək pəncərə, çox dəhliz

Azərbaycanın coğrafi mövqeyi unikal bir imkan yaradır: Ölkə həm Orta Dəhliz, həm Cənub-Şimal, həm də Şərq–Qərb marşrutlarının kəsişməsində yerləşir. Əgər ADY bu dəhlizlər üzrə vahid rəqəmsal tranzit platforması qura bilərsə, Çin və Avropa arasında tranzit yüklərin daha çoxu Azərbaycandan keçəcək; Ölkənin logistika gəlirləri artacaq; Azərbaycanın logistikası reputasiya baxımından “etibarlı və texnoloji tərəfdaş” imici qazanacaq.

3. Qlobal trendlərə uğurlu cavab

Dünya üzrə rəqəmsallaşmış dəhlizlər artıq reallıqdır: ABŞ və Avropa “Digital Corridor” layihələrinə milyardlarla dollar yatırır.

Çin öz "Digital Silk Road" strategiyası ilə Mərkəzi Asiyada rəqəmsal nəqliyyat üstünlüyü qazanmağa çalışır. Azərbaycan bu yarışda geosiyasi və rəqəmsal mövqeyini birləşdirərək, regionda mərkəz rolunu oynaya bilər. ADY-nin rəqəmsal sıçrayışı dəmir yolu ilə yanaşı, ölkənin də beynəlxalq çəkisinin artması ilə nəticələnəcək. Azərbaycanın nəqliyyat strategiyası sadəcə yollar və relslərlə deyil, rəqəmsal infrastruktura qoyulan investisiyalarla formalaşmalıdır. ADY-nin rəqəmsal transformasiyası ölkənin qlobal nəqliyyat sistemində aparıcı mərkəzə çevrilməsi üçün açardır. Əgər bu transformasiya davamlı şəkildə həyata keçirilərsə, təkcə texnoloji modernləşmə deyil, həm də iqtisadi və strateji baxımdan Azərbaycan yaxın illərdə regionun “rəqəmsal tranzit qovşağına” və qlobal dəhlizlərin rəqabət mərkəzinə çevrilə bilər.

Gələcək relslər üzərində qurulur

Azərbaycan dəmir yollarının rəqəmsallaşdırılması artıq bir niyyət deyil, icra mərhələsində olan milli prioritetdir. Bu proses ölkəmizin nəqliyyat sektorunu dünya ilə inteqrasiya etməklə yanaşı, daxili idarəetmə keyfiyyətini də artırır.

Unutmayaq ki, rəqəmsal dəmir yolları yalnız qatarların sürətini artırmır. O, Azərbaycanın iqtisadi inkişaf tempini, regional nüfuzunu və strateji gücünü yüksəldir. Bu relslər üzərində artıq yük daşınmır, gələcək daşınır.

“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”.

Seçilən
29
1
azertag.az

2Mənbələr