AZ

İranın son illərdəki itkiləri: Prezident, nazir, generallar və alimlər - SİYAHI

BAKI, 13 iyun. TELEQRAF

İyunun 13-də İsrail Hərbi Hava Qüvvələrinin İrana hücumları zamanı ölkənin 20-yə yaxın yüksək rütbəli şəxsi həyatını itirib. Ölənlər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə, ali dini rəhbərin müşaviri Əli Şamxani və “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi Qulaməli Rəşid də var.

Teleqraf xəbər verir ki, hücumlar nəticəsində İran 6 nüvə alimini itirib.

İranın nüvə proqramının aparıcı qüvvəsi - nüvə alimləri Məhəmməd Mehdi Tehrançi, Fereydun Abbasi, Əbdülhəmid Minüçöhr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fəqhi və Mətləbizadə 13 iyun hücumlarında həlak olub.

İsrailin hücumlarında ölən bəzi yüksək rütbəli şəxslərin adları hələlik açıqlanmayıb.

Bunlar İranın bir gün ərzində verdiyi ağır itkilərdir, Tehranın daha əvvəlki itkilərinin siyahısı isə daha genişdir.

İran son illərin hay-küylü sui-qəsdləri nəticəsində aşağıdakı nüfuzlu şəxslərini itirib:

- Nüvə alimi, fizika professoru Məsum Əli Muhammədi 2010-cu il yanvarın 12-də Tehranda öldürülüb.

- Elektronika üzrə mühəndis Dəriyuş Rəzaei-Nejad 2011-ci il iyulun 23-də Tehranda öldürülüb.

- Natanz nüvə obyektində kimya mühəndisi Mustafa Əhmadi-Roşan 2012-ci il yanvarın 11-də Tehranda öldürülüb.

- Nüvə fizikası üzrə mütəxssis Məcid Şəhriyari 2010-cu il noyabrın 29-da Tehranda öldürülüb.

- SEPAH-ın Livan və Suriyadakı koordinatoru Məhəmməd Rza Dağhayeq 2015-ci ildə öldürülüb.

- SEPAH-ın “İmam Rza” briqadasının komandanı general Möhsün Qacarian 2016-cı il fevralın 3-də Suriyada öldürülüb.

- SEPAH-ın “Qüds” briqadasının komandanı general mayor Qasım Süleymani 2020-ci il yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-nin xüsusi əməliyyatı ilə qətlə yetirilib.

- “İranın nüvə proqramının atası” kimi tanınan fizik Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehran yaxınlığında öldürülüb.

- SEPAH-ın Quru Qoşunlarının generalı Əbülfəzl Əlicani 2022-ci il avqustun 23-də Suriyada öldürülüb.

- SEPAH-ın “Qüds” briqadasının zabiti Həsən Sayad Xodayi 2022-ci il mayın 22-də Tehranda öldürülüb

- SEPAH-ın “Qüds” briqadası komandanının müşaviri Əli İsmailzadə 2022-ci ilin iyununda İranda öldürülüb.

- İran Müdafiə Nazirliyinin mühəndisi Ehsan Qüddüsian 2022-ci ildə öldürülüb.

- SEPAH-ın Aerokosmik Qüvvələrinin mühəndisi Əyyub Entezari 2022-ci ilin mayında İranda öldürülüb.

- İran Müdafiə Nazirliyinin mühəndisi Mehdi Musəvi 2022-ci ilin iyununda öldürülüb.

- SEPAH-ın elektron müharibə üzrə komandiri Əli Qüdrəti 2023-cü ildə Suriyada öldürülüb.

- SEPAH komandanının müşaviri Rza Musəvi 2023-cü il dekabrın 26-da Suriyada zərərsizləşdirilib.

- SEPAH generalı Məhəmməd Rza Zahedi 2024-cü il aprelin 1-də Dəməşqdə məhv edilib.

- SEPAH-ın “Qüds” briqadası komandanının müavini general Məhəmmədrza Fəllahzadə 2024-cü il oktyabrın 9-da Suriyada qətlə yetirilib.

- SEPAH-ın Suriyadakı qüvvələrinin komandiri general Kəyumərs Purhaşemi 2024-cü il noyabrın 28-də öldürülüb.

- 2024-cü il aprelin 2-də İsrailin İranın Suriyadakı konsulluğuna hücum zamanı SEPAH generalları Məhəmməd Rza Zahed və Məhəmməd Hadi Hacı Rahim həyatını itirib. Ümumilikdə konsulluğun 7 əməkdaşı ölüb.

- SEPAH komandanının müşaviri Səid Abiyar 2024-cü il iyunun 3-də Dəməşqdə öldürülüb.

- SEPAH-ın yüksək vəzifəli zabitləri Məcid Nuri və Mürtəza Səyyadi 2024-cü ildə Livanda öldürülüb.

Vərziqanda helikopter qəzası

İranın son illərdəki ən böyük itkisi 2024-cü il mayın 19-da Vərziqan yaxınlığında baş verən helikopter qəzası ilə bağlıdır.

Qəza enişi edən helikopterdə İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, ölkənin ali rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli əl-Haşimi, prezidentin mühafizə xidmətinin əməkdaşı Mehdi Musəvi, SEPAH-ın “Mehdi” batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs olub.

Qəzadan salamat çıxan olmayıb.

İran rəsmən təkzib etsə də, olayın sui-qəsd olduğu iddiaları var.

Seçilən
19
teleqraf.com

1Mənbələr