Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 13 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxs və QHT nümayəndələrinin infoturu təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir reabilitasiya vasitələri, eləcə də protez məmulatlarla təminat sahəsində görülən işlər və icra edilən layihələr barədə QHT-lərin daha ətraflı məlumatlandırılması, onların bu sahə ilə bağlı rəy və təkliflərinin öyrənilməsi məqsədi daşıyıb.
İnfotur iştirakçılarına məlumat verilib ki, postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində 3 min 600 nəfər müharibə iştirakçısı, onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin olunub və həmin xidmətlər bu gün də davam etdirilir.
Həmçinin protez istehsalı sahəsində dünyanın qabaqcıl şirkətləri olan Almaniyanın “Ottobock” və İslandiyanın “ÖSSUR” şirkətləri ilə sıx əməkdaşlıq qurularaq, 493 hərbçi 610 ədəd yüksəktexnologiyalı, son nəsil protezlə təmin olunub.
Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, əlillik sahəsində aparılan islahatlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlərlə bağlı razılıqlarını ifadə ediblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.