ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 iyun, AZƏRTAC
Barselonanın tarixi Palau Dalmases sarayında “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində Barselonadakı Azərbaycanlıları Cəmiyyəti (ASB) və Barselona Azərbaycan Evi tərəfindən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərginin məqsədi Azərbaycanın zəngin mədəni irsini, dini və etnik müxtəlifliyini sənət vasitəsilə beynəlxalq ictimaiyyətə tanıtmaqdır.
Sərgi, gənc və istedadlı fotoqraf Etibar Cəfərovun obyektivindən təqdim edilən Azərbaycan mənzərələri və insanlarını nümayiş etdirməklə, ölkənin multikultural dəyərlərinə güzgü tutub.
Açılış mərasimində Barselonanın mədəniyyət qurumlarının nümayəndələri, fotoqraflar, dizaynerlər, sənətçilər, musiqiçilər və yerli sakinlər iştirak ediblər.
Tədbirdə açılış nitqləri, fotoşəkillərin izahlı turu və Azərbaycanın milli musiqisinin müşayiəti ilə tanışlıq hissəsi təşkil olunub.
Sərgidə siyasi elmlər doktoru, Alman Jurnalistlər Assosiasiyasının (DVPJ) üzvü Dimitris Kazarnovskisin “Azərbaycanda multikulturalizm” mövzusunda məruzəsi dinlənilib.
Sərgi çərçivəsində fotoqraf Etibar Cəfərov müəllifi olduğu “Land of Multiculturalism” adlı kitabı Barselona Kitab Evinə hədiyyə edib.
Bu sərgi bir daha sübut edib ki, incəsənət fərqli mədəniyyətləri bir araya gətirən güclü vasitədir və Azərbaycan dünyada multikulturalizmin simvolu kimi öz mövqeyini qoruyur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.