ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə, 13 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün önəmindən, Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, 1993-cü ildə Azərbaycan yalnız siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.
Tədbirdə Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Böyük xilaskarlıq qayıdışı”, Fizika kafedrasının müdiri Yəhya Namazov “Müdrik siyasətin uğurlu nəticələri”, Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Nigar Məmmədlinin “Qurtuluşdan Zəfərə” mövzularında məruzələri dinlənilib.
Çıxış edənlər bildiriblər ki, 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirir. Azərbaycan azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi təmin olunmuş, beynəlxalq miqyasda nüfuzu artan qüdrətli ölkədir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.