Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 13 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” barədə növbəti məlumatlandırma tədbiri Şirvan şəhərində olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları ona cəlb etmək məqsədi daşıyıb.
İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyənlərin iştirakı ilə keçirilən tədbirdə layihənin hədəf və məqsədlərindən bəhs olunub. “Məşğulluğa dəstək layihəsi”nin əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumatlar verilib.
Layihə çərçivəsində öz bizneslərini qurmuş benefisiarların uğur hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində öz biznesini qurmaq istəyənlərə bununla bağlı müvafiq tövsiyələr verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.