AZ

İrana hücumun iqtisadi itkiləri – Heyrətləndirən rəqəmlər 

  İsrailin İrana son hücumu müxtəlif aspektlərdən şərh edilir. Məsələnin yalnız siyasi, hərbi yox, iqtisadi tərəfləri də masadadır: xüsusən beynəlxalq aviareyslərin təhlükəsizlik səbəbi ilə təxirə salınması. Artıq bir çox ölkə İrana uçuşları dayandırıb. Həmçinin, İran üzərindən gerçəkləşdirilən uçuşların marşrutu dəyişdirilib.

Bu, yalnız turizm və aviasiya sektoruna deyil, eyni zamanda İranın ümumi iqtisadiyyatına və büdcəsinə də ciddi təsir göstərir.

Uçuşların dayanması İranın gündəlik gəlir itkilərinə səbəb olmaqla yanaşı, beynəlxalq əlaqələrini daha da zəiflədir. Bəs bu hadisələr ölkəyə nə qədər ziyan vurur?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, İran uzun müddətdir ki, sanksiyalar altında yaşayır və son hücumdan sonra bu vəziyyət daha da ağırlaşıb.

İqtisadçı deyib ki, İsrailin İrana hücumları nəticəsində bəzi obyektlərə, o cümlədən limanlara və neftayırma zavodlarına ciddi ziyan dəyib:
 
“Bu səbəbdən, savaşın və hava uçuşlarının dayandırılması İrana çox böyük zərər verəcək. İranın infrastrukturu və iqtisadiyyatı milyardlarla ölçülən itkilərlə üzləşəcək. Zaman keçdikcə dəymiş ziyanın dəqiq həcmi barədə məlumatlar açıqlanacaq, lakin artıq indidən məlumdur ki, bu ziyan milyardlar dəyərində olacaq. Çünki həm hərbi obyektlər vurulub, həm də mülki infrastruktur zərər görüb. Bundan əlavə, İranın xarici bazarlara çıxış imkanları məhdudlaşacaq. Sanksiyalar daha da sərtləşib və infrastruktur obyektlərinə – limanlara və neftayırma zavodlarına endirilmiş zərbələr vəziyyəti daha da ağırlaşdırır”.

Natiq Cəfərlinin fikrincə, bundan sonra İran bərpa işləri üçün külli miqdarda vəsait sərf etməli olacaq:

“Bu, İrana gündəlik olaraq milyardlarla zərər verə bilər. Üstəlik, infrastrukturun və hərbi obyektlərin bərpası da böyük resurs və vaxt tələb edir. Söhbət çox böyük miqyaslı iqtisadi və strateji zərərdən gedir”.  

Seçilən
19
referans.az

1Mənbələr