Türkiyə İsrailin İrana hücumlarını və nəticələrini müzakirə etmək üçün hərəkətə keçib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak və MİT direktoru İbrahim Kalın Xarici İşlər Nazirliyində bir araya gəlib.
Saat 14:30-da başlayan iclasda İsrailin İrana hava hücumları ilə başlayan proses və bunun mümkün nəticələri müzakirə edilir.
Qeyd edək ki, İsrail səhər saatlarında İranın paytaxtı Tehran, Təbrizə, İsfahandakı Natanz nüvə obyektinə, Luristan, Kirmanşah, Şiraz, Xuzistan, Həmədan və Qum şəhərlərinə hücumlar təşkil edib.
Hücumlarda İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı, general-mayor Hüseyn Səlami, "Xatemul Ənbiya" Mərkəzi Qərargahının komandanı Qulaməli Rəşid, İnqilab Keşikçiləri Korpusunun Hava və Kosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə də daxil olmaqla yüksək rütbəli hərbçilər və 6 nüvə alimi həyatını itirib.
İsrail ordusu hücumlarda 200-dən çox döyüş təyyarəsinin iştirak etdiyini açıqlayıb və pilotsuz uçuş aparatlarından da istifadə edildiyi qeyd edilib.
Musavat.com



