AZ

Çinə viza hələ ləğv olunmayıb So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

- Dəyərli izləyicilər. Xəbər verdiyimiz kimi, mayın 29-31-də Naxçıvanda MEDİAFEST-2025 tədbirlərində mən də iştirak etdim. Bununla bağlı elə Naxçıvanda olarkən 9 dəqiqəlik video çəkərək bir dəyərləndirmə etdim, TikTok və feysbukda paylaşdım. Artıq minlərlə baxış var, şərhlər yazılır, çoxluq bizim fikirlərimizi bəyənir. Təəssüf ki, 3-5 nəfər də bizimlə küçə dilində danışmağa çalışır. Amma sözüm bunda deyil.

Xüsusi olaraq vurğulamaq istərdim ki, MEDİAFEST-2025 tədbirləri çox yüksək səviyyədə təşkil edilmişdi. Sayını dəqiq bilməsəm də, Bakıdan bir təyyarə dolusu qonaq getmişdik. İlk andan bizə göstərilən diqqət, qayğı xüsusi vurğulanmalıdır.

Təşkilatçılıq möhtəşəm idi. Tədbirlər, görüşlər, gəzintilər ən yüksək səviyyədə təşkil edilmişdi.

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə of-rekord görüşümüzü isə ayrıca dəyərləndirmək istərdim. Olduqca açıq söhbətlər, Naxçıvandakı gerçək duruma işıq tutacaq fikirlər yer aldı bu görüşdə. Ən əsası odur ki, Fuad Nəcəflinin özü duruma tənqidi münasibətini dilə gətirdi, problemlər haqqında açıq danışdı və biz də bunu təqdir etdik.

İndi evimizdəyik, amma xoş təəssüratlar bitmir. Belə anlayıram ki, MEDİAFEST-2025 Naxçıvana yeni bir canlanma gətirib. Artıq neçə gündür ki, Naxçıvan müzakirə edilir. Halbuki illər öncə Naxçıvanla bağlı nəsə demək, yazmaq elə də asan deyildi. Ümumiyyətlə ora gedib-gəlmək belə problem idi. Amma indi Naxçıvan yeni açılıma ev sahibliyi edir.

Bu gözəl tədbirlərə bizi də dəvət etdiklərinə görə MEDİAFEST-2025 Naxçıvan mərhələsinin təşkilatçıları olan Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi, həmçinin Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurası və başda baş redaktor Sara xanım olmaqla "Şərq qapısı" qəzetinin o möhtəşəm kollektivinə təşəkkür edirəm. Həqiqətən möhtəşəm bir işi ən yüksək səviyyədə bacardınız.

Biz bu səfərdən sonra Naxçıvanı yenidən kəşf etdik, bir ayrı cür sevdik. Az qalıb, çox yaxında Zəngəzur dəhlizi də açılacaq və quru yolla, həm də tez-tez oralara gəlib-gedəcəyik.

İlhamiyyə Rza, jurnalist:

- İşimlə bağlı mütəmadi olaraq bölgələrimizə səfər edirəm. Bir "kısmat" yemək üçün ictimai iaşə yerlərində dayandığımızda elə səviyyəsiz, eybəcər "musiqilər" dinləməli oluram ki... Bilmirsən hara qaçasan bu əfqanhindqaraçı musiqisinin əlindən. Buna bir nəzarət edən olmalıdırmı? Və bu nəzarəti necə həyata keçirmək olar? Amma lütfən gəlib burda yazmayın ki, TV-lərdə də belə musiqilər var. Qatıb qarışdırmayaq. Dəqiq, konkret sual verirəm: baxın, indi kimsə gəlib bu yeməkxanalardan birində söyüş söysə, nəsə edəcəksiniz, bədəbəddə polis çağıracaqsınız, düzdü? Bəs bu ruhumuzu söyən musiqifasondan necə, nə cür qurtulaq?

Fərid Pərdəşünas, texnobloger:

- Pasportumun son səhifəsinin son vizası Çin vizası oldu. "Bəs Çinə viza ləğv olunmuşdu" sualını verdiyinizi hiss edirəm.

Təəssüf ki, media informasiyanı doğru təhlil edərək çatdırmır. "Çinə viza ləğv olunur" söhbəti çıxandan sonra bəlkə 5 dəfə "Çinə viza ləğv olundu" başlığında xəbərlər çıxıb. Amma Çinə viza hələ də ləğv olunmayıb.

Şəxsən biz də ləğv xəbərini alan kimi Çinə bilet aldıq. Lakin uzun müddət keçdi və uçuş tarixi yaxınlaşsa da, viza hələ də qüvvədədir. Bu səbəbdən adam başı 400 manat xərc çəkib, viza almalı olduq.

Çox təəssüf edirəm ki, hüquqşünas və jurnalistlər hələ də xəbərləri doğru izah etmirlər. Bu sənədi Milli Məclisdən sonra Prezident də təsdiqlədi. Lakin düşünürəm ki, bu da hələ tam ləğv deyil. Sənəd Çin tərəfindən də "ratifikasiya" olunmalıdır.

Yekun olaraq, Çinə viza ləğv olunur, amma hələ ləğv olunmayıb. Yəni nə zamankı ki, Çinə vizasız girəcəyik, onda "ləğv olundu" xəbərini yazmaq doğru olar. Əks halda insanlar yanlış istiqamətlənirlər və bilet alırlar.

Bunu yaşadım deyə sizinlə bölüşürəm ki, faydalı olsun. İlk azərbaycanlı vizasız Çinə girməmiş, uçuş bileti almayın. Və ya tam tarix qeyd olunan açıqlamanı gözləyin.

Sahila Yaya, jurnalist:

- Gürcüstandakı kitab sərgisindəki iştirakımızdan sonra başqa səfərlərim oldu deyə yazmaq imkanı tapmadım. Qısaca yazım. Öncə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müasir müəllifləri sərgilərə göndərdiyi üçün təşəkkür edirəm. Bu sahədə atdıqları addımlar daha böyük, daha faydalı olsun!

Gürcüstanda kitab oxuyan əlindən tərpənmək olmur deyirdilər - görmədik. Bizim kitab sərgiləri qat-qat böyük və izdihamlıdır. Ümumiyyətlə müqayisəyə gəlmir. Xarici stendlər olduqca az idi.

Açılış və s. olduqca zəif idi.

Kitablar, xüsusilə ingilis dilində olanlar bizlə müqayisədə xeyli baha idi.

Müxalif yönümlü böyük nəşriyyatlar iştirak etmir dedilər, 20-30 faiz bunun təsiri ola bilər. Amma ümumilikdə bizimlə müqayisədə gürcülər oxuyan xalqdır tipli xeyli cümlə eşitmişdim, görmədim.

Bir stend hədiyyə kuponu verirdi. Kimin kuponunu? Bizim SOCAR-ın. SOCAR Gürcüstanın sosial məsuliyyət strategiyasını və fəaliyyətini çox bəyəndim. Gürcüstandakı soydaşlarımızla bağlı çox böyük işlər görürlər.

Səfirimiz çox diqqətli idi, bir neçə tədbirə qatıldı, kitablarımızla maraqla tanış oldu.

Bir daha səfər yoldaşlarımıza, səfirlik nümayəndələrinə, ədiblərimizin ev-muzeylərindəki əməkdaşlara, bizimlə görüşməyə gələn soydaşlarımıza təşəkkür edirəm.

Səddam Laçın, şair:

- Dünəndən xalqımının gözəl qızlarının, igid oğullarının qəlbinə qəm toxumu səpən, kədərdən başını divarlara vurduran, bir neçəsini xəstəxanalıq edən Alim Qasımovun "rep"inə qulaq asdım. Gördüm ki, bu zati-möhtərəm məclislərin birində özü üçün şadyanalıq edib, həm oxuyub, həm oynayıb. Bəs bu qədər məsxərəyə, bu qədər etiraza nə lüzum? Yoxsa siz yatanda da qalstukla yatırsız?

Axı o, bunları peşəkar səhnədə etmir. Çıxıb Heydər Əliyev sarayında belə oxusa, mən də sizə qoşularam. Bu ki toydu. Ovuc içi boyda bir ölkədə yaşayırıq.  Hamımız bir-birimizi görürük. Toyda, yasda qarşılaşırıq.

"Dal təkərə mıx batıb, qabaqkı çoxdan yatıb" deyə-deyə oynayırıq, tanımadığımız Əjdər əmini rəqsə dəvət edirik. Deyirik, gülürük, əylənirik.

Firuz Mustafa, yazıçı:

- SOS!

Hərdən adama elə gəlir ki, hansısa "mərkəzdən" Azərbaycanın tarixini təhrif və təftiş etmək haqqında müəyyən kəslərə göstərişlər verilməkdədir. Və bu kəslər elə bir yandan millətin tarixini və tarixi şəxsiyyətlərini aşağılamaqla məşğuldur.

İndi bir anlığa düşünün, belə çıxır ki,..

Babəki ərəb xilafətinə qarşı vuruşduğuna görə,

Nizami və Xaqanini farsca yazdığına görə,

Nəsimi və Füzulini Azərbaycandan "kənarda" yaşadığına görə,

Xətaini şiəliyə görə,

Vaqifi vəzir olduğuna görə,

Bakıxanovu, Axundovu, Qutqaşınlını çar çanişinliyində çalışdığına görə,

Mirzə Cəlili və Mirzə Ələkbər Sabiri nöqsanlarımızı ifşa etdiyinə görə,

Sovet dövründə yaşamış sənətkarlarımızı "sosrealizm" üslubunda yazdıqlarına görə... biz indi ittiham etməliyik? Ta bu qədər də yox...

Xülasə, tariximizi təhrif etmək - bizim öz tariximizi tarixdən silmək deyildirmi?

Asif Nərimanlı, jurnalist:

- İrandan sonra Fransanın da Zəngəzurda konsulluq açması, Rusiyanın isə buna nail olmaq üçün israr etməsinin siyasi səbəbləri olsa da, konsulluqların praktiki müstəvidə hansı fəaliyyəti göstərdiyi əvvəldən şübhəli olub. Çünki bölgədə İran və Fransa vətəndaşları yaşamır, yaxud sayları konsulluq xidməti açmağı zəruri edəcək qədər deyil.

Ermənistan mediasında yayılan bir məlumat (bilərəkdən, yaxud bilməyərəkdən) İranın Zəngəzurda - Qafandakı baş konsulluğunun gerçək fəaliyyətinə dair əvvəldən təxmin edilən şübhələri yenidən aktuallaşdırır.

Erməni türkoloq Varujan Qeqamyan Ermənistanda baş verən proseslərlə bağlı geniş müsahibəsində Fransanın Zəngəzurda konsulluq açmasından da danışır, bu addımın bölgənin təhlükəsiziyində heç bir rol oynamadığından bəhs edir və əlavə edir: "İran konsulluğu tərəfindən isə real işlər görülür, hətta hərbi təlimlər təşkil edilir".

Ermənistanın təhlükəsizliyinin Tehranla əməkdaşlıq çərçivəsində təmin edilməsinin tərəfdarlarından olan Qeqamyanın məqsədi konsulluğunun gerçək fəaliyyətini ifşa etmək yox, İranın əhəmiyyətini təbliğ etməkdir. Bu baxımdan, onun açıqladığı məlumatın iddia yox, fakt olması ehtimalı daha yüksəkdir.

Tehranın Ermənistanda Rusiyanın təhlükəsizlik rolunu üzərinə götürmək və Zəngəzurda hərbi baza qurmaq niyyəti 44 günlük müharibədən sonra aktuallaşıb. Lakin rəsmi İrəvanın Tehranla hərbi əməkdaşlığı həm Rusiya, həm də Qərb amilinə görə açıq müstəvidə həyata keçirməsinin çətinlikləri var. Mümkündür ki, İranın Zəngəzurda hərbi fəaliyyətlərinin koordinasiya mərkəzi olaraq fəaliyyət göstərən konsulluq bu əməkdaşlıqda çətir rolunu oynayır.

Mir Səməd, bloger:

- Bu, bir qəribə hekayədir, bilmirsən ağlayasan, ya güləsən.

1705-ci ildə irlandiyalı Marcori Makkoll qızdırmadan vəfat edir və xəstəliyin yayılmaması üçün tez bir zamanda dəfn edilir. 

Qadını tabuta qoyurlar, barmağındakı qiymətli üzüyü həyat yoldaşı nə qədər çalışsa da, şişmiş barmaqdan çıxara bilmir.

Bu xəbər ətrafa yayılır. Elə həmin axşam, goreşənlər isti-isti qəbri açıb, tabutu yuxarı qaldırırlar.

Amma onlar da üzüyü çıxara bilmir və barmağı kəsməyi qərara alırlar.

Barmağı kəsəndə, qadın kliniki ölümdən ayılır, durur oturur və qışqırmağa başlayır.

Oğruları az qala infarkt vursun, arxalarına baxmadan qaçıb, dağılışırlar.

Marcori tabutdam çıxır və evə yollanır.

Qadının həyat yoldaşı Con uşaqlarla evdə idi, bu vaxt qapı döyülür.

Kişi qəmli halda uşaqlara deyir,  əgər ananız ölməsəydi, 100 faiz deyərdim ki, bu onun qapı döyməsidir.

Durur qapını açmağa, görür ki, barmağından qan axan arvadı qapıda dayanıb.

Qəfildən kişi yıxılır yerə və canını tapşırır.

Conu elə həmin azad olunmuş qəbirdə dəfn edirlər. Marcori bundan sonra uzun müddət ömür sürür, yenidən ərə gedir və başqa uşaqlar da dünyaya gətirir.

Nəhayət, vəfat edəndə, elə həmin qəbiristanlıqda dəfn olunur. Onun sinə daşı hələ də yerindədir.

Daşın üzərində yazılıb,

Ömür sürüb bir dəfə, dəfn olunub iki dəfə.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr