525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bayram MƏMMƏDOV Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Tarix üçün illər, on illər, yüz illər də böyük vaxt deməkdir. Yaşanılanlar unudulmursa, yaşadılırsa, yaddaşlarda da qalır, tarixdə də. 80 il az tarix deyil, böyük tarix də deyil. O tarixdə dünənlərimiz var, dünənlərimizdən bu günlərimizə can yandıranlarımızın xatirələri var. O xatirələr də tarixdi...
Firudin Nuru oğlu Allahverdiyev 1921-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuşdu. Burada ibtidai təhsil almışdı, 1939-cu ildə Qubadlı rayonunun Xocahan kənd orta məktəbini bitirmişdi. Azərbaycanı silkələyən 37-dən sonra dünyanı silkələyən 39 gəlmişdi. Firudin Nuru oğlu həmin il hərbi xidmətə çağırıldı. Tərxis edilib Zəngilana qayıtdı. Düz-əməlli "nəfəs dərməmiş" 41-in iyun ayının 22-sinin səhəri açıldı. Güllələrlə, mərmilərlə, bombalarla, qırğınlarla. Firudin Nuru oğlu da müharibəyə aparıldı...
Müharibənin yolları hər əsgər üçün müxtəlif dolaylardan keçirdi. Döyüş yolları bu dolaylardan keçib müharibəyə aparırdı. Firudin Nuru oğlu Tbilisi şəhərində birillik hərbi-siyası kursda təhsil aldı. Müharibədə zabit kimi xidmət edəcəkdi. Oxuyurdu, təhsildən sonra harada xidmət edəcəyini - döyüşəcəyini düşünmədən hərbi təhsil alırdı. Böyük qardaşı Səlimin döyüşlərdə həlak olması qəlbini qana döndərmişdi, döyüş əzmini, qələbə ruhunu artırmışdı. İndi döyüşlərə gedəcəyi günü daha səbirsizliklə gözləyirdi. Hərbi təhsilini bu ovqatla bitirdi. Bilirdi ki, bu müharibə caynaqlı müharibədi, uzun çəkəcək. Onu da bilirdi ki, o da ordunun zabiti kimi qətiyyətlə döyüşəcək, Azərbaycanın adı üçün döyüşəcək, ata adına, el-obaya başucalığı gətirməklə döyüşəcək, qardaşının ruhunu da yanında bilib döyüşəcək...
Kiçik leytanat hərbi rütbəsi ilə əvvəlcə 416-cı Taqanroq diviziyasının tərkibində, sonra Şimali Qafqaz və Stalinqrad istiqamətində 18-ci Ordunun 82-ci atıcı diviziyanın 3-cü əlahiddə taborunda bölmə komandiri, sonra 3-cü əlahiddə taborunun bölük komandirinin şəxsi heyət üzrə müavini, 148-ci atıcı diviziyanın əlahiddə zenit-pulemyot bölüyünün taqım komandiri kimi döyüşdü...
Döyüşlərdə azca fasilə yarananda Azərbaycanı düşünürdü, Zəngilanı düşünürdü, Alibəylini düşünürdü, camaatın güzəranını düşünürdü. Hamı kimi o da çətin günün ömrünün az olmadığına yanıb-yaxılırdı. Müharibə başa çatınca ağrılar yaşanılacağını o da gümanlayırdı. Düşünürdü ki, müharibədə, döyüşlərdə də belə olacaq, müharibədən uzaqlarda da...
Mozdokda döyüşmüşdü. Krasnodarda döyüşmüşdü, Novorossiyskdə döyüşmüşdü. Qələbələr onun da ruhunu sabahkı döyüşlərə kökləmişdi.
82-ci atıcı diviziya Novorossiyskin sağ cinahında müdafiə döyüşləri aparırdı. Faşistlər bu şəhəri işğal etmək, ordu hissələrimiz, bu baxımdan 82-ci diviziya düşmənin hücumunun qarşısını almaq üçün qətiyyətlə döyüşürdü. Komandanlığın əmri ilə döyüşdə dönüş yaratmaq üçün düşmənin hücum sistemi, mövqeləri haqqında müfəssəl kəşfiyyat məlumatları əldə edilməli idi. İlk cəhdlər alınmamışdı. Diviziya komandirinin əmri ilə batalyon səviyyəsində kəşfiyyat təşkil edildi. Bu, açıq kəşfiyyat idi. Batalyon (indiki tabor) düşmənin mövqelərinin 200-300 metrliyindəydi. Döyüşsüz saatlar psixoloji ağırlıqla keçirdi. Döyüşçülərimiz səhərə yaxın, düşmənin gözləmədiyi məqamda hücuma keçəcəkdi. Firudinin bölməsinə "dil" gətirmək tapşırığı verilmişdi. Bilirdilər ki, bu tapşırıq hücumun vaxtını da, istiqamətini də dəqiqləşdirməyə gərəkli olacaq. Yəni gətirilən "dil"dən öyrənilənlər əsasında həyata keçiriləcək hücum qələbəni təmin edəcəkdi...
Firudin Allahverdiyevin komandirliyi ilə "dil" gətirildi, həm də itki verilmədən. Alman zabiti komandanlığı maraqlandıran suallara ətraflı cavab verdi...
Sürətli hücumla düşməni geri çəkilməyə məcbur etdilər...
Bu əməliyyatadək sinəsini İgidliyə görə medalı bəzəyən kiçik leytenant Firudin Allahverdiyev əldə edilən vacib qələbəyə görə "Qırmızı ulduz" ordeni ilə təltif edildi...
Müharibə davam edirdi. Düşmən işğal etdiyi şəhərlərdən döyüşlə uzaqlaşdırılırdı. Kiçik leytenant Firudin Allahverdiyevə leytenant hərbi rütbəsi verilmişdi. Döyüşlərdə qətiyyətlə döyüşməyən, komandiri olduğu hərbi bölüyə bacarıqla rəhbərlik edə bilməyən zabitə növbədənkənar, həm də ağır döyüşlər getdiyi bir vaxtda hərbi rütbə verilməzdi. Leytenant Firudin Allahverdiyev 148-ci atıcı diviziyanın əlahiddə zenit-pulemyot bölüyünün taqım komandiri təyin edildi. Bu təyinatdan bir həftə ötməmiş bölüyə döyüş əmri verildi. Uzun çəkməyən döyüşdə düşmənin nizamı pozuldu, ciddi itki verən düşmən mövqedən sıxışdırıldı, batalyonun döyüş fəaliyyətinə əlverişli şərait yarandı...
Növbəti əməliyyatların birində düşmənin iki qırıcı təyyarəsini, tankını və xeyli canlı qüvvəsini sıradan çıxardıqlarına görə bir neçə döyüşçü müxtəlif mükafatlara, taqım komandiri Firudin Allahverdiyev isə "Birinci dərəcəli Vətən müharibəsi" ordeninə layiq görüldü. Komandirləri azərbaycanlı leytenantın döyüş bacarığı, zabit kimi bölüyü döyüşə aparma və döyüşü təşkil etmə məharətini yüksək dəyərləndirirdi.
Diviziya Polşanın və Çexoslavakiyanın faşistlərdən təmizlənməsi döyüşlərində də iştirak etdi. Komandiri leytenant Firudin Allahverdiyev olan bölük də qətiyyətlə döyüşürdü. Praqa şəhərinin azad edilməsi uğrunda ağır döyüşlərdə də bu bölük mərdliklə döyüşdü. Göstərdiyi igidliyə görə "İkinci dərəcəli Vətən müharibəsi" ordeni ilə təltif edildi.
Praqa uğrunda son döyüşdə yaralanan Firudin Allahverdiyev müalicə olundu, yenidən döyüşlərə, qələbəyə aparacaq döyüş yoluna qayıtdı. Bölüyün döyüşçüləri komandirlərinin qayıdışını mövqe qələbəsi ilə qarşıladı...
İkinci Dünya müharibəsinin tarixi sənədlərdi, hadisələrdi, zamanında qeyd edilmiş xronikalardı. Əsgər məktubları da müharibə tarixinin öyrənilməsi baxımından gərəklidi. Milyonlarla məktub bəzən döyüşlərin gedişi haqqında da müfəssəl məlumatlar deməkdi. Döyüşlərə Zəngilandan göndərilmiş Firudin Allahverdiyevin məktubları da belə məktublar olub. Zamanında oxunub, onun məktublarında bəlkə də zamanında 416-cı Taqanroq diviziyasının, 82-ci atıcı diviziyasın 3-cü əlahiddə taborunun döyüş yolları haqqında məlum olmayan faktlar da varmış. Baş leytenant Firudin Allahverdiyev məktublarında döyüşlərin gedişindən də söz açardı, bəzi faktları da qeyd edərdi, fərqlənən döyüşçülərin kimliyini də bildirərdi. Bu, onun necə komandir olduğunun təsdiqi idi. Təəssüflər ki, minlərlə ailədə on minlərlə belə məktublar olub, ancaq tarix üçün sənədləşdirilməyib. O məktublarda yazılanların bəziləri indi təəssürat kimi yaşadılır. Zamanında Firudin müəllimin müharibə, döyüş təəssüratlarını mən də dinləmişəm, Zəngilan taborunun döyüşçüləri də dinləmişdi. O təəssüratlar döyüşçülərimizin döyüş əzminə dönərdi, qələbə ruhuna dönərdi; veteranın Azərbaycana sevgisi döyüşçülərin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində vasitə olardı...
İkinci Dünya müharibəsi başa çatdı. Faşizm üzərində tarixi qələbə qazanıldı. Firudin Allahverdiyev 1946-cı il iyunun 20-də tərxis olundu. Onu döyüşlərə sıravi əsgər kimi aparan yol Azərbaycana, Zəngilana zabit kimi qaytarırdı. Qalib zabit kimi, igidliklə döyşmüş hərbçi kimi qaytarırdı.
Müharibə veteranı baş leytenant Firudin Allahverdiyev Azərbaycana qayıtdı. Ruh cana qayıdan təki qayıtdı. Beş il çəkən döyüşlərdən həsrətinin ünvanına qayıtdı. Müəllim olmaq istəyi ilə 1953-cü ildə Ağdam ikiillik pedaqoji məktəbini bitirdi. Şagirdlərinə dərs deyəcəkdi, onların Vətənə sevgi ruhunda formalaşmasına çalışanların sırasında olacaqdı.
1963-cü ildə pedaqoji prosesdən ayrılmadan V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universitetini) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirdi. Rayon xalq maarif şöbəsində metodist, Rəzdərə, Havalı və Malatkeşin kənd məktəblərində direktor, Alıbəyli, Məmmədbəyli, Zərnəli, Keçikli kənd məktəblərində və Zəngilan şəhər 1 nömrəli 8 illik məktəbində müəllim işlədi. Son iş yeri Zəngilan şəhər orta məktəbində hərbi hazırlıq müəllimi oldu. Bu sadə, səmimi, xeyirxah, nəcib insan mənim də ibtidai hərbi hazırlıq müəllimim kimi yurdsevərlik hisslərimizin formalaşmasında, hərbçi peşəsinə isti münasibətimizin yaranmasında bütün bilik və bacarığını, zəngin həyat və döyüş təcrübəsini verirdi.
Ermənistan Azərbaycana qarşı ədalətsiz müharibəyə başlayanda Zəngilanda da ərazi özünümüdafiə taboru yaradıldı. Mən həmin taborun komandiri idim. Zəngilanı sevənlər bu taborun sıralarında döyüşürdü, döyüşməyə imkanı olmayanların ruhu döyüşənlərin sırasındaydı. Yaşlılar, ağsaqqallar, yeniyetmələr həmişə döyüşçülərin yanına can atardılar. Bu, döyüşənlərin döyüş əzmini də artırırdı, qələbə ruhunu da. Firudin müəllim dəfələrlə mövqelərə gəlmişdi. Döyüşçülər onun gəlişini "Oğul, Vətən əmanəti!" tapşırması bilərdi...
Zəngilan işğal olunanda göz yaşı ürəyinə axanlardan biri də Firudin müəllim oldu. Zəngilanın mühasirədə qalması, müdafiə döyüşləri, camaatın Araz çayını minbir zillətlə keçməsi, İran ərazisindən zülmlərlə Azərbaycanın müxtəlif rayonlarına səpələnməsi onun da heysiyyətini silkələyirdi. O da "Ordumuz torpaqlarımızı işğaldan azad edəcək, biz ev-eşiyimizə qayıdacağıq!" ümidi ilə yaşayırdı. Bu ümid döyüşçülərə vətənpərvərlik dərsi olurdu. Zəngilan alayının hücumunun səhərisi gün qürurla döyüşçüləri bağrına basan bu el ağsaqqalının kirpiklərində iki damla göz yaşı da görünmüşdü...
Firudin Allahverdiyev həm də gözəl ailə başçısı olub. Həyat yoldaşı İpək müəllimlə birlikdə altı övladının kamil vətəndaş kimi formalaşmasını təmin etmişdi, övladları valideynlərinin ömrünün işığı olmaqla ali və orta ixtisas təhsili almışdı. Firudin müəllim onlarla qürurlanırdı...
Müharibə və əmək veteranı Firudin Allahverdiyev 2007-ci il avqustun 1-də vəfat etdi...
Firudin müəllim unudulmur, ehtiramla xatırlanır. Onu İkinci Dünya müharibəsində döyüş yoldaşı olanların nəvələri də xatırlayır. Tarix unudulmur. Tarixi unutmuruq. İkinci Dünya müharibəsini də, qazanılan qələbəni də, döyüşlərdə iştirak etmiş azərbaycanlıları da unutmuruq. Firudin Allahverdiyev də unudulmur, unudulmayacaq...
Firudin müəllim İkinci Dünya müharibəsində zabit kimi döyüşdü, qələbədən sonra müəllim işlədi, bir ömür əsl vətəndaş kimi yaşadı...
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.