AZ

DİQQƏT! Rusiya və Azərbaycan ARASINDA GƏRGİNLİK GÖZLƏNİLİR

"Rusiya Azərbaycanın Krımı və yeni regionları, yəni Ukraynanın işğal edilmiş digər əraziləri tanımasına ümid edir. Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanmadan sadəcə atəşkəs əldə olunsa və cəbhəboyu münaqişə dayandırılsa, bura Ermənistanla Azərbaycan arasında Qarabağ kimi “mübahisəli” əraziyə çevriləcək".


Bu günlərdə bu fikirləri Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski ifadə edib. Medinskinin işğal olunmuş Ukrayna ərazilərini Qarabağla müqayisə edən bəyanatı rəsmi Moskvanın müəyyən şərtlər daxilində sülhə imza atmağa hazır olduğunu göstərir. Ümumiyyətlə rəsmi Kremlin bu mövqeyi ilə Azərbaycana nəyi diktə etmək istəyir? Azərbaycanın bu mövzuda konkret mövqeyi nədən ibarət olmalıdır?  


Mövzu ilə bağlı AĞ partiya başqanı Tural Abbaslı Referans-a açıqlamasında bildirib ki, Rusiya Ukrayna ilə artıq atəşkəs imzalayacağını bilir. Ukrayna da əslində Rusiya ilə atəşkəs imzalamalıdır. Çünki müharibənin uzanması hər iki dövlətə böyük zərbələr vurur. Bir gün ərzində müharibənin davam eləməsi bəlkə də, aylarla o dövlətlərin geriyə düşməsinə səbəb olur. Dünya da artıq Rusiya-Ukrayna müharibəsindən yorulub. Ona görə hər iki dövlətə bu və ya digər formada atəşkəsin imzalanmasıyla bağlı basqılar var.  Rusiya və Ukrayna artıq masada əyləşirlər. Düzdü indi ən yüksək tərkibdə olmasa da indi hər-halda əsir mübadiləsi və cəsədlərin mübadiləsilə bağlı bir masaya əyləşirlər. Belə deyək arada Türkiyə vasitəçi kimi ölkələr də var. Rusiya da bilir ki, əvvəl-axır bu masaya oturacaq və atəşkəs imzalanacaq. Sülhün olacağına inanmıram atəşkəsin, yəni atəşin dayanmasının, işğalın dayanmasının, insanların qətlinin dayanması məcburidir. 


Tural Abbaslının qənaətinə görə, Rusiya çalışır ki bu atəşkəs masasına oturana qədər əlini gücləndirsin. Təbii ki, bu Rusiyanın əlini gücləndirəcək amillərdən biri də onun artıq ilhaq elədiyi yəni, işğal edib sonradan öz ərazilərinə qatdığı əraziləri nə qədər çox dövlət tanıyır. Bu da Rusiyanın əlini  gücləndirəcək. Məsələn Rusiya masaya oturanda deyəcək ki,  dünya dövlətlərindən ən azı 60-70 ölkə bu əraziləri Rusiya ərazisi kimi tanıyır və bu amil Rusiyanın mövqeyini gücləndirə bilər. Ona görə də Rusiya təsiretmə imkanı olduğunu düşündüyü bütün ölkələrə belə təkliflər, təzyiqlər və basqılar eləməyə çalışacaq.


Partiya sədri hesab edir ki, Azərbaycan artıq belə təzyiqlərin qərar verə biləcək dövlətdir. Yəni ümumiyyətlə  Krımla Qarabağı və digər işğal olunmuş ərazilərlə Qarabağı bənzətmək, müqayisə eləmək də uğursuzdur. Çünki ora bizim ərazilər idi və biz oranı artıq azad eləmişik və bu mübahisə mövzusu deyil. Biz artıq dünyanın heç bir ölkəsində Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını xahiş eləmirik. Çünki bu faktdır. Bunu tanısalar da belədir, tanımasalar da belədir. Biz Zəngəzur məsələsinin danışa bilərik, Göyçə məsələsini danışa bilərik, Dərələyəzi danışa bilərik. Yoxsa Qarabağ məsələsi artıq Azərbaycanın keçmiş məsələsidir. Azərbaycanın Qarabağ problemi yoxdur. Bunun tanınması məsələsi də yoxdur. 


Müsahibimiz deyib ki, Rusiya sadəcə guya dünyaya tanış konfliktlər üzərindən öz arqumentlərini səsləndirir. Eyni zamanda Azərbaycanı da öz təbirincə təhdid edir ki, sən Krımı tanımasan mən də Qarabağ tanımaram. Bu da çox bəsit təhdid formasıdır. Azərbaycan seçimi nə olmalıdır məsələsinə gəldikdə, bilirsiniz ki, burada bir çox Azərbaycan vətəndaşları, politoloqlar, siyasətçilər birmənalı olaraq deyəcəklər ki, Ukraynanın ərazi bütövlüyünü tanımalıyıq. Həmin ərazilər Ukraynanın ərazisidir. Biz Rusiyanı basqısına baxmadan həmin əraziləri Rusiya əraziləri kimi tanıya bilmərik.


Tural Abbaslı onu da vurğulayıb ki, Azərbaycanın bu məsələdə tutacağı mövqe Azərbaycan maraqlarından irəli gəlməlidir. Yəni Azərbaycan maraqları harada olacaqsa, Azərbaycan maraqları nəyi diqtə edəcəksə biz də onun yanında olmalıyıq. Yəni Rusiyanın və ya Ukraynanın maraqlarını güdməli deyilik.




"Biz öz maraqlarımızı güdməliyik. Məsələn biz Krımı Rusiyanın ərazisi kimi tanıyaq, amma o şərtlə ki, Rusiya da Zəngəzuru Azərbaycanın ərazisi kimi tanısın. Məsələn mən bir siyasətçi kimi belə bir təqdirdə əgər Rusiya Zəngəzuru Azərbaycan ərasizi kimi tanımağa hazırdırsa, biz də onun qarşılığında digər əraziləri yox, tək Krımı Rusiyanın ərasizi kimi tanıya bilərik. Niyə də yox. Burada əsasən Azərbaycan maraqları öndə olmalıdır", - deyə partiya sədri əlavə edib.


Bünyamin Bünyadzadə

Referans

Seçilən
21
referans.az

1Mənbələr