ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.
İyunun 13-də Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
İclasda "Space TV" kanalının efirində bu il iyunun 7-si, 8-i və 9-da yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.
"Maşa və ayı" cizgi filminin Azərbaycan ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" qanunun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin faktı Audiovizual Şuranın hüquqşünasları da pozuntu faktı kimi təsdiq ediblər
Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinmiş, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.