“Demək lazımdır ki, Rusiya hazırda yalnız diplomatik xarakterli addımlar atacaq. Çox güman ki, BMT Təhlükəsizlik Şurasının (və ya digər əlaqəli qurumun) təcili iclası keçiriləcək. Artıq İran bu iclasın keçirilməsi təşəbbüsünü irəli sürüb və onu tələb edib. Diplomatik sahədə Rusiya bu münaqişəni həll etməyə çalışacaq və nə İranın, nə də İsrailin tərəfini tutmayacaq”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev deyib. İsrailin İrana hücumu, mövcud müharibə riskini və Rusiyanın mövqeyini şərh edən analitik, Moskvanın tərəfsiz qalacağını bildirib.
MÖVZU İLƏ BAĞLI:
İran-İsrail savaşı ilə bağlı QORXUNC SSENARİ – Bu ölkələr də münaqişəyə daxil ola BİLƏR
“Lakin nəzərə almaq lazımdır ki, İran Rusiyanın siyasi müttəfiqi və yaxın dostudur, lakin hərbi müttəfiqi deyil. Biz İsrailin mövqeyini gördük — o, Moskvaya qarşı sanksiyalardan çəkinib və Moskva bunu nəzərə alır. Bundan əlavə, Yaxın Şərqdə Rusiyanın siyasətini də nəzərə almaq lazımdır. Rusiya strateji baxımdan hər zaman müəyyən bir müqavimət oxunu, İranı dəstəkləyib, lakin eyni zamanda İsraillə münasibətləri korlamamağa çalışıb”.
Rubayev əlavə edib ki, əgər bu münaqişənin coğrafiyası genişlənərsə, müharibənin xarakteri daha sərt olacaq.
Şəhərlərə və dinc əhaliyə kütləvi bombardmanlar baş verərsə, bu halda, Rusiyanın İsrailə qarşı siyasəti daha tənqidi olacaq:
“Amma qeyd etmək lazımdır ki, İran Qəzza deyil və Moskva tərəfindən daha ciddi qəbul olunur. Hər şey bu münaqişənin nə qədər dərinləşəcəyindən asılı olacaq. Moskvanın hərbi cəhətdən – silah tədarükü, hava hücumundan müdafiə sistemləri və sairə sahələrdə dəstəyini istisna etmirəm. Lakin bu, həm də İranın Rusiyadan yardım istəyib-istəməyəcəyindən asılı olacaq. Məncə, əgər belə bir müraciət olarsa, bu, diqqətdən kənarda qalmayacaq”.
Tehran Orucoğlu, Bizim.Media