Şamaxıda Konstitusiya və Suverenlik İli çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Suverenliyə Aparan Qurtuluş Yolu” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək onun əziz xatirəsi ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və müasir müstəqil Azərbaycanın qurulmasında əvəzsiz rolundan bəhs edib.
Daha sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, Şamaxı rayon Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdulrazaqova və ADPU Şamaxı filialının müəllimi Şasəddin Mikayılov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın suverenliyinə və sabitliyinə gedən yolun başlanğıcı olduğunu vurğulayıb, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.








