Bakı Daş Salnaməsi Muzeyində duyğulu, estetik və mənalı bir axşam yaşandı – milli təsviri incəsənətimizin parlaq nümayəndələrindən biri, qısa, lakin dərin iz buraxan yaradıcılığı ilə seçilən rəssam Ucal Haqverdiyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Rəssamın 65 illiyinə ithaf olunan bu gecə, sənətin zamansızlığını və yaddaşdakı ömrünün sonsuzluğunu bir daha xatırlatdı.
“Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” başlığı altında keçirilən tədbir Ucal Haqverdiyevin simasında sənətə, yaddaşa və mənəvi irsə ehtiram nümunəsi idi. 1960-cı il iyunun 9-da doğulmuş, 2004-cü ildə – cəmi 44 yaşında dünyasını dəyişmiş Ucal Haqverdiyev həyat və yaradıcılığı ilə Azərbaycan mədəniyyətində silinməz iz qoyub. Onun əsərləri bu gün də tamaşaçı ilə dialoqa girir, düşündürür, ilhamlandırır və dərin hisslər oyadır.
Sənətə çevrilmiş nəşr və texnologiyanın estetik rolu
Tədbir çərçivəsində “Azercell Telekom”un təşəbbüsü ilə rəssamın əsərlərindən ibarət yubiley nəşri təqdim olundu. Vizual meditasiyaya çevrilən bu kitab oxucunu rəssamın ruhunu və dövrünü hiss etməyə dəvət edir. Estetik baxımdan incə işlənmiş səhifələrdə simvolizm, lirizm və mənəvi qatlar bir-birini tamamlayır.
Tədbirin açılışında çıxış edən “Azercell”in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova vurğuladı:
“Ucal Haqverdiyev kimi dahi sənətkarlarımızın irsini tanıtmaq və gələcək nəsillərə çatdırmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır çünki milli mədəni irsimizin qorunması və tərənnüm edilməsi şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir".
Poçt markalarında yaşadılan sənət
Yubiley münasibətilə “Azərpoçt” MMC tərəfindən hazırlanmış xatirə markaları da təqdim olundu. Marka şöbəsinin müdiri Sitarə Hüseynovanın sözlərinə görə, bu layihə filateliya vasitəsilə mədəni irsin qorunmasına xidmət edir. “Avtoportret”, “Dərviş” və “Gəzinti” adlı əsərlərdən ibarət markalar gündəlik həyatın içində sənətlə təmas qurmaq üçün zərif bir vasitədir.
“Akart” – maliyyə və mədəniyyət sintezi
Axşamın diqqətçəkən anlarından biri “A-Solutions Elektron Pul Təşkilatının “Akart” həlli vasitəsilə təqdim etdiyi eksklüziv rəqəmsal kart kolleksiyası oldu. “Maliyyə və mədəniyyət bir arada” layihəsi çərçivəsində rəssamın əsərləri rəqəmsal formatda da təqdim edilib. “A-Solutions” un baş icraçı direktoru Həsən Həsənov qeyd etdi:
“Kartlarımızda Ucal Haqverdiyevin əsərlərini əks etdirməklə, bu dəyərli irsi gənc nəsilə çatdırmağı və incəsənəti gündəlik həyatın bir hissəsinə çevirməyi hədəfləmişik”.
Sənətkarın izini daşıyan çıxışlar
Axşamın ən duyğulu anları Ucal Haqverdiyevin yaxınlarının, sənət dostlarının çıxışları idi. Xalq rəssamı Fərhad Xəlilov sənətkarı belə xatırladı:
“O, milli mədəniyyətimizin dəyərli simalarından biri idi. Onun dünyası dərin, baxışı bənzərsiz idi”.
Rəssamın qardaşı, heykəltəraş Hüseyn Haqverdiyev isə duyğulu şəkildə qeyd etdi: “Ucal qısa ömründə elə əsərlər yaratdı ki, onlar Azərbaycanın mədəni yaddaşında daim yaşayacaq”.
Gecə musiqi proqramı ilə başa çatdı. Səslənən melodiyalar sanki Ucal Haqverdiyevin fırçasının davamı kimi onun sənət dünyasını musiqi ilə dilə gətirdi - nəsilləri birləşdirən, keçmişi bu günə bağlayan bir körpü kimi. Unudulmaz sənətkarın rəsmlərdə, sözlərdə, melodiyalarda və onu yeni kəşf edənlərin qəlbində qalacaq bir gecə oldu.