Hazırda neft bazarında hərəkətə keçmək üçün heç bir əsas yoxdur.
Musavat.com xəbər verir ki, OPEC-in baş katibi Hasam əl-Qaysın bu mövqeyi təşkilatın yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda deyilir:
"OPEC-in baş katibi təsdiq edir ki, hazırda tələb və təklif dinamikasında lüzumsuz tədbirlər üçün əsas yarada biləcək hər hansı hərəkət yoxdur".
Qeyd edək ki, OPEC-in bəyanatı Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birolun açıqlamasına qarşı yönəlib. Bundan əvvəl İsrailin İrana zərbələri fonunda Birol bildirmişdi ki, agentlik neft bazarlarının təminatı ilə bağlı problemlər yaranarsa, tədbir görməyə hazırdır. O xatırladıb ki, BEA-ya üzv ölkələrin 1,2 milyard barel fövqəladə ehtiyatları var.
OPEC isə vurğulayıb ki, Birolun fövqəladə ehtiyatların potensial istifadəsi ilə bağlı bəyanatı yanlış siqnallar formalaşdırır, fövqəladə neft ehtiyatlarından istifadə etmək üçün "lazımsız ehtiyac" görüntüsü və bazar qorxusu hissi yaradır:
"Keçmişdə, ən son 2022-ci ildə edilən bu cür qiymətləndirmələr yüksək bazar volatilliyinə kömək edir və ehtiyatların vaxtından əvvəl buraxılmasına gətirib çıxarır ki, bunun da son nəticədə lazımsız olduğu üzə çıxır. Bazar şərhinin, xüsusən də həssas geosiyasi vəziyyətlərdə möhkəm məlumatlara və inandırıcı təhlilə əsaslanması vacibdir".
Musavat.com