AZ

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

Valyuta.az həftə sonu izləmək üçün biznes və texnologiya dünyasını əks etdirən filmləri təqdim edir.

Bu həftə üçün seçimimiz “Glengarry Glen Ross” filmidir.

1992-ci ildə çəkilmiş bu dram filmi satış sahəsində çalışan insanların gündəlik mübarizələrini, təzyiq altında işləmə şəraitini və bu sahədəki peşəkar gərginliyi ustalıqla əks etdirir. Film, tanınmış dramaturq Devid Memetin eyni adlı pyesi əsasında ekranlaşdırılıb.

Rejissoru Ceyms Foley olan filmdə Hollivudun tanınmış aktyorları yer alır: Al Paçino, Cek Lemmon, Ed Harris, Kevin Speysi, Alan Arkin və Alec Baldwin. Film, satış sahəsindəki rəqabət, aldatma, ambisiya və ümidsizlik mövzularını dərindən işləyir.

“Glengarry Glen Ross” filmində hadisələr daşınmaz əmlak sahəsində fəaliyyət göstərən kiçik bir ofisdə cərəyan edir. Satıcılar müştəri tapmaq və satış kvotalarını yerinə yetirmək üçün amansız rəqabət içindədirlər. Şirkət rəhbərliyi onları motivasiya etmək əvəzinə təhdid yolu ilə yarışa məcbur edir: ya satırsan, ya da işdən çıxarılırsan.

Film boyunca personajlar öz daxili təlatümləri ilə mübarizə aparır: bir vaxtlar uğurlu olmuş, lakin indi çarəsiz vəziyyətdə qalan Leven (Jack Lemmon), satış sahəsində hiyləgərliyi ilə seçilən Roma (Al Pacino) və onları idarə edən, soyuqqanlı ofis meneceri Uilyamson (Kevin Spacey). Alec Baldwin-in ifasında təqdim edilən “motivasiya çıxışı” isə satış tarixinin ən məşhur və təsirli səhnələrindən biri kimi qəbul olunur.

“Glengarry Glen Ross” yalnız bir satış filmi deyil – o, iş həyatındakı psixoloji təzyiqləri, mənəvi dəyərlərin sınması və şəxsi iztirabları ekranlaşdıran dərin bir dramdır. Film, satış sahəsindəki manipulyasiya üsullarını, motivasiya mexanizmlərinin təhlükəli tərəflərini və kapitalizmin insan xarakterinə təsirini real və kəskin dillə təsvir edir.

Qeyd edək ki, film tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və 1993-cü ildə Al Paçino “Ən yaxşı ikinci planda kişi aktyor” nominasiyası üzrə “Oskar”a namizəd göstərilib. Filmin istehsal büdcəsi təxminən 12.5 milyon dollar, ümumi gəliri isə 10.7 milyon dollar olub. Kassada böyük uğur qazanmamasına baxmayaraq, “Glengarry Glen Ross” zamanla satış və menecment təhsili üçün klassik nümunəyə çevrilib.

Mayya Hüseynova

Seçilən
37
valyuta.az

1Mənbələr