AZ

Tərtərdə elmi-praktik konfrans: “Qurtuluşdan Zəfərə aparan yol”

Tərtər, 13 iyun, AZƏRTAC

Tərtərdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Tərtər şəhərinin mərkəzi meydandakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxış olub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Liderin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən, siyasi irsindən və bu irsin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Bildirilib ki, 1993-cü ilin iyununda ölkənin düşdüyü ağır vəziyyət, vətəndaş qarşıdurması və dövlətçiliyin süqutu təhlükəsi fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müasir tariximizin qürur səhifəsidir. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizdə dövlətçiliyin əsasları möhkəmləndirilib, siyasi sabitlik təmin olunub, iqtisadi və sosial inkişafın bünövrəsi qoyulub. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən və məqsədyönlü siyasət sayəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə çatıb, ərazi bütövlüyünü bərpa edərək suveren dövlət kimi tarixə imza atıb.

Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxsə rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəxri fərmanları, YAP sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri və hədiyyələr təqdim edilib.

Sonda tədbir iştirakçıları Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramına tamaşa ediblər.

Seçilən
18
1
azertag.az

2Mənbələr