AZ

Sosial rifaha ayrılan DİQQƏT – Müavinət və təqaüdlərin artırılması 3 milyon nəfəri ƏHATƏ EDƏCƏK

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Sosial təminata ayrılan diqqət

Bu Fərman Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritet olduğunu və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığının sübutudur.

Məlumdur ki, bütün zamanlarda aztəminatlı ailələrin və sosial cəhətdən həssas əhalinin qayğıları dövlətimiz üçün prioritet olub. Bu məqsədlə davamlı layihələr həyata keçirilib. Təsadüfi deyil ki, son 8 ildə sosial xərclər əhəmiyyətli dərəcədə artıb. Məsələn, ötən dövrdə bu sahə üzrə xərclər 2019-cu ildəki 7,8 milyard manatla müqayisədə 2,2 dəfə artırılaraq  2025-ci ildə 16,9 milyard manata çatıb. Sosialyönümlü xərclərin çəkisinin bu gün dövlət büdcəsində 41 % olması da sosial rifahın dövlət siyasətinin başlıca istiqaməti olduğunu göstərir.

Nəzərə alaq ki, sosial təminatın mühüm komponentlərindən ümumilikdə 1,1 milyon vətəndaş faydalanır. Pensiya və təqaüdlər infilyasiyaya uyğun olaraq hər il indeksləşdirilir. Məhz bunun hesabına pensiya ödənişlərinə ayrılan illik vəsait 2018-ci ildən ötən dövrdə 2 dəfə artaraq 2025-ci il üçün 7,2 milyard manatı ötüb.

Yeni fərmandan kimlər yararlanacaq?

Ölkə başçısının 12 iyun 2025-ci il tarixli Fərmanı isə bu sahədə böyük hadisədir. Çünki Fərmana əsasən dövlətdən yardım alan hər bir şəxsin gəliri əsaslı şəkildə artacaq. Məsələn, 38 maddə üzrə həyata keçiriləcək bu dəyişikliklər, ümumilikdə 18 sosial istiqaməti əhatə edir. Bu, tək-tək qrupları deyil, geniş əhalini hədəfləyən strukturlaşdırılmış və məqsədli bir yanaşmadır.

Artım dinamikasına diqqət etdikdə görürük ki,  faiz baxımından dəyişikliklər 11%-dən başlayaraq, 49.5%-ə qədər yüksələn geniş bir intervaldadır. Bununla belə bəzi sahələrdə yüksək artım qeydə alınıb. Məsələn, himayədar ailəyə verilmiş, 14–18 yaş arasında olan, əlilliyi müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulan müavinətdə qeydə alınıb. Bu məbləğ 435 manatdan 650 manata yüksəlib ki, bu da 49.5%-lik artım deməkdir.
 

Bundan başqa Fərmanla orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manata çatdırılacaq.


Eyni zamanda, ailə başçısını itirməyə görə 140 manat, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına 140 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat, övladlığa götürülən uşağa 240 manat, himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat, uşağın anadan olmasına görə 600 manat, dəfn üçün 600 manat ödəniləcək.

Şəhid və qazilərə göstərilən qayğı

Fərmana əsasən iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin yeni aylıq məbləğləri də artırılıb. Belə ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 manat, Milli Qəhrəman adı verilmiş hər bir şəxs üçün 2000 manat, şəhid ailələri üçün 700 manat, 20 Yanvar şəhidlərinin ailəsi üçün 700 manat təqaüd müəyyən edilib.
 

Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə də artım şamil ediləcək.


Ölkə başçısının imzaladığı son Fərmanla sosial müavinət və təqaüdlər orta hesabla 20 % artırılır. Müavinət və təqaüdlərin artırılması üçün 2025-ci ilin Dövlət Büdcəsindən illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb.

Sosial islahatların davamı

Nəzərə alaq ki, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 % artırılmışdı. Bütün növ pensiyalar 2025-ci ilin əvvəlindən indeksləşdirilərək 8,1 % artırılıb. Bununla belə son Fərman bu kateqoriyadan insanlara da şamil ediləcək, onların da pensiya və təqaüdləri müvafiq qaydada artırılacaq.

Diqqətçəkən məqamlardan biri də odur ki, Fərmana əsasən bütün kateqoriyadan olan pensiya və təqaüdçülər müəyyən miqdarda artımdan yararlanacaqlar.

Ümumiyyətlə bu fərmanın imzalanması sosial həssas təbəqələrin və sosial müdafiə sisteminin dəstəklənməsi baxımından çox önəmlidir.
 

Qeyd edək ki, beşinci sosial islahat paketinin ilk mərhələsi olaraq ölkədə bu il yanvarın 1-dən minimum əməkhaqqı 345 manatdan 16 % artımla 400 manata çatdırılıb.


Bundan əlavə minimum əməkhaqqı artımına uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi Vahid Tarif Cədvəlinin 19 pilləsinin hər biri üzrə maaşlar orta hesabla 16 % artırılıb və beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaş artımına imkan verib.

Xatırladaq ki, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 % artırılmışdı. Ümumilikdə bütün növ pensiyalar 2025-ci ilin əvvəlindən indeksləşdirilərək 8,1 % artırılıb.

2025-ci il fevralın 1-dən isə minimum pensiya 280 manatdan 14,3 % artımla 320 manata çatdırılıb.  Bu il üçün yaşayış minimumu və ehtiyac meyarı da 270 manatdan 285 manata çatdırılıb.
 

Bu hadisədən cəmi 6 ay sonra pensiya və təqaüdlərin yenidən artırılması təbii ki, böyük hadisədir. Bu dövlətin prioritetlərində sosial məsələnin öndə durduğunu göstərir. 6 ay ərzində iki dəfə bu həcmdə sosial dəstək tədbirləri həyata keçirlməsi isə unikal hadisədir.


Bir daha qeyd edirik ki, Ölkə başçısının 12 iyun 2025-ci il tarixli Fərmanı ilə icra olunacaq  sosial islahat paketi 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr