AZ

Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? 

Son günlər Milli Məclisdə səsləndirilən fikirlər ölkənin gələcək idarəçilik mərkəzi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Milli Məclisin deputatı Aqil Abbasın açıqlamasına görə, gələcəkdə Azərbaycanın paytaxtı Ağdam ola bilər. Deputat bildirib ki, işğaldan azad edilmiş Ağdamda böyük tikinti və abadlıq işləri aparılır və yeni şəhər modeli 150-200 min nəfərlik əhalini əhatə edəcək şəkildə qurulur. Onun sözlərinə görə, tikilən yeni infrastruktur və şəhər planlaması bu ərazini təkcə yaşamaq üçün deyil, idarəçilik baxımından da strateji mərkəzə çevirə bilər.




Referans-a açıqlamasında maraqlı təkliflə çıxış edən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da məsələ ilə bağlı illər əvvəl Milli Məclisdə çıxış etdiyini xatırladıb.  O həmçinin bildirib ki, bu məsələ ilə bağlı vaxtilə Milli Məclisdə mənim çıxışım var. Mən təklif eləmişəm ki, bu qədər vəsait qoyub tikiriksə, elə paytaxt modelində tikək və bu paytaxt kimi də olsun. Açığı bu bir qədər fərqli qarşılandı amma hesab edirəm ki, bu təklif gündəmdədir. İndi də Aqil Abbas bunu gündəmə gətirirsə, müsbət bir şeydir. Yəni, yenidən xərc qoyub paytaxt salmaq əvəzinə bütün hökumət binalarını tikib, yüksək səviyyədə bir mərkəzə çevirirsən, üstəlik o da Azərbaycanın mərkəz hissəsindədir və oranın da paytaxt olması ümumi Bakının da işinin yüngülləşməsi olacaq.” Onun fikrincə, Ağdam Azərbaycanın mərkəzi hissəsində yerləşir və bu da onu coğrafi baxımdan daha əlverişli bir paytaxt namizədi edir.


Bəs paytaxtın köçürülməsi realdırmı?


Fazil Mustafa onu da bildirib ki, ekspertlər və siyasi dairələr bu mövzunu hələlik uzunmüddətli perspektiv kimi qiymətləndirirlər. Paytaxtın rəsmi olaraq dəyişdirilməsi üçün Konstitusiya dəyişikliyindən tutmuş, dövlət idarələrinin kütləvi şəkildə köçürülməsinə qədər ciddi hüquqi və inzibati addımların atılması zəruridir. Bununla belə, Ağdamda dövlət qurumlarının bölmələrinin yerləşdirilməsi və bölgənin iqtisadi, siyasi və mədəni mərkəzə çevrilməsi istiqamətində atılan addımlar bu ehtimalı yaxın gələcək üçün olmasa da, uzaq perspektivdə mümkün edir.


"Ağdamın paytaxt olacağı hələlik bir fikir olsa da, bu istiqamətdə səslənən təkliflər və aparılan bərpa işləri gələcəkdə ciddi müzakirələrin başlanğıcı ola bilər. Qarabağın simvol şəhəri kimi yenidən dirçələn Ağdam, Azərbaycanın siyasi və iqtisadi mərkəzinə çevrilə bilərmi? Bunu zaman göstərəcək", - deyə millət vəkili qeyd edib.


Gülgəz Qədirova

Referans

Seçilən
28
referans.az

1Mənbələr