AZ

Ermənistanda yeni korrupsiya didişməsi başladı - hakimiyyət də, müxalifət də...


Ermənistanda müxalifət və hakimiyyət arasında bu dəfə rüşvət və korrupsiya məsələsi üzərində yeni qalmaqala başlanıb. Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu günlərdə hakimiyyətə xitabən bildirib: “Onların alnında bu döymə olmalıdır: korrupsiya dahiləri və onlar ölkəni korrupsiya cənnətinə çeviriblər”.

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin son iclasında buna sərt cavab verib: “Yenə min üzr istəyirəm, bəzi korrupsionerlər çıxıb boş-boş danışırlar və onların kimdən danışdığını deməyək, halbuki hamımız başa düşdük ki, Robert Köçəryan haqqında danışırlar”. Bununla Nikol Paşinyan hökumətin iclasında Robert Köçəryanın “Hayastan” Ümumerməni Fondundan 3 həftə sonra yoxa çıxan milyonlarla dollarla bağlı korrupsiya ittihamlarına cavab verib. Paşinyanı büdcə vəsaitlərini israf etməkdə günahlandıran ikinci prezident özünün dediyi kimi Ümuerməni Fondundan 100 milyon dolların yoxa çıxmasını fakt kimi göstərib: "Bunu unudublar. Pul Ümuerməni Fondundan büdcəyə köçürülməyib, yoxa çıxıb, sadəcə olaraq yoxa çıxıb. Deyirəm, heç olmasa hesabat verin, o pul hara getdi? Deyirlər ki, bu, nəyə lazımdır, xərclədik, bəsdir. 100 milyon dollar yoxa çıxdı". Paşinyan isə Köçəryanı yalançılıqda ittiham edir: “Müxalifətin hələ də fondun vəsaitlərinin mənimsənilməsindən, oğurlanmasından danışdığını müşahidə etdim... İdarə Heyəti həmin məsələni müzakirə edib və belə bir qənaətə gəlib ki, bunun heç bir mənası yoxdur. Yəni, fondun idarə heyəti belə qənaətə gəlib. Köçəryan yenə boş danışır”. r Nikol Paşinyan ona qarşı irəli sürülən ittihamlara cavab olaraq hökumətin iclasında bu məsələ ilə bağlı hələ 2021-ci ildə parlamentdə yaradılmış xüsusi istintaq komissiyasını xatırladıb, onun rəhbəri Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan olub: “O komissiya haradadır, onun ortaya qoyduğu nəticəsi haradadır və niyə ictimaiyyətə izahat vermirlər? Artsvik Minasyan həmin istintaq komissiyasının rəhbəri deyildimi? Hardadırlar? Onların hesabatı hanı? Qoy məktub yazsınlar ki, pul oğurlanıb, imzalasınlar, sonra nə edəcəyimizi bilək. Məhkəməyə gedəcəyik, çünki nə baş verdiyini bilirik və onların dediklərinin baş tutmadığını da bilirik. Amma yenə deyirəm, fakt odur ki, istintaq komitəsi var idi, indi baxdım, o komitədən xəbər yoxdur, deyirdilər ki, rıçaqlar var, qoy açıqlasınlar, hər şeyi ortaya qoysunlar". Baş nazirin Ümuerməni Fondunun vəsaitlərinin mənimsənilməməsi ilə bağlı iddiası həmin fondun ali idarəetmə orqanı olan Himayəçilər Şurasının üzvlərindən biri olan Zareh Sinanyan tərəfindən bir daha təsdiqlənib: “Cənab baş nazir, xəbər verəcək heç nə yoxdur, yəni mövzu yoxdur, əvvəldən bu, yalançı gündəm, köpük idi”.

“Hayastan” fondundan toplanan və dövlət büdcəsinə köçürülən vəsaitlərin istifadəsini araşdıran istintaq komissiyasına rəhbərlik edən Artsvik Minasyan isə Paşinyana qarşı çıxır: “Heç korrupsioner korrupsiya ilə məşğul olduğunu deyibmi?. Komissiya öz işini davam etdirməyib, hesabat hazırlamayıb, çünki orada çoxluq təşkil edən “Vətəndaş müqaviləsi” partiyasının deputatları əngəl törətmək üçün bacardıqları qədər iş görüblər”. Minasyanın sözlərinə görə, komissiyada müxalifət azlıq təşkil etdiyi üçün onların səsvermə yolu ilə konkret qərarlar qəbul etmək, reallığı üzə çıxarmaq şansı olmayıb: “Tutaq ki, müdafiə ehtiyaclarına müəyyən vəsait xərclənib. “Yaxşı, bunun bu məqsədlər üçün olduğuna dair sənədli əsaslandırmalar təqdim etsinlər” deyəndə, dərhal deyirlər ki, “yox, hökumətin verdiyi məlumatları rəhbər tutmağa borclusunuz”. Araşdırmanın qarşısını aldılar, irəli getməyə imkan vermədilər. Hökumət “Ah, bunlara 100 milyon xərclədik” deyən hər hansı siyahı təqdim edibmi, tam siyahı? Yox”. “Hayastan” fraksiyasının katibi vurğulayır ki, hökumət 100 milyon dolların nəyə xərclənməsi ilə bağlı heç bir əsas təqdim etməyib. Nəticədə milyonlarla dolların tamam başqa məqsədlər üçün xərclənməsi ilə bağlı şübhələr hələ də davam edir: “Çox mümkündür ki, onlar mükafat üçün sərf edilib, çox ola bilər ki, saxta alqı-satqı üçün xərclənib, tutaq ki, məsələn, guya müdafiə məqsədi ilə nəsə alıblar, amma yəqin ki, müəyyən adamlar varlanıblar”. Parlamentin İstintaq komitəsinin niyə hesabatını dərc etmədiyinə gəlincə, Artsvik Minasyan deyir ki, hesabatın təsdiqi üçün yenə də “Vətəndaş müqaviləsi” partiyasının deputatlarının əksəriyyətinin razılığı lazımdır. Belə olan halda komitənin dörd müxalifət üzvünün bu müddət ərzində öyrənə bildikləri hər şeyi niyə ictimaiyyətə təqdim etməməməsi ilə bağlı Artsvik Minasyan bildrib: “Hayastan” ümumerməni Fonduna zərər verməmək üçün bu edilməyib”. Fondun 100 milyon dollarının hara getdiyini müxalif deputatın fikrincə, ancaq hakimiyyət dəyişikliyindən sonra üzə çıxarmaq olar. “Hayastan” fraksiyasının katibinin sözlərinə görə, Paşinyanın hakimiyyəti dövründə obyektiv araşdırma aparmaq mümkün deyil. Bu günlərdə isə Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan öz "Facebook" səhifəsində Köçəryanın açıqlamalarına müraciət edərək, sonuncunun illər öncəki məşhur fotolarından birini dərc edib və fotoya belə yazıb:“Köçəryanın Tanzaniyada ovçuluğu və qızıl hasilatı”. Çaxoyan daha sonra bildirib: “Korrupsiya ittihamlarından ötrü qəzəblənən Köçəryan Tanzaniyada qızıl mədəninin sahibinə necə çevrildiyini izah etməlidir. Tanzaniyada qızıl, almaz və digər qiymətli daş və metalların hasilatı ilə məşğul olan şirkətin səhmdarları olublar. Bu həm də Köçəryanın və oğlunun 2008-ci ildən sonra Tanzaniyaya səfərini və orada ölü bir aslanı necə mindiklərini izah edir. Prokurorluq Sedrak Köçəryanın “MMJ Gold Limited”də payın alınması ilə bağlı xərclərin, təxminən 2 milyard dramın müsadirə olunmasını tələb edir”.

Tahir TAĞIYEV

Seçilən
20
baki-xeber.com

1Mənbələr