AZ

Mənşəyi bilinməyən, kor-koranə qəbul edilən, ən çox reklam olunan arıqlama çayları

BAKI, 13 iyun. TELEQRAF

Artıq çəki, istənməyən yağlar müasir dövrdə insanların, xüsusilə, qadınların aktual problemlərindəndir. Təqdim edilən ideal görünüş standartlarına əsasən incə bir bədənə sahib olmaq hər bir xanımın arzusudur. Lakin "fast food" yeməklərinin əlçatan və oturaq iş rejiminin çox geniş yayıldığı bir dönəmdə bəzən istənməyən çəkinin qarşısını almaq mümkün olmur.

Bu halda əksəriyyət arıqlama məhsullarına üstünlük verirlər, onların arasında bitki mənşəli olduğu iddia edilən arıqlama çayları xüsusi yer tutur. Reklamlarda və sosial media platformalarında tez-tez rast gəldiyimiz bu çaylar cəmi bir neçə həftə ərzində insanlara xəyallarındakı incə bədənə sahib olmağı vəd edir. Verilən vədlər əsasında insanlar bu çaylardan istifadə edərək rahat üsulla xəyallarındakı bədənə sahib olacaqlarına inanırlar. Bəziləri məqsədlərinə çatsalar da, sonradan müəyyən fəsadlarla üzləşirlər.

Elə son günlərdə Türkiyənin Aksaray şəhərində arıqlamaq üçün tez-tez bitki çayları içən Büşra adlı 24 yaşlı qadın qaraciyər çatışmazlığından komaya düşüb. Qadın qaraciyər nəqli sayəsində həyata qayıda bilib.

Gündəlik bəzən dörd stəkana qədər bitki çayı içən gənc qadın eyni müddət ərzində ağrıkəsici dərmanlardan da istifadə etdiyi zaman bədənində müxtəlif simptomlar ortaya çıxmağa başlayıb. Bəzən bir stəkan, bəzən isə gündə dörd dəfə içib. O, yaşıl çay ilə cökə çayından istifadə etdiyini bildirib. Xəstələnəndə cökə çayı, şişkinlik hiss edəndə yaşıl çaya üstünlük verib. Arıqlamaq üçün paket çaylardan, adətən, hazır, marketdən aldığı çaylardan istifadə edib. Çox pis nəticə ilə üzləşdiyini deyib və istifadə etməyi heç kimə tövsiyə etmədiyini, həkim məsləhəti olmadan qəti şəkildə istifadə edilməməli olduğunu bildirib.

Bəs görəsən, bu çaylar həqiqətən də bitki mənşəlidir? Onlar hansı fəsadlara yol açır? Kimlər risk altındadır? Necə sağlam arıqlamaq olar?

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Teleqraf-a açıqlamasında bildirib ki, arıqlama çayları, ümumiyyətlə, arıqlama həbləri hamısı biznes maraqları çərçivəsində hazırlanmış “məhsullardır”.

Bitki mənşəli məhsul deyib aldadırlar

Onun sözlərinə görə, istehsalçılar insanları aldatmaq üçün ən çox istifadə edilən məhsulların bitki mənşəli olmasını önə çəkirlər:

“Bir məhsulun bitki mənşəli olması, onun zərərsiz və ya faydalı olduğu demək deyil. Çünki hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı, yan təsirləri də var. Bitki mənşəli bir çay insanda arıqlamağa səbəb olursa, bu onun orqanizminin normal, təbii prosesinin müdaxilə yolu ilə pozulması deməkdir. Çünki bu, bəzən insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, qusma halları yaradır. Bu da orqanizmdən vitamin və mineralların yuyulub getməsi, bağırsaq mikroflorasının pozulması ilə nəticələnir. Belə halda orqanizmdə immun çatışmazlığı baş verir və bu, autoimmun xəstəliklərinin yaranmasına birmənalı şəkildə səbəb olur. Təbii ki, bunlar kor-koranə qəbul olunarsa, daha ciddi fəsadlar da yaranır. Ciddi anoreksiyanın yaranması, eyni zamanda, vitamin-mineral çatışmazlığından saçların tökülməsi, dırnaqların qırılması, dəridə səpkilərin yaranması, mədədə problemlərin olması, orqanizmin daxili orqanlarının funksiyasının pozulması ilə nəticələnir. Mütləq şəkildə bu kimi məhsulları istifadə etməkdən uzaq durmaq lazımdır. Bu məhsullar insanlarda, xüsusilə, immun çatışmazlığı, qan azlığı, vitamin və mineralların çatışmazlığı ilə orqanların funksiyalarını düzgün yerinə yetirə bilməməsi səbəbindən xərçəngə, diabetə, bəzən də mədəaltı vəzinin tamamilə sıradan çıxmasına gətirib çıxarır. Çünki süni şəkildə müdaxilələr orqanizmə zərərlidir”.

Ana olmadan öncə arıqlama çayları istifadə etmək olmaz

O, xüsusilə, gənc xanımların bunlardan istifadə etdiyini deyib:

"Ana olmadan öncə istifadə edənlər isə orqanizmin zədələnməsinə və gələcəkdə doğulacaq uşaqların xəstə olmasına səbəb olurlar".

Arıqlama çayları reklamlarla satılır

M.Hüseynova bu məhsulların daha çox reklamlarla satıldığını bildirib.

"Harada istehsal olunduğu, mənşəyi, istehsal edən şirkət haqqında güvənilir məlumatların olmaması səbəbindən xoşagəlməz hallarda insanlar hara, kimə müraciət edəcəklərini bilmirlər. Fəsadlarla qarşılaşdıqdan sonra isə artıq gec olur. İllərdir bitki çayları adı altında bir çox məhsullar satılır. Bunun üçün müğənnilər, bloggerlər və tanınmış simalardan istifadə edirlər. Bəzən süni şəkildə əməliyyatla, estetiklə arıqlayan tanınmış insanlardan istifadə edərək digər insanları aldadırlar".

O tövsiyə edib ki, bədən çəkisini normada saxlamaq üçün mütləq sağlam qidalanmağa, gündəlik həyat tərzinə, yuxu rejiminə, fiziki aktivliyə diqqət edilməlidir:

"Çünki yalnız bu yolla sağlam çəkini saxlamaq olar. Digər vasitələr insan orqanizminin təbii prosesinə süni müdaxilə olduğu üçün mütləq fəsadları olacaq. Bəzən insanlar tənbəllikdən, rahata qaçdıqları üçün bu kimi reklamlar aldanırlar. Bəzən deyirlər 1 ayda 10-12 kq çəki atmaq olar. Bir ayda nə qədər çəki atıldığını nəzərə almaq lazımdır. Bu, orqanizmdə birbaşa əzələ itkisinə, dəri sallanmasına səbəb olur. Bunlar da qarşısıalınmaz problemlərə gətirib çıxarır".

Bitki tərkibli hər məhsul faydalı deyil

Mütəxəssis bitki tərkibli olan hər məhsula faydalı, orqanik yanaşmaq lazım olmadığını vurğulayıb.

"Belə məhsullarda həqiqətən də bitkinin olub-olmadığı ilə bağlı, keyfiyyət, nəzarət sertifikatları olmalıdır və eyni zamanda satışına icazə verilməlidir", - o əlavə edib.

Allerqoloq Şahvələd Məmmədov isə bildirib ki, bitki çaylarından istifadə bütün dünyada tətbiq olunan bir nümunədir.

Bitki çaylarında qatqılar olur

Onun sözlərinə görə, arıqlamaq üçün istifadə olunan bitki çaylarında müəyyən qatqılar olur:

“Bu da bədəndəki yağların və ya xolesterolun tamamilə azalmasına gətirib çıxarır. Bir çox insanda, xüsusilə, gənclərdə maddələr mübadiləsində pozğunluq yarada bilir və müəyyən fəsadlara gətirib çıxarır. Türkiyədəki gəncdə də qaraciyərin funksiyası pozulub və qaraciyər yetməzliyi vəziyyəti yaranıb. Bu, ölümə gətirib çıxara bilər”.

Ş.Məmmədov qeyd edir ki, belə çaylardan istifadə etmək olar, amma ilboyu olması məqsədəuyğun deyil.

“40 yaşdan yuxarı metabolik sindromu olan insanlar (şəkərli diabet, piylənmə və hipertoniya xəstəliyi olanlar) istifadə edə bilərlər. Bu da müəyyən fasilələrlə olmalıdır, yenə də ilboyu olmaz. Sadəcə qaraciyər yetməzliyi deyil, bəzi insanlarda qanda şəkərin səviyyəsinin düşməsinə səbəb olur və bu, koma vəziyyətinə gətirib çıxara bilər”, - o əlavə edib.

Bu şəxslər üçün təhlükəlidir

Ş.Məmmədov həmin çayların daha çox uşaqlar, gənclər və astenik bədən quruluşuna malik, az çəkisi olanlar üçün təhlükəli olduğunu deyib:

“Bu çaylar ciddi araşdırılmalıdır, keyfiyyət sertifikatı nümunə olmalıdır. Qida Təhlükəsizliyi Agentliyindən, Səhiyyə Nazirliyinin anaziator şöbəsindən qeydiyyatdan keçib-keçmədiyi bilinməlidir. Ondan sonra istifadə edilməlidir. Mütəmadi istifadəsi təhlükə yarada bilər”.

Seçilən
29
teleqraf.com

1Mənbələr