AZ

Monitorinqlər, ictimai dinləmlər, Məktub qutuları... Vəfa Abbasova İctimai Şuranın planlarından danışdı

İyunun 12-də Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuraya növbəti seçkilər keçirilib. Seçkilərlə bağlı QHT.az-a açıqlama verən Şura üzvü Vəfa Abbasova bildirib ki, proses yüksək səviyyədə təşkil olunub.

O, seçicilərin qarşılanması, səsvermə zamanı şəffaflıq və iştirakçıların rahatlığı üçün yaradılan şəraiti müsbət qiymətləndirib və təşkilatçılara təşəkkürünü bildirib:

“Artıq üçüncü dəfədir ki, Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuraya üzv seçilirəm. Bu dörd illik müddətdə mühüm fəaliyyətlərə imza atmışıq. Nazirlik tərəfindən fəaliyyətimizə göstərilən dəstək və daxil olan müraciətlərə operativ münasibət yüksək qiymətləndirilə bilər. Məsələn, bir çox obyektlərdə təxliyə planlarının olmaması ilə bağlı müraciətlər etdik və nəticədə qanunvericiliyə uyğun təxliyə planları hazırlanaraq təqdim olundu. Gələcəkdə də bu sahədə monitorinqlər aparacaq və çatışmazlıqlar aşkar edilərsə, onların aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlər görüləcək.”

Vəfa Abbasova iyunun 15-dən çimərlik mövsümünün açılışı ilə bağlı monitorinqlərə başlanacağını da bildirib:

“İyunun 20-dən sonra çimərliklər üzrə monitorinqlərə start verəcəyik. Hər il bu prosesdə İctimai Şuranın sədri Fuad Hacızadə, Dinara Bayramlı, Məhəmməd Məhəmmədov, Ramiz Cürənov və digər üzvlərlə birlikdə iştirak edirik. Monitorinqlər zamanı çimərlik ərazilərində məlumat lövhələrinin yerləşdirilməsi və Fövqəladə Hallar Nazirliyinin məsuliyyətinə daxil olan təhlükəsizlik tədbirlərinin təmin edilməsi məsələləri diqqət mərkəzində olur. Biz bu məqsədlə Xaçmaz, Lənkəran və digər bölgələrdəki çimərliklərə səfərlər edirik. Aşkarlanan nöqsanlar dərhal bildirilməklə yanaşı, xüsusilə təcili tibbi yardımın gecikməsi kimi hallara diqqət yetiririk. Çünki bəzən FHN əməkdaşları hadisəyə müdaxilə etsələr də, təcili tibbi yardım hadisə yerinə gec çata bilir.”

Vəfa Abbasova əlavə edib ki, bu il mülki müdafiə, yanğın təhlükəsizliyi və radioloji tibbi təhlükəsizlik sahələrində də bir sıra maarifləndirici görüşlər və ictimai dinləmələr planlaşdırılır:

“FHN-in akademiyasında keçirilən püşkatmalarla gənc mütəxəssislərin işlə təmin olunması prosesini dəfələrlə müşahidə etmişik. Cənab nazirin bu proseslərdə şəxsən iştirak etməsi diqqətəlayiq haldır. Bu il akademiyada anonim sorğuların keçirilməsini planlaşdırırıq. Məktub qutuları vasitəsilə kursantlar və abituriyentlər öz fikirlərini və problemlərini bizimlə bölüşə biləcəklər. Nazirlik isə verdiyimiz bütün təkliflərə açıq yanaşır. Eyni zamanda, mülki müdafiə və dağ-mədən təhlükəsizliyi, eləcə də radioloji tibbi məsələlərlə bağlı görüşlər təşkil ediləcək. Bu il həmçinin hərbi hissələrdə vətəndaş dinləmələri keçirmək niyyətindəyik.”

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
44
qht.az

1Mənbələr