AZ

İsrailin zərbələrinin ardınca Tramp İranı danışıq masasına çağırdı - ABŞ işin içindəymiş....


Azər Həsrət: "Yəni realda hücumları həyata keçirən İsrailin özüdür, amma bu işdə ABŞ-nin rolu da danılmazdır"

ABŞ rəsmiləri deyir ki, biz İranın vurulması işinin içində deyilik, guya İsrail buna müstəqil olaraq qərar verib. Baş verənlərin ardınca Tramp bundan sonra İranın yenidən danışıqlar masasına qayıdacağına ümidini ifadə edib.

İsrailin baş naziri Benyamin Netanyahu deyib: "Biz İranın nüvə zənginləşdirmə proqramının ürəyinə zərbə vurduq. Biz İranın ballistik raket proqramının da ürəyinə zərbə vurduq".

Əslində ABŞ bu işdə nə qədər məsuliyyət daşıyır? Axı İsrail bu günlərdə bəyan etdi ki, biz ABŞ-siz İrana zərbə endirməyəcəyik. Bu inandırıcıdırmı ki, İrana yüzlərlə aviazərbə endirilməsinə İsrail müstəqil qərar verib?

Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, İsraillə ABŞ-nin birgə hərəkət edifiyinə zərrə qədər də şübhə yoxdur, çünki İsrail həqiqətən də bütün əməliyyatlarında ABŞ ilə məsləhətləşir, sövdələşir, onun gücündən, kəşfiyyat məlumatlarından geniş istifadə edir. Eləsə də ABŞ bu bölgədə hansısa addım atanda mütləq İsraillə məsləhətləşir, kəşfiyyat məlumatlarını bölüşürlər, yalnız bundan sonra addım atılır. Ona görə də İrana edilən bu hücumları İsrailin təkbaşına həyata keçirdiyini düşünmək olmaz.

Təbii ki, hücumu gerçəkləşdirən İsraildir, amma ABŞ-nin bu işin içində olmadığını deyə bilmərik. Ən azı, ABŞ ilə kəşfiyyat məlumatı bölüşdürülüb. Düzdür, İsrailin özünün də yetərincə kəşfiyyat imkanları var - yerdə də, göydə də, dünyanın hər tərəfində, o cümlədən İranda da. Amma bununla bərabər ABŞ-nin də kəşfiyyat məlumatları işə yarayır. Yəni realda hücumları həyata keçirən İsrailin özüdür, amma bu işdə ABŞ-nin rolu da danılmazdır. Bunlar ona görə bu cür hərəkət edirlər ki, ABŞ İran nüvə proqramına dair danışıqlar aparır, görünür, İranla anlaşmanın mümkün olmadığı qənaətinə gəliblər. Bir növ görüntü yaradırlar ki, biz danışıb, dinc yolla məsələni həll etmək istəyirik, digər tərəfdən də İsraili qızışdırıb ortaya salıblar ki, sən vurmağa davam et! Necə ki, əvvəllər vurmuşdun, indi yenə də vur - İranın əli zəifləsin və biz İrandan istədiyimizi ala bilək.

Əlbəttə, çox dəhşətli bir durumdur, İran bizim qonşu dövlətdir, İranda əhalinin az qala yarısi bizim soydaşlarımızdır. Təbii, belə bir durum Azərbaycan Respublikası üçün də ciddi həyəcan siqnalı olmalıdır ki, İran müharibənin ağuşuna yuvarlanmasın. Çünki İranda müharibə başlasa bizim də ciddi problemlərimiz yarana bilər. Bu səbəbdən də biz davamlı şəkildə deyirik ki, İranın bir dövlət kimi ləğv edilməsi, yerində yeni müstəqil dövlətlərin qurulması yeganə çıxış yoludur. Çünki bu dövlət islah edilə bilmir. Əlbəttə, bizi daha çox maraqlandıran müstəqil Güney Azərbaycan Cümhuriyyətinin qurulmasıdır. İndiki hadisələrlə bu proses bir qədər də sürətlənəcək. Ən azindan, İranın ali dini rəhbərliyinin açıqlamaları onu göstərir ki, Tehran rejiminin islah olunmağa heç bir meyli yoxdur. İslah edilməyəcəkləri təqdirdə isə bu onların öz başında çatlayacaq. "Sirkə nə qədər tünd olarsa öz qabını çatladacaq" deyə bir atalar sözümüz var. İndi İran da nə qədər sərtləşsə öz "qabını" çatladacaq ki, bundan da yeni müstəqil dövlətlər yaranacaq. Bunun baş verəcəyi vaxt isə irəliləyən aylarda dəqiq bəlli olacaq".

Dəniz NƏSİRLİ

Seçilən
29
baki-xeber.com

1Mənbələr