Növbəti – 2025/2026-cı illər mövsümündən etibarən, İngiltərə Liqa Kubokunda ilkin mərhələ oyunları oynanılacaq.
Arena.az bu barədə İngiltərə Liqa Kubokunun rəsmi saytına istinadən məlumat verir.
Müvafiq dəyişikliyə səbəb isə növbəti mövsümdə İngiltərə Premyer Liqasının doqquz klubunun avrokubok yarışlarında iştirakıdır. Beləliklə, ilkin mərhələdə dörd komanda mübarizə aparacaq. Ardınca isə birinci və ikinci mərhələlərdə komandaların sayı yarışın əvvəlki mövsümlərində olduğu kimi nizamlanacaq. İngiltərə Premyer Liqasının UEFA klub yarışlarına iştirak edən klubları isə İngiltərə Liqa Kubokunda mübarizələrinə üçüncü mərhələdən başlayacaqlar.
İlkin mərhələdə Milli Liqadan İkinci Liqaya (beşinci diviziondan dördüncü diviziona) çıxmış “Barnet” və “Oldhem Atletik”, həmçinin İkinci Liqada müvafiq olaraq 21-ci və 22-ci yerləri tutmuş “Akkrinqton Stenli” və “Nyuport Kaunti” mübarizə aparacaqlar.
Xatırladaq ki, İngiltərə Liqa Kubokunun cari qalibi “Nyukasl”dır. “Sağsağanlar” finalda “Liverpul”u “dimdikləyiblər” – 2:1.
İngiltərə Liqa Kubokunu hamıdan çox “Liverpul” qazanıb, “qırmızılar”ın 10 qəniməti var.