AZ

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

Haisə Osmanlı: “Atam evlənməyimizə o şərtlə razılıq verdi ki, Arnaud müsəlmanlığı qəbul etsin”

Zərdabda böyüyüb, orada da orta məktəbə gedib. 11-ci sinfə qədər Zərdabdan kənara çıxmasa da, 11-ci sinifdə oxumaq üçün Amerikaya yollanıb. Daha sonra bakalavr və magistratura təhsili üçün Almaniyaya, doktorantura üçün isə Kanadaya üz tutub. Bütün təhsil pillələrini tam təqaüd qazanaraq oxuyub. Ötən il – 32 yaşında Kanadada alimlik dərəcəsini (PHD) alıb. Müsahibimiz Haisə Osmanlı hazırda həm Kanadadakı Regina Universitetində dərs deyir, həm də Farm Kredit Kanadada data üzrə mütəxəssis (data scientist) kimi çalışır.

Doktoranturada oxuduğu müddətdə Fransa əsilli kanadalı Arnaudla ailə həyatı qurub, Sofiya və Defne adlı iki övladı var. Haisə Osmanlı ilə yaxından tanış olaq…

“Ağlayırdım ki, Xalid müəllimlə evlənəcəm”

– Haisə xanım, əvvəl oxuduğunuz orta məktəbdən başlayaq…

– Birinci sinifdən 10-cu sinfə qədər Zərdabda 3 saylı orta məktəbdə oxumuşam. Anam mənə dərs deməsə də, təhsil aldığım məktəbdə fizika müəlimi olub. 10-cu sinfi bitirənə kimi Zərdabdan kənar heç yana getməmişəm. Çox yaxşı müəllimlərim olub. Xüsusilə riyaziyyat müəllimim Xalid Məhərrəmovun sayəsində riyaziyyatı, fizikanı çox sevmişəm. Yadımdadır ki, 5-ci sinifdə oxuyanda evə gəlib ağlayırdım və atama deyirdim ki, mən Xalid müəllimlə evlənəcəm. Xalid müəllimə o qədər aşiq idim. Onun sayəsində riyaziyyatı, fizikanı çox sevmişəm. Bu gün onun sayəsində bu yerdəyəm, o, mənim indiki mən olmağımın səbəbkarıdır.

Böyük qızım Sofiya eynən mənim kimi aktivdir. Arada Xalid müəllimin şəklini göstərirəm ki, “bu, mənim müəllimim olub, mən müəllimimi nə qədər sevirəmsə, sən də müəllimlərini, məktəbini o formada sev”.

“İngilis dilini evimizdə qalan amerikanlardan öyrəndim”

– Necə oldu ki, 10-cu sinfi bitirənə kimi Zərdabdan heç yana çıxmayan, evin tək övladı olan 16 yaşlı qızın 11-ci sinfi Amerikada oxumasına evdən icazə verdilər?

– Atamın ailəsi çox kasıb olub. Atam anadan olanda anası dünyasını dəyişib. Zərdabın kəndində anasız böyüyüb. Sonra öz gücünə Bakı Dövlət Universitetinin (BDU) kibernetika ixtisasına qəbul olub. Daha sonra təhsilini davam etdirmək üçün Moskvaya gedib. Anam tərəfdən isə həkim, hüquqşüns, universitetdə müəllim işləyənlər çoxdur. Anam BDU-nun fizika fakültəsini bitirib. O da təhsilini davam etdirmək üçün Moskvaya yollanıb və atamla da orada tanış olublar.

Amerikada oxumağıma gəlincə, heç vaxt bizim evdə mənim oxumaq üçün Amerikaya, Almaniyaya, yaxud Kanadaya gəlməyimə etiraz olmayıb. Əksinə, getməyim üçün məni həvəsləndiriblər.

– Bəs ingilis dilini necə oldu öyrəndiniz?

– Mən 6-cı sinifdə oxuyanda Amerikanın “Peace Corps” deyilən təşkilatından amerikalılar Zərdaba gəlmişdi. Onlar könüllü olaraq məktəbimizə dərs deyir, amerikan mədəniyətini yayırdılar. Anam da onlara bizim evdə heç bir kirayə pulu vermədən qalmalarını və bunun əvəzində mənə ingilis dilini öyrətmələrini təklif etdi. Onların sayəsində hətta rəhmətlik babam da ingilis dilini öyrənirdi. Evimizdə qalan cütlüklərin – Sezar və Emanın yardımı ilə ingilis dilini öyrəndim. Onu da deyim ki, dil öyrənmək qabiliyyətim çox zəifdir. Amma anamın uzaqgörənliyi sayəsində evimizdə elə bir şərait yaranmışdı ki, ingilis dilini öyrənməməyim mümkünsüz idi. Daha sonra Sezarın köməyilə FLEX proqramıyla Amerikaya getdim və 11-ci sinfi Texasda oxudum. İndiyə qədər Sezar və Emayla əlaqəm var. İndi Sezarın Virginiyada öz məktəbi var.

İnsanın, xüsusilə qızın həyatını müəyyənləşdirən onun doğulduqdan sonra hansı ananın qucağında böyüməsidir. Səni dünyaya gətirən ananın qucağı sənin həyatının gedişatını müəyyənləşdirir. Zərdabda olmursan, Tanzayida ol, sənin anan proqressivdirsə, sən öz həyatını düzənə sala biləcəksən.

“Almaniyaya getdiyim gün anam dünyasını dəyişdi”

– Sonra Azərbaycana qayıtdınız və bakalavr pilləsində təhsil almaq üçün Almaniyaya getdiniz…

– Azərbaycana qayıdıb universitetə imtahan verdim və Bakı Dövlət Universitetinə qəbul oldum. 4 ay BDU-da oxuyandan sonra Almaniyaya transfer oldum. Əslində Almaniyada oxumaq fikrim çoxdan olduğundan alman dilini öyrənməyə başlamışdım. Sertifikatımı alan kimi Azərbaycan dövlətinin “Xaricdə təhsil” proqramı ilə riyaziyyat üzrə təhsil almaq üçün Almaniyanın Mannheim şəhərinə yollandım və Manheim Universitetində oxumağa başladım.

Onu da deyim ki, Almaniyada təhsil almağıma riyaziyyat müəllimim Xalid müəllimin Almaniyada oxuyub həkim işləyən oğlu kömək etdi. Qəbul almağım, universitet, ixtisas seçimim və s. məsələlərdə o, yol göstərdi.

– Deyəsən, siz Almaniyaya yola düşən gün ananız rəhmətə gedib…

– Bəli, məni aereporta qoyub qayıdanda maşını idarə edən bibim oğlunu yuxu tutduğuna görə qəza baş verir və maşında heç kimin burnu qanamır və anam təhlükəsizlik kəmərini bağlamadığından maşın aşanda qapısı açılır və qapısından düşüb dünyasını dəyişir. Almaniyaya çatdığım gün nə anam, nə atam telefonlarıma cavab vermədi. Səhərə kimi yatmadım. Sabahısı qonşumuza zəng etdim, o da dedi ki, evimizdən işıq gəlir, hər şey yaxşıdır. Bir gün sonra atam zəng elədi və anamı çalışdığı məktəbdən Qaxa göndərdiklərini və orada telefon tutmadığından danışa bilmədiyinid dedi. Anam əməkdar müəllim olduğundan tez-tez digər rayonların məktəblərinə gedirdi deyə mən rahatlıqla inandım. On gün sonra atam Almaniyaya gəldi və anamın ölüm xəbərini mənə qatarda verdi. Qayıtmaq istədiyimi deyəndə məni başa saldı ki, mən qayıtmaqla heç nəyi dəyişə bilməyəcəm. Almaniyada düz 1 il özümə gələ bilmədim, depressiyada idim, yeni mühitə heç cür uyğunlaşa bilmirdim. Mənə çox çətin oldu. Magistraturanı da Azərbaycanın dövlət proqramı ilə Almaniyada iqtisadiyyat üzrə oxudum. Elmi rəhbərim Markus Frochlich bütün Avropada ekonometrika ilə məşğul olan məşhur alimdir. Onun sayəsində mən də bir il magistraturada oxuyandan sonra əsas ixtisas kimi ekonometrikanı, statistikanı seçdim.

Azərbaycanda və Almaniyada universitetdə müəllim

– Dövlət proqramı ilə oxuyandan sonra Azərbaycana qayıdıb sonra haralarda çalışdınız?

– Magistraturanı bitirib Azərbaycana qayıtdım. Dövlət proqramıyla təhsil aldığıma görə Təhsil Nazirliyində kuratorum var idi, daim Almaniyada onunla əlaqə saxlayıb təhsilimlə bağlı məlumat verirdim. Qayıdandan bir ay sonra kuratorum zəng edərək Mərkəzi Bankın Araşdırma və İnkişaf departamentində iqtisadçı vakansiyasının olduğunu və məni oraya tövsiyə etmək istədiyini dedi. Təbii ki, razılaşdım. Məni işə götürdülər və orada 2.5 il işlədim. Eyni zamanda, Bakı Dövlət Universitetində mənə 4 ay dərs deyən müəllimlərimdən birinin köməyilə İqtisad Universitetində vakansiyanın olduğunu öyrəndim. Universitetin tədris ingilis dilində olan Beynəlxalq İqtisad Məktəbində riyaziyyat müəlliminə ehtiyac var idi və orada riyaziyyatdan dərs deməyə başladım. İki il İqtisad Universitetində axşam növbəsində dərs dedim. Yeri gəlmişkən, Almaniyada magistraturada oxuduğum müddətdə müəllim köməkçisi kimi bakalavr pilləsində təhsil alan tələbələrə dərs demişəm.

– Almaniyada necə oldu professor köməkçisi kimi dərs deməyə başladınız. Necə oldu sizi seçdilər?

– Almaniyada magistratura iki cür olur: tezis və kurs əsaslı. Tezis əsaslı magistraturada kurs əsaslıdan fərqli olaraq mütləq elmi iş yazmalısan. Mən də tezis əsaslı magistraturanı seçdiyim üçün universitetin departamentində vakansiya olanda bizə deyirdilər. Vakansiyalardan birinə müraciət etdim və qəbul aldım. Qeyd edim ki, Almaniyada təhsil alan tələbələrin əksəriyyəti əcnəbilər olduğundan onlara dərs deyənlərin də əcnəbi olmağına üstünlük verirlər. Çünki əcnəbi tələbələr yerli alman müəllimlərin professional almanca danışığını yaxşı başa düşmürlər. Həm də mədəniyyət baxımından da biz əcnəbi tələbələrə daha yaxınıq. Bu baxımdan müəllim kimi işə götürülməyim çətin olmadı.

“Kanadada təhsil naziri olsam, Kanada təhsil sistemini bütövlükdə dəyişərəm”

– Bəs necə oldu ki, Kanadada təhsil almağa qərar verdiniz?

– Mən dinamik adamam, stabilliyi sevmirəm, bir işdə çox çalışanda məni yorur. Mərkəzi Bankda 2 il işləyəndən sonra başa düşdüm ki, işdə etdiyim bütün proseslər mənim üçün sadələşib və öyrənəcəyim bir şey yoxdur. O zaman özümü inkişaf etdirmək üçün Kanadada təhsil almağa qərar verdim. Toronto Universitetinə müraciət etdim, amma Toronto Universiteti mənim araşdırmaq istədiyim elmi işi maliyyələşdirmədiyinə, təqaüd vermədiyinə görə ora getmədim. Başqa universitetlərdən elmi rəhbər axtarmağa başladım. Saskaçevan əyalətində Regina Universitetində gələcək elmi rəhbərim Andrey Volodinlə yazışdım. Andrey mənə Regina Universitetinin müəllimi olan həmyerlimiz Arzu Sərdarlı barədə danışdı, ortaq layihələrinin olduğuni dedi. Andreyin və Arzu müəllimin sayəsində tam təqaüdlə Regina Universitetinə gəldim və statistika üzrə PHD təhsili almağa başladım.

– Maraqlıdır, Azərbaycanda, Almaniyada və Kanadada təhsil almısınız. Hansı fərqləri gördünüz, xüsusilə də Almaniya və Kanada təhsili arasında?

– Müqayisə edəndə bütün kreditimi Almaniyaya vermək istəyirəm. Kanadada təcrübəyə çox üstünlük verirlər. Almaniya isə sənə nəzəriyyəni dərindən öyrədir. Məsələn, tibb təhsili alanda insanın anatomiyasını, fizionomiyasını öyrənirik, ondan sonra stənilən xəstəyə öyrəndiyimiz nəzəriyyə əsasında diaqnoz qoya bilirik. Almaniyada təhsil bu formadadır, bu işin nəzəriyyəsini bilirsən və bu nəzəriyyə əsasında istənilən problemi həll edirsən. Kanada təhsilində isə problem ondan ibarətdir ki, burada sənə demək olar ki, nəzəriyyə öyrətmirlər. Mən Kanadada PHD-mi edəndə magistratura səviyyəsində dərs keçən bakalavr tələbələrinə dərs demişəm. Orada gördüyüm tələbələr adicə kəsirlərdə qoyulan işarələrdə çətinlik çəkirdilər, nə olduğunu soruşurdular. Başa düşdüm ki, onların universitetdə 1-2-ci kursda keçdiyi dərsləri mən Zərdabda 10-11-ci sinflərdə oxuyanda öyrənmişəm. Məsələn, törəmə, limit tapmaq, inteqrallamağı mən Zərdabda 10-11-ci siniflərdə öyrəndiyim halda, Kanadada bunu magistratura səviyyəsində dərs keçən bakalavr tələbələrinə öyrədirlər.

Mən Kanadada təhsil naziri olsam, Kanada təhsil sistemini bütövlükdə dəyişərəm. Nəzəriyyəni dərindən mənimsəməyən mütəxəssisin nəyi təcrübəyə tətbiq edəcəyini anlaya bilmirəm. Məsələn, deyək ki, həkim kimi nəzəriyyəni öyrənməmişik, təcrübə keçmişik. Qarşımıza çıxan xəstənin problemləri nədirsə, onları bilirik. Amma qarşımıza heç vaxt qarşılaşmadığımız problemlə gələn xəstənin dərdinin nə olduğunu bilməyəcəyik. Problem bundan ibarətdir.

“Özümü həmişə torpaqdan gələn insan kimi hiss edirəm”

– Öyrənəndə ki, elmi rəhbərlərinizdən biri azərbaycanlı olacaq, hansı hissləri keçirdiniz?

– Tasadüflərə inanmasam da, bunun çox gözəl bir təsadüf olduğunu qəbul edirəm. Mən özümü həmişə torpaqdan gələn insan kimi hiss edirəm, torpağa bağlıyam. Qlamur adam deyiləm, amma onlara da pis baxmıram. Sadəcə, özümü kökümə yaxın hiss edəndə rahat oluram. Arzu müəllimi görəndə elə bildim Zərdabda öz qohumlarımı gördüm. O qədər sevindim… Ürəyimi yarıb ona versəm, yenə də yetməz. Hər işimdə mənə o qədər dəstək olub. Kanadada bilirsiniz ki, hər şey tanışlığın (networking) üzərində qurulub. Arzu müəllim universitetdə dərs deməyimin birinci səbəbkarıdır. Çünki Arzu müəllim məni tövsiyə etməsəydi, heç vaxt məni işə götürməzdilər. Elmi işimdə mənə çox kömək edib, ailəmin belə formalaşmasında Arzu müəllimin rolu böyükdür. Onu da deyim ki, Arzu müəllim təkcə mənə deyil, bura gələn bütün azərbaycanlılara əlindən gələn köməyi edir. Çox gözəl insandır.

“Atam evlənməyimizə bir şərtlə razılıq verdi ki, Arnaud müsəlmanlığı qəbul etsin”

– Arzu müəllimin ailənizin formalaşmasına da yardım etdiyini dediniz. Bu, necə baş verdi?

– Yoldaşım fransızdır, daha doğrusu, Fransa əsilli kanadalıdır. Onunla 2019-cu ildə Regina Universitetində oxumağa gələndə tanış olmuşam, eyni departamentdə mən statistika üzrə, o, riyaziyyat üzrə doktoranturada oxuyurdu. Hazırda Arnaud Montrealda McGill Universitetində riyaziyyat üzrə post doktoranturanı oxuyur, məndən 6 ay sonra o da PHD-sini alıb. Biz evlənmək qərarı verəndə atamla danışdım. Amma atam heç cür razılıq vermirdi. Çoxlu danışıqlar oldu və Arzu müəllim də o danışıqların içərisində idi. Axırda atam bir şərtlə razılıq verdi ki, Arnaud müsəlmanlığı qəbul etsin. O da qəbul etdi və 2020-ci ilin sentyabrında evləndik. Üç və dörd yaşlarında iki qızımız var.

– Maraqlıdır, evdə hansı dildə danışırsınız?

– Bacardığımız qədər fransızca danışmağa cəhd edirik. Alınmayanda ingiliscə danışırıq. Amma mən xüsusilə uşaqlara əsəbiləşəndə özümü Azəraycan dilində ifadə edirəm. Danışa bilməsələr də, azərbaycanca başa düşürlər. Körpə olanda Azərbaycan dilində onları yatızdırdığım “Lay-lay”ı, eyni zamanda, “Xoruz” şeirini, “Ya bundadır, ya onda”nı əzbər bilirlər. Çox qəşəng başa düşməsələr də, məni anlayırlar. Öz millətimi sevən adamam, uşaqlarımda da öz millətimi görürəm, elə bilirəm, zərdablıdırlar.

Atamla tez-tez danışırıq və hər dəfə də xahiş edirəm ki, uşaqlarımla rus dilində danışsın ki, onlar ruscanı öyrənsilər. Çünki həyatımın hər bir mərhələsində rus dilini bilməməyimin  dezavantajını yaşamışam. Mərkəzi Bankda işləyəndə məndən başqa hamı rusca danışırdı, mən də başa düşmürdüm. İndi istəyirəm uşaqlarım rusca da öyrənsin.

Həyat yoldaşım fransız olduğundan uşaqları fransız dilli məktəb qoymuşuq. Uşaqların məktəbində də qarşımıza şərt qoydular ki, uşaqların bu məktəbdə qalmasını istəyiriksə, digər valideyn, yəni mən də fransızca bilməyimlə bağlı onlara sertifikat təqdim etməliyəm və evdə fransızca danışmalıyıq. Buna görə mən də fransızca müəyyən səviyyədə öyrənib məktəbə bunu sübut edən sertifikat təqdim etdim.

– Yəqin yoldaşınızın Reginada qohumları var. Mədəniyyət fərqi problem yaratmır ki?

– Yoldaşımın ailəsi xristiandır. Hər bazar onlarla mən də kilsəyə gedirəm. Biz namaz qılırıq və islamda ibadət əsasən tənhalıqda olur, amma xristianlar icma şəklində ibadət edirlər. Mən hər hansı problem yaradacaq mədəniyyət fərqi görmürəm. Fransızların çox gözəl mətbəxi var. Mən də hərdən yarpaq dolması edirəm və yoldaşımın əmisi uşaqları, nənəsi çox sevir. Fransızlarda bütün ailənin yemək süfrəsi arxasında oturub nahar etməsi bir mədəniyyətdir, onların yemək yemək ənənələri, ritualları var. Mən də daxil olmaqla, əksər azərbaycanlı ailələrdə isə yeməyi ac qalmamaq üçün ayaq üstə, tələsik yeyirik. Fransızlar isə ailəylə oturub yemək yemək istəyirlər. Uşaqlar bağçadan gələndə acından ölürdülər deyə mən onlara tələmtələsik yemək verirdim. Atası həmişə buna qarşı çıxırdı və deyirdi ki, “bizim ailəvi yemək vaxtımız olmalıdır”. İndi uşaqlar bağçadan gələndə çimizdirirəm, başlarını nə iləsə qatıram və saat 7-də hamımız bərabər süfrə arxasına keçirik.

“Evimizdə televizor yoxdur”

– Ailədən söz düşmüşkən, doktorantura təhsili alanda övladlarınız var idi deyəsən. Oxumaq çətin olmadı ki?

– Bəli, doktoranturada oxuyanda böyük qızım dünyaya gəlmişdi, kiçiyi də yolda idi. Asan deyildi. Amma araşdırma elədiyim ərəfə COVİD vaxtına düşdüyü üçün evdən çölə çıxmadığımızdan elmi işimə zamanım qalırdı. Bir də yoldaşım mənə çox kömək edirdi.

– Müsahibədən əvvəl sizinlə danışanda dediniz ki, uşaqlara görə evdə televizora baxmırsınız…

– Bizim evdə, ümumiyyətlə, televizor yoxdur. Uşaqlar evə gələn kimi yoldaşım da, mən də telefonu, tableti yığışdırıb uşaqların görməyəcəyi yerə qoyuruq. Onlar yatandan sonra telefonumu açıram. Çünki biz televizora, telefona baxsaq, onlar da istəyəcək. Onlar gələn kimi oynamaları üçün müxtəlif formalarda kağızlar kəsir, onlarla oynayır, kitab oxuyuruq. Hava yaxşı olanda evimizin arxasındakı bağçada birlikdə nələrsə əkib-becəririk, onları müxtəlif uşaq əyləncələri olan tədbirlərə aparıram. Böyük qızımın çox gözəl əl qabiliyyəti var, 3 dənə taxta versən, ondan mütləq nəsə düzəldəcək. Amma televizora, telefona baxsaydı, əminəm ki, bunu edə bilməyəcəkdi.

– Deyəsən, sizin sosial şəbəkə hesabınız da yoxdur…

– İlk telefonumu mən Almaniyaya gedındə atam almışdı. Yalnız zəng gedib, zəng gəlirdi. Atamla da kompyuterdən Skaypla əlaqə saxlayırdım. Başım oxumağa qarışdığına görə sosial şəbəkələrə qoşulmamışam. Əslində bilsəm ki, orada öyrənə biləcəyim, maraqlı nəsə var, qoşulmamaqla nəyisə itirirəm, qaçırıram, açaram. Heç bir şeyi itirmədiyimi düşünürəm. Sosial şəbəkəyə ayıracağım zamanı uşaqlarıma ayırıram, onlarla vaxt keçirirəm.

“Həddən artıq liberal ölkə olduğundan Kanadada qalmaq istəmirik”

– Elm arxasınca getməyi planlaşdırırsınız? Ümumiyyətlə, gələcək planlarınız nədir?

– Farm Credit Canadada data üzrə mütəxəssis olaraq çalışıram. Çalışdığım təşkilat fermerlərə kənd təsərrüfatı üzrə kreditlər verir, onları dəstəkləyir. Hazırda gördüyüm iş əslində araşdırmadır, amma akademik araşdırma deyil.

Fikrimcə, araşdırma, araşdırıb yeni bir şey tapmaq həyat tərzidir, iş deyil. Mən müdafiə edənə qədər ağlıma nəsə gələndə gecə durub işləyirdim. Çünki onu sabaha saxlasaydım, yadımdan çıxacaqdı. Uşaqlarım balaca olduğundan bu həyat tərzi ilə onların həyatında rol oynaya bilməyəcəyimi düşünürəm. Mən onların həyatında iz buraxmaq istəyirəm. Buna görə də uşaqlarım böyüyüb özlərini tanıyana kimi akademik araşdırma ilə məşğul olmağı düşünmürəm. Regina Universitetində dərs deyirəm, bu da məni sahəm üzrə son yeniliklərdən xəbərdar edir. Professor kimi araşdırmalar etməyi 10-15 il sonra üçün planlaşdırıram.

Əslində yoldaşımla planlarımız Kanadada qalmaq deyil. Uşaqlarım böyüyəndən sonra Almaniyaya qayıdıb orada yaşamağı düşünürük. Əgər yoldaşım Almaniyada iş tapa bilsə, orada yerləşmək istəyirik. Almaniyanı çox sevirəm, almanları çox sevdiyimi deyə bilmərəm, amma kanadalılardan daha çox sevirəm. Çünki almanlar sözü birbaşa üzə deyirlər, üzünə gülümsəyib arxanca danışmırlar. Bir almanın səni xoşlayıb xoşlamadığını bilirsən, bunu hiss etdirirlər. Amma kanadalılarla münasibətdə heç vaxt bunu bilmirsən.

– Niyə Kanadadan getmək istəyirsiz? Məhz səmimi olmadıqlarına görə, yoxsa Kanadanın sərt qışı, Almaniyanın Azərbaycana, Faransaya daha yaxın olması…  

– Kanada həddən artıq liberal ölkədir. Baxmayaraq ki, müsəlmanlara və islama ən azı zahirən də olsa xoşgörü ilə yanaşılır, biz övladlarımızın müəyən dərəcədə konservativ dəyərlərə sahib bir cəmiyyətdə böyüməsini üstün tuturuq. Məncə, Kanadanın uzun və sərt qışı da ölkədən köçmək qərarımızda müəyyən rol oynayır.

“Azərbaycanda nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

– Haisə xanım, son olaraq uğurunuzun sirri nədədir?

– Çox səmimi cavab verməyimi istəyirsinizsə, bunun valideynlərimdən qaynaqlandığını düşünürəm. O qədər xoşbəxt ailədə böyümüşəm, o qədər yaxşı, zəhmətkeş, ailəsinə bağlı atam var. Anam da çox zəhmətkeş, ailəsinə bağlı olub. Bir də valideynlərim məni ərköyün yetişdirməyiblər. Çətinlik görmüşəm və o çətinlik mənim xarakterimi formalaşdırıb. 16 yaşımda Texasda tək yaşamışam, hər qərarımı özüm vermişəm, kiçik yaşımda məsuliyyət sahibi olmuşam. Şəxsiyyətim evimizdən kənarda formslaşıb.

Mən Zərdabda olanda bizim isti suyumuz yox idi. Qışda suyu odunla qızdırıb paltarımızı, qabımızı yuyurduq. Buradakı şərtlərlə, hər cür şəraitlə kanadalıların oxumadığını görəndə təəccüblənirəm. İnsan beyni elə bir formada qurulub ki, çətinliklə üzləşəndə onu aşır, çətinlik görməyəndə işləmir. Buna görə də əksər vaxtlarda uşaqlarımı çətinliyə salmağa çalışıram. Atam uşaqlarımı əsgər kimi böyütdüyümü deyir. Amma mən onları çətinliyə salıram ki, rahata öyrəşməsinlər, mağazaya gedəndə istədikləri hər şeyi almamağa çalışıram. Mən öz çətinliklərimdən yola çıxaraq bunu eləyirəm ki, beyinlərini işlətsinlər.

Həyatının rahat olması insanı tənbəlliyə sövq edir, beyinin fəaliyyətini zəiflədir. Azərbaycanda İqtisad Universitetində bir neçə nazirin övladıyla riyaziyyatdan şəxsən birəbir məşğul olmuşam. Onlarla danışanda başa düşürdüm ki, onlara motivasiya verən heç nə yoxdur. İnsan həyatda nəyəsə nail olmaq üçün yaşayır, çarpışır, vuruşur. Əgər pulun, evin, yaxud təhsilin yoxdursa, bunlar sənə motivasiya verir və qarşına məqsəd qoyaraq bir-bir bu arzularına çatmaq üçün çalışırsan. Amma komfortun içində olanda, heç bir motivasiyan olmur. Onsuz da sənin həyat qarantiyan, pulun, evin, hər şeyin var. İstədiyin hər şeyi əldə edə biləcəyini anlayırsansa, beynini işlətməyə ehtiyac görmürsən. Yəhudilərin çox zəki millət olmasının səbəbi də daim çətinlik görmələridir. Qısa olaraq, çətinlik insanı daim irəli aparır və mənim də uğurumun səbəblərindən biri məhz çətinliklərlə üzləşməyimdir.

©canazerbaijan

Seçilən
23
valyuta.az

1Mənbələr