AZ

Köhnə bir albomda köhnə bir şəkil

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sevinc SABİRQIZI

Əkizlər

Köhnə bir albomda köhnə bir şəkil,

Saralıb soluxmuş, yanları qopuq...

Nələr danışardı, əgər açsa dil,

Nələri söylərdi bu "cansız", "donuq"...

Deyərdi:

- Bir əsgər ailəsinin

uzaq illərinin bir anıyam mən.

Həm də tək deyildim, əkizim vardı...

Onu müharibə ayırdı məndən.

Bir səhər ayılıb əsgər qızları

Xeyli danışdılar, ölçüb-biçdilər.

Məni əkizimlə yanaşı qoyub,

Onu bəyəndilər, onu seçdilər.

"Səni gözləyirik, əziz atamız,

tez qayıt!" - beləcə yazaraq onlar,

Məktubla birlikdə əkizimi də

O uzaq cəbhəyə yola saldılar.

Qızlarla yaşadım mən intizarı -

Onlar da gözlədi, mən də gözlədim...

Günlər aya döndü, aylar da ilə,

Nə əsgər qayıtdı... nə də əkizim...

Bəlkə...

Səssiz, dinməz, gah sağımda,

gah solumda bitən kölgəm,

Gah önümə düşüb gedən,

gah yox olan, itən kölgəm,

Ayaq saxla, gəl oturaq bu daş üstə,

köhnə sirdaş,

Mən danışım, sözlərimi bir sən eşit,

bir də bu daş...

İllər öncə bir yaz günü

ikilikdə yola çıxdıq,

Heybəmizə bu yol boyu

aylar yığdıq, illər yığdıq -

Biri ağır, biri yüngül,

biri yaxşı, biri pisdi...

Bəlkə çoxdan deməliydik:

"Yığdığımız bizə bəsdir..."

Ayı-ili yığa-yığa

ağırlaşdı yükümüz də,

Bəzən bu yol bezdi bizdən,

hərdən biz də bezdik ondan...

Hər nə qədər bezsək də,

əsla inciməyə haqqımız yox,

Bu yol ilə aramızda

bənzəyiş çox, oxşarlıq çox...

O da mənim ürəyimtək

köhnə, nimdaş, yamaqlıdır,

Yerbəyerdən cadar-cadar,

ağ və qara zolaqlıdır.

Ağ zolaqlar yəqin kiminsə

ürəkdən alqışıdır...

Qaraları, görən, kimin

bədduası, qarğışıdır?..

İndi bizim olduğumuz

bu yer yolun harasıdır?

Zolaqların ağındayıq,

yoxsa hələ qarasıdır?..

Heç bilmirəm, qara kölgəm,

bəlkə, yolun sonundayıq...

Bəlkə, vədə o vədədir -

bəlkə, vida anındayıq...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
525.az

1Mənbələr