AZ

Dünyada ən çox qadın üzvü olan kəşfiyyat xidməti... - “Mossad”

İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı keçirdiyi xüsusi əməliyyat dünya mediasının gündəmini zəbt edib. Bu əməliyyatda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerini başda olmaqla, bir sıra yüksəksəviyyəli hərbi məmurlar, eləcə də 6 nüvə aliminin öldürülməsi cənub qonşumuzda ciddi narahatlıq yaradıb.

“Qafqazinfo” xəbər verir ki, hadisələrinin davamında İsrailin Müdafiə ordusu İran ərazisinə endirilən zərbələrin detallarını da açıqlayıb. Məlum olub ki, hücumda ölkənin Hərbi-Hava Qüvvələrinin 200-dən çox qırıcı təyyarəsi iştirak edib və İran ərazisində yüksəksəviyyəli hərbi liderlərin sığınacaqları da daxil olmaqla, 100-dən çox obyektə zərbə endirilib. 

Əməliyyatda kəşfiyyat məlumatlarının ciddi rol aldığı aydın məsələdir. Bu məqamda isə İsrailin “Mossad” kəşfiyyat xidməti ön plana çıxır. Məlum olur ki, əməliyyat çərçivəsində “Mossad” agentləri hücumdan hələ uzun müddət əvvəl paytaxt Tehran yaxınlığında pilotsuz uçuş aparatlarının buraxılması üçün gizli baza yaradıblar. 

Əməliyyatın hazırlıqlarına kəşfiyyat məlumatlarının toplanması və İranın dərinliklərində agentlərin əvvəlcədən yerləşdirilməsi daxil olub. İranın yüksəkrütbəli məmurlarının evlərinin belə, dəqiqliklə hədəf alınması İsrail kəşfiyyatının hazırlığından xəbər verir.

“Qafqazinfo” bu məqamda xatırladır ki, “Mossad” kəşfiyyat xidməti dünyanın ilk beşliyinə daxil olub.

“Mossad” ölkənin, hərbi kəşfiyyat agentliyi “Aman” və daxili təhlükəsizlik agentliyi “Şin Bet” ilə birlikdə İsrail Kəşfiyyat Birliyinin bölmələrindən biridir.

“Mossad” kəşfiyyat məlumatlarının toplanması, gizli əməliyyatlar və terrorla mübarizəyə cavabdehdir. Qurumun əsas mahiyyəti yarandığı gündən təkcə İsraili deyil, həm də dünyanın bütün yahudi icmalarını mümkün hücum cəhdindən qorumaqdır.

“Mossad” 13 dekabr 1949-cu ildə Mərkəzi Koordinasiya İnstitutu olaraq yaradılıb.

1951-ci ilin martında o, yenidən təşkil olunub. Lakin təşkilat müxtəlif rəsmi adlarla 1990-cı illərə qədər fəaliyyətini gizli saxlaya bilib.

“Mossad” heç bir hüquqi məqsəd, rol, vəzifə, səlahiyyət və büdcə ilə müəyyən edilə bilməz və İsrail dövlətinin konstitusiya qanunlarından tamamilə azad olduğu üçün dərin dövlət hesab olunur.

“Mossad” direktoru birbaşa İsrailin Baş naziri qarşısında cavabdehdir.

İllik büdcəsinin təqribən 10 milyard şekel olduğu təxmin edilən “Mossad” bəzi mənbələrə görə, Amerika və Qərb dünyasında ikinci ən böyük kəşfiyyat təşkilatıdır.

Rəsmi mənbələrə əsasən, təşkilat 1200 personala malikdir. Lakin qeyr-rəsmi məlumatlarda onların sayının dünya üzərində 30 mindən çox olduğu bildirilir. 

Qeyd olunur ki, hər bir yəhudi bu və ya digər şəkildə “Mossad”a xidmət edir. 

Hətta israillilər “Mossad”a xidməti və onun üçün məlumat toplamağı özlərinə borc bildiklərini də deyirlər. Çünki yahudilər “Mossad” sayəsində qorunduqlarına inanırlar.

Həmçinin, dünyada ən çox qadın üzvə sahib olan kəşfiyyat orqanıdır.

Emin Səfərov

Seçilən
24
5
qafqazinfo.az

6Mənbələr