BAKI, 14 iyun. TELEQRAF
İsrailin zərbəsi nəticəsində İranın Natanz nüvə obyektində kiçik radioaktiv sızma baş verib, lakin çirklənmə xarici mühitə yayılmayıb.
Teleqraf xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Bəhruz Kamalvəndi bildirib.
"Natanzda obyektlərin əsas hissəsi yeraltıdır. Zərbələr səthə olub deyə obyektin daxilində çox kiçik sızma olub, çirklənmə xarici mühitə yayılmayıb. Ona görə də radioaktiv çirklənmə baxımından insanlar əmin ola bilərlər ki, heç bir problem yoxdur”.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natanz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub.
İranın buna cavab olaraq həyata keçirdiyi əməliyyat çərçivəsində İsrail ərazisinə 150-dən çox ballistik raket atılıb.