AZ

Düşünülmüş siyasətin bəhrəsi:İqtisadi tərəqqi, sosial islahatlar

Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixli «Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında» Fərman daha geniş və əhatəli növbəti sosial paket olmaqla insan amilinə daha yüksək səviyyəli qayğıdır

Müasir Azərbaycanın banisi, xilaskarı olmaqla müstəqil dövlətimizin sosial-iqtisadi inkişaf konsepsiyasının parametrlərini müdrikcəsinə müəyyənləşdirən Ümummilli Lider Heydər Əliyev güclü və dayanıqlı sosial müdafiə sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət göstərmişdir. Dövlət başçısı kimi mətbuata ilk müsahibələrində «Ölkədə bir nəfər də olsun yoxsul qalmamalıdır!» çağırışı ilə bu siyasətə sadiq qalacağını bildirən Prezident İlham Əliyev bütün sahələr üzrə islahatları yüksək səviyyədə davam etdirməklə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasını bu təməl əsasında formalaşdırıb. Müstəqil dövlətimizi dinamik inkişaf yolunda daim irəli aparan və möhtəşəm Zəfər zirvəsinə yüksəldən Prezident İlham Əliyevin güclü inkişaf strategiyası, uğurlu sosial islahatlar proqramı ölkədə insan amilinə verilən yüksək dəyərin ifadəsi kimi ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır. Sosial siyasətin davamlı xarakter alması vətəndaş rifahının təminatı sahəsində mühüm nailiyyətlərin əldə olunması imkanların artırır. Təbii ki, dövlətin gücünün, inkişafının barometri humanizm dəyərlərinə əsaslanan sosial ədalətin qorunması, cəmiyyətin tələb və təkliflərinin diqqətdə saxlanılmasıdır. Ən ədalətli hakim olan zaman göstərdi ki, cənab İlham Əliyev nəinki uzaqgörən və praqmatik siyasətçidir, eyni zamanda, humanizm prinsiplərinə sadiq qalan dövlət başçısıdır.

Ölkəmizdə dövlətin sosial siyasət kursunun davamlı inkişafının əsas parametri aztəminatlı insanların sosial müdafiəsinə diqqətin artırılmasıdır. Bu siyasətə sadiqliyin nəticəsidir ki, vətəndaşların əməkhaqları, pensiyaları, müavinətləri, təqaüdləri və digər sosial ödənişlər mütəmadi artırılır. Daha çox insanı əhatə edən ünvanlı sosial yardım və özünüməşğulluq proqramları uğurla davam etdirilir. Mənzilə ehtiyacı olanlar üçün sosial evlər tikilir, ipoteka kreditləri verilir. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticəsidir ki, Azərbaycan nümunə göstərilə biləcək səviyyədə inkişaf etmiş, güclənmiş, dünyanın aparıcı dövlətləri sırasında addımlamaq hüququ qazanmışdır. Ölkə əhalisinin həyat tərzinin yaxılaşdırılması naminə həyata keçirilən sosial paketlərin tətbiqi ilə «Bir sözlə, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik» sözlərini doğruldan Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi dövlətin diqqət mərkəzindədir.

Cari ilin əvvəllərində Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərinin 3 ay müddətində ölkə Prezidentinə təqdim edilməsi ilə bağlı tapşırığın verilməsi bu istiqamətdə atılan növbəti addım idi. Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixli «Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında» Fərman bu əsasda hazırlanan ən yüksək səviyyəli, daha geniş və əhatəli sosial paket olmaqla əhatə dairəsinin zənginliyi ilə də fərqlənir. Yeni sosial islahatlar paketində ölkə vətəndaşlarının güzəranlarının daha da yaxşılaşdırılması naminə gözlənilən ödənişlərin artırılmasına xüsusi diqqət göstərilib. Əsasən insan amilinə diqqəti nəzərdə tutan, müxtəlif sosial sahələri əhatə edən Fərmanda nəzərdə tutulan maddələrin çoxşaxəli olması təsdiqləyir ki, iqtisadiyyatın güclənməsi sosial islahatların əhatə dairəsini genişləndirən başlıca amildir. Ölkəmizdə qeyri-neft sektorunun, qeyri –neft sənayesinin inkişafı, özünüməşğulluq proqramına artan maraq, Azərbaycan brendi olan Ailə Biznesinə Asan Dəstək (ABAD), DOST, «ASAN xidmət» kimi layihələrin həyata keçirilməsi ilə ölkə vətəndaşlarının məşğulluq səviyyələrinin artırılması istiqamətində davam edən planlı islahatlar müsbət nəticəsini göstərir. Sahibkarlığın, fermer təsərrüfatlarının inkişafı üçün nəzərdə tutulan güzəştli şərtlərin tətbiqi, ayrılan kreditlərin, subsidiyaların həcminin artırılması, inflyasiya və kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi məsələlər olsa da, insanların həyat səviyyəsinin yaxşılaşmasına birbaşa müsbət təsir göstərməklə sosial islahatların tətbiqinə də geniş imkanlar yaradır. Başqa sözlə deyilsə, iqtisadi tərəqqi sosial islahatların həyata keçirilməsini şərtləndirir və sürətləndirir.

Liberal iqtisadiyyat yolu ilə dünyaya inteqrasiya edən, adı uğurla inkişaf edən ölkələr arasında ilk onluqda çəkilən Azərbaycanın sosial dövlət olmasını iqtisadi və sosial islahatların paralel aparılması təcrübəsi də təsdiqləyir. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışları zamanı dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Ölkəmizdə strateji kursa uyğun aparılan islahatlar bu reallığı təsdiqləyir. Dövlət başçımızın imzaladığı «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında»kı Sərəncam əhalinin maddi şəraitinin yaxşılaşdırılmasına yönəldilən mütərəqqi təkliflər paketi olmaqla daha önəmli yenilikləri, güzəştləri əhatə edib. Dünyanı bürüyən iqtisadi böhran şəraitində, xüsusilə COVID19 pandemiyası dövründə, güclü dövlətlərin belə sosial proqramları təxirə saldığı müddətdə ölkəmizdə insanların rifah halına təsir edəcək islahatların davam etməsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün nəticəsi idi. «Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır» söyləyən ölkə Prezidentinin tapşırıqları ardıcıl olaraq həyata keçirilən, o cümlədən son illər bir-birinin ardınca reallaşdırılan, hər biri neçə-neçə vətəndaşın rifahının dəstəklənməsində önəmli rol oynayan sosial islahatlarda aydın və əməli təsdiqini tapır. Buna nümunə olaraq dövlətimizin başçısının Fərman və sərəncamları əsasında 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin icra olunmasını, bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılmasını göstərmək olar. Həmin dövrdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə, əmək haqqı fondunda 3 dəfə, əmək müqavilələrinin sayında 609 min (48 faiz) artımın olduğunu görürük.

«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» əsasında hazırlanan və 2022-2026-cı illərdə görüləcək işləri əhatə edən Strategiyanın həyata keçirilməsi ilə ölkə iqtisadiyyatında əsaslı dəyişikliklər, bütün sahələr üzrə artım templəri nəzərdə tutulur. Özəl sektorun, orta sahibkarlığın inkişafına göstərilən dəstək, mövcud potensial və resurslardan səmərəli istifadə nəticəsində qeyri-neft sənayesinin ümumi daxili məhsulda payının artması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixrac potensialının çoxalması, qeyri-neft sektoruna, aqrar istehsal və emal sənayesinə göstərilən dövlət dəstəyi insan kapitalına yatırılan sərmayədir. Milli iqtisadiyyatda innovasiyaların sürətli tənzimlənməsi üçün zəruri ekosistemin formalaşması, dövlətin yaşıl enerji siyasətinin daha geniş miqyasda tətbiqi də sosial islahatlara önəmli dəstəkdir.

Prezident İlham Əliyevin «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında»” 23 dekabr 2024-cü il tarixli Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Həmin Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb. Göründüyü kimi, müavinət və təqaüd ödənişlərində artım dinamikası davamlı proses kimi daim diqqətdədir. Bu yeni sosial paket çərçivəsində növbəti ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artacaq və həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Dövlət büdcəsində əhalinin maddi rifah halının yüksəlməsi üçün 2025-ci il üzrə xərclərin 7. 676. 420. 000,0 manat məbləğində təsdiq edilməsi, sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da ölkəmizdə insan amilinə diqqətin , dövlətin sosial siyasətinin uğurlu nəticəsidir. Sosial islahatların tərkib hissəsi kimi, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanların ailələrinə, qazilərə, əlilliyi olan digər şəxslərə yönələn sosial ödənişlərin də davamlı artımı, bu statusa malik vətəndaşların mənzil- məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobilləri iə təminatı, aztəminatlı ailələr üçün nəzərdə tutlan ünvanlı sosial yarıdımlarda dəyişikliklərin edilməsi insan amilinə diqqətdir. Nəzərə çatdıraq ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu proqram 5 dəfə genişlənib. Son illər ölkədə müasir reabilitasiya sisteminin qurulması, reabilitasiya sahəsində biopsixososial modelə əsaslanan xidmət spektrinin yeni istiqamətlər üzrə xeyli genişlənməsi də təmin edilib.

Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST Konsepsiyası xüsusi yer tutur. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlar üçün şəffaf və çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulmasıdır. Bu istiqamətdə mühüm uğur olan DOST Konsepsiyasının davamı olaraq, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması təmin olunub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST Konsepsiyası 15 istiqamət üzrə 160 sosial xidmətin əhaliyə vahid platformadan, «bir pəncərə”»dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. Ölkəmizdə aparılan sosial islahatların uğurlarının mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilməsi, təcrübəsinin təbliğinə artan maraq dövlət başçımızın uğurla davam etdirdiyi sosial islahatlar konsespsiyanın məntiqi nəticəsidir.

Göründüyü kimi, respublikamızda sosial sahəyə xüsusi diqqət və qayğının artırılması, bütün sahələrdə hiss olunan tərəqqi, vətəndaşların müdafiə sisteminin gücləndirilməsi iqtisadi inkişafın, ən başlıcası ilə insan amilinə göstərilən diqqətin ifadəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
48
ikisahil.az

1Mənbələr