ain.az, Oxu.az saytına istinadən bildirir.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Atamgil Stalin-Mikoyan sövdələşməsinin qurbanı olub" adlı veriliş əslən Dərələyəz mahalının, Keşişkənd rayonunun Sallı kəndindən olan Afaq Mustafayevanın həyat hekayəsinə həsr olunub.
O, 1980-ci ildə Bakıda anadan olsa da, ata və babalarının Qərbi Azərbaycanda doğulduğunu, onların doğma yurdda çox gözəl günlər keçirdiklərini deyib: "Biz görmədiyimiz Vətənin həsrəti ilə böyümüşük. Atam bizə Sallını yazılarında, şeirlərində, gündəlik söhbətlərində tanıdıb, sevdirib. Babam fitri istedada sahib el sənətkarı olub. Onun ustadı Aşıq Cəlilin övladları ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, iki qızı əsir götürülüb və onların sonrakı taleyi məlum olmayıb. Atam danışırdı ki, 1937-ci il repressiya bəlaları onlardan yan keçməyib. Stalin-Mikoyan-Daşnak Partiyasının sövdələşməsi nəticəsində 1949-cu ildə "könüllü köçkünlər" adı altında camaatı öz yurdundan didərgin salıblar. Xəstə, qoca, uşaq bir vaqonda zorla Salyana gətirilib. 1957-ci ildə insanlar yenidən Dərələyəzə qayıdanda ermənilərin zəbt etdiyi doğma evlərinə yox, ikimərtəbəli köhnə evlərdə həyatlarına davam ediblər".
Onun sözlərinə görə, babası, nənəsi 3 dəfə - 1905, 1918, 1949-cu illərdə erməni vəhşiliyinin canlı şahidi olub, ailə üzvləri, qohumları ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib: "Həlimə nənə həmişə yana-yana danışardı ki, insanları tövlələrə dolduraraq, məscidlərə yığaraq od vurub yandırardılar. Ermənilər pəncərənin yanında tüfənglə gözləyərdilər ki, kimsə qaçsa, onu vurub öldürsünlər. İnsanları ot tayalarının içinə ataraq yandırırdılar ki, onların odu daha çox olsun və insan yanığının iyi bütün ətrafı bürüyürdü. Hətta bu kənddən digər kəndə gedirdi. Qadınları çılpaq vəziyyətdə oynamağa, rəqs etməyə məcbur edir, imtina edənləri güllə ilə vurub öldürürdülər".
Sallı kənd sakini bildirib ki, atamgil 1977-ci ildə Xaçmaz rayonunun Arzu kəndinə köçüblər: "Əmilərim, bibilərim Quba-Xaçmaz zonasında yerləşiblər. 1988-ci ildə, sonuncu qaçqınlıq dövründə orada təkcə böyük bibim qalmışdı, çıxmaq istəmirdi. Günlərin birində onları evdən çıxmağa məcbur ediblər. Bibimi o qədər tələsik çıxarıblar ki, hətta qapı itini zəncirdən açmağa imkan verməyiblər".
"Vətən qurbətdə, həsrəti ürəklərdə qalıb" deyən A.Mustafayeva vurğulayıb ki, ən böyük arzum gedib ata yurdumu görmək, babamın ocağını ziyarət etməkdir: "İnşallah, atamın əmanət verdiyi mis qazanlarda Sallıdakı ocaqda su qaynadacağam".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Qərbi Azərbaycan Xronikası: "Hələ 1977-ci ildə marşal Bağramyan demişdi ki, türkləri qovacağıq"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.