AZ

Sinner italiyalılar arasında liderdi

Fransa Açıq Çempionatında qələbəyə əsas namizədlərdən biri də Yannik Sinnerdi. Dünya reytinqinin bir nömrəsi 1/8 finalda Andrey Rublev üzərində inamlı qələbə qazanmaqla yeni rekordlar müəyyənləşdirdi.

"Football-plus.az" xəbər verir ki, Sinner “Böyük dəbilqə” turnirlərində kişilər arasında fərdi yarışlarda ən çox qələbə qazanan tennisçidi. O, Rublevi məğlub etməklə belə turnirlərdə 72-ci qələbəyə sevindi. Bu göstəricidə 2-ci yerdə Fabio, 3-cü yerdə isə Andreas Seppi (63) qərarlaşıb.

Sinner həminin dörd əfsanənin – Rafael Nadal, Andre Aqassi, Rocer Federer və Novak Cokoviçin nəticəsini təkrarladı. 23 yaşlı italiyalı 1990-cı ildən bəri ATP səviyyəli turnirlərdə ardıcıl 17 və daha artıq dəfə 1/4 finala çıxmağı bacaran 5-ci tennisçidi. Sonuncu dəfə belə uğura 2015-ci ildə Cokoviç nail olmuşdu.

Qadınlar arasında qələbəyə əsas namizədlərdən sayılan İqa Sventek də “Rolan Qarros”da tarixi uğura imza atıb. Polşalı xanım bu turnirdə keçirdiyi 42 oyunda 40-cı qələbəsini qazanıb. İqa bu nəticəyə görə yalnız Rafael Nadaldan geri qalır. İspaniyalı tennisçi 40 qələbəni 41 matçda qazanıb. Polşalı tennisçi 1/4 finalda Elina Svitolinaya qalib gəlməklə Fransa Açıq Çempionatında ardıcıl 4-cü dəfə yarımfinala yüksəlib.

“Rolan Qarros”da 40 qələbə həddinə ən tez çatan tennisçilər: Rafael Nadal (İspaniya) - 41 matç, İqa Sventek (Polşa) – 42, Byorn Borq (İsveç) – 42, Kris Evert (ABŞ) – 43, Monika Seleş (ABŞ) – 44.

İyunun 3-4-də 1/4 final oyunları da keçirildi. Kişilərin turnirində heç bir qeyri-adi nəticə qeydə alınmadı. Reytinqi daha yüksək olan Sinner Bublikin, Muzetti Tiafonun, Alkaras Polun öhdəsindən gəldi. Uzaqbaşı Cokoviçin Zverev üzərindəki qələbəsini kiçik sensasiya kimi dəyərləndirmək olar. Ancaq Zverev də düzünü deyir: 38 yaşlı Cokoviçi hesabdan silmək hələ tezdi. 38 yaş 3 günlüyündə yarımfinala çıxan serb tennisçi “Rolan Qarros”da 1986-ci ildən bəri bunu bacaran ən yaşlı tennisçidi. Həmin il 40 yaş 18 günlük Riçard Qonsales də eyni uğura nail olub. Cokoviç yarımfinalda Sinnerlə, Alkaras isə Muzetti ilə qarşılaşacaq. Oyunlar bu gün keçiriləcək.

Qadınlar arasında 1/4 final oyunlarına gəlincə, şansları daha yüksək dəyərləndirilən Sobolenko, Sventek və Qauff yarımfinala adladı. Buassonla Mirra Andreyevanın görüşündə isə əsl sensasiya qeydə alındı. Rusiyalı tennisçi Buassona azarkeşlik edən yerli publikanın təzyiqinə dözmədi, əsəbləşdi və dünyanın 361-ci (!) tennisçisinə uduzdu.

Qadınların turnirində dünən yarımfinal oyunları da keçirildi. Beləliklə, finalda Sobolenko ilə Qauff qarşılaşacaq.

Kişilər
1/4 final
Sinner (İtaliya, 1) – Bublik (Qazaxıstan) 6:1, 7:5, 6:0
Cokoviç (Serbiya, 6) - Zverev (Almaniya, 3) 4:6, 6:3, 6:2, 6:4 
Muzetti (İtaliya, 8) – Tiafo (ABŞ, 15) 6:2, 4:6, 7:5, 6:2
Alkaras (İspaniya, 2) – Pol (ABŞ, 12) 6:0, 6:1, 6:4

Qadınlar
1/4 final
Sobolenko (Belarus, 1) - Sinven (Çin, 8) 7:6 (7:3), 6:3
Sventek (Polşa, 5) - Svitolina (Ukrayna, 13) 6:1, 7:5
Buasson (Fransa) - M.Andreyeva (Rusiya, 6) 7:6 (8:6), 6:3
Qauff (ABŞ, 2) - Kiz (ABŞ, 7) 6:7 (6:8), 6:4, 6:1

yarımfinal
Sobolenko (Belarus, 1) - Sventek (Polşa, 5) 7:6 (7:1), 4:6, 6:0
Qauff (ABŞ, 2) - Buasson (Fransa) 6:1, 6:2

Seçilən
18
1
football-plus.az

2Mənbələr