AZ

Fitch: 2025-ci ildə gözlənilən büdcə kəsirinə baxmayaraq, Azərbaycanın fiskal buferləri güclü olaraq qalır

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in proqnozuna görə, 2025-ci ildən Azərbaycanın konsolidə edilmiş büdcəsi defisitə keçəcək.

“Report” xəbər verir ki, bu barədə agentliyin hesabatında deyilir.

“Fitch” bunu bir neçə amillə əlaqələndirir: büdcədə nəzərdə tutulandan daha aşağı neft qiymətləri, Qarabağın bərpasına yönəlmiş, azalan olsa da, davam edən kapital xərcləri, müdafiə və sosial təminat xərcləri ilə bağlı təzyiqlər.

Agentliyin qeyd etdiyi kimi, əgər qeyri-neft gəlirləri proqnozlaşdırılandan yüksək olarsa və planlaşdırılan kapital xərclərinin bir hissəsi tam həcmdə icra edilməzsə, fiskal vəziyyət yaxşılaşa bilər.

“İqtidar qeyri-neft ilkin defisitinin 2029-cu ilə qədər qeyri-neft ÜDM-in 13 %-nə qədər azaldılmasını nəzərdə tutan fiskal qaydaya sadiq qalmağını bəyan edir (2024-cü ildəki 20,4 % ilə müqayisədə)”, – agentlik qeyd edib.

Eyni zamanda, “Fitch” vurğulayıb ki, qeyri-neft gəlirləri büdcənin ümumi gəlirlərinin təxminən 50 %-ni təşkil edir: “Hökumət 2029-cu ilə qədər bu göstəricini 65 %-ə çatdırmaq məqsədi qoyur. Bu məqsədə nail olmaq qeyri-karbohidrogen iqtisadiyyatının davamlı artımından asılıdır ki, bu da qeyri-müəyyən qalır”.

Agentliyin analitikləri hesab edir ki, neft qiymətlərinin dəyişkənliyi və müdafiə və bərpa xərclərinin büdcə parametrlərindən mümkün kənarlaşmaları fiskal dayanıqlılıq üçün əlavə risklər yaradır.

Yuxarıda göstərilən risklərə baxmayaraq, “Fitch”ə görə, Azərbaycanın fiskal dayanıqlılığı güclü olaraq qalır: “2025-ci ilin I rübünün sonuna ümumi dövlət borcu ÜDM-in 20,4 %-ni təşkil edib, 2025-2026-cı illərdə bu göstərici orta hesabla ÜDM-in 21,5 % səviyyəsində olacaq ki, bu da “Fitch”in investisiya reytinqli ölkələri arasında ən aşağı səviyyələrdən biridir”.

Agentlik iri dövlət depozitlərini (2024: ÜDM-in 10,4 %-i) və Dövlət Neft Fondunun aktivlərini – ÜDM-in 81 %-ni ölkənin əsas fiskal buferləri hesab edir. Həmçinin valyuta ilə bağlı risklərin əhəmiyyətli dərəcədə azalması qeyd olunur. Xarici valyutada ifadə olunan borcun payı 2024-cü ilin sonuna 32 %-ə qədər azalıb (2017-ci ildəki pik dəyəri olan 95 %-ə qarşı), xarici borc mütləq ifadədə 41,5 % azalıb.

Seçilən
45
1
report.az

2Mənbələr