BAKI, 14 iyun. TELEQRAF
Bu gün 11-ci sinif şagirdləri üçün ənənəvi “Son zəng” tədbiri keçiriləcək.
Teleqraf xəbər verir ki, bu il ümumtəhsil məktəblərindən 116 mindən çox şagird məzun olacaq. Lakin təəssüf ki, onların arasında artıq həyatda olmayan şagirdlər də var. Bəziləri xəstəlik, bəziləri bədbəxt hadisə, bəziləri isə intihar nəticəsində həyatını itirib.
Həyatını itirən şagirdlərdən biri, Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi S.H olub. O, əlaçı və fəal şagirdlərdən biri kimi tanınırdı. Hadisə fevralın 6-da Biləsuvarda məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib. Şagird yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Digər bir hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb. 11-ci sinif şagirdi Ə.S. yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Yevlax rayonunun Qoyunbinəsi kəndində də oxşar bir faciə yaşanıb. 11-ci sinif şagirdi R.Ş. yaşadığı evin həyətində özünü asaraq intihar edib.
34 nömrəli məktəbin 11-ci sinif şagirdi olmuş Elgün İbrahimov mayın 13-də yaşadığı Gəncə şəhərində bədbəxt hadisə nəticəsində ölüb.
Bakıda ev şəraitində xüsusi təhsil alan məktəbli Əli Məmmədov uzun sürən xəstəlikdən sonra bu ilin fevralında dünyasını dəyişib. O, 238 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı.
Siyəzən rayonunun Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Həlimə Mayılova vəfat edib.
Məktəbli 2 il böyrək çatışmazlığından əziyyət çəkib. O, xəstəxanada dializ alarkən keçinib.
2024-cü ilin oktyabrında Sabunçu rayonu, Zabrat qəsəbəsində 16 yaşlı Həsən Quliyev həmyaşıdı tərəfindən qətlə yetirilib. O, 71 nömrəli orta məktəbin 11-ci sinfində oxuyurdu. Məktəbli dərsdən sonra yaşadığı evin yaxınlığında bıçaqlanıb.