İran İsrailə qarşı dördüncü dalğa raket hücumuna başlayıb.
Musavat.com xəbər verir ki, məlumatı Tasnim agentliyi yayıb. İran dövlət televiziyasının məlumatına görə, bir neçə raket hava hücumundan müdafiə sistemlərini keçərək “işğal olunmuş Fələstin ərazilərindəki xüsusi hədəfləri” vurub.
İsrail Müdafiə Qüvvələri (IDF) İrandan İsrail ərazisinə yeni raket zərbəsi endirdiyini təsdiqləyib: "Bir müddət əvvəl İrandan İsrail dövlətinə doğru atılan raketlər aşkar edildikdən sonra İsrailin bir neçə bölgəsində hava həyəcanı siqnalı səslənib. Hazırda İsrail Hərbi Hava Qüvvələri təhdidi aradan qaldırmaq üçün fəaliyyət göstərir. Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə davam etmək vacibdir".
"Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün işləyir. Əhaliyə mühafizə olunan ərazilərə getmək və növbəti xəbərdarlıq gələnə qədər orada qalmaq əmri verilib", - hərbçilər vurğulayıb.
İran ordusu İsrailə qarşı hücumları gücləndirmək niyyətindədir və yəhudi dövlətini müdafiə etməyə qərar verən ölkələrin Yaxın Şərqdəki bazalarına zərbələr endirməyə hazırdır. Bu barədə İran rəsmisinə istinadən CNN məlumat yayıb: “Bu rejimi İranın hərəkətlərindən qorumağa çalışan istənilən ölkə onun regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”. İran rəsmisi qeyd edib ki, Tehran “bu rejimə qəti şəkildə cavab vermək” hüququnu özündə saxlayır və İsrailə qarşı hücumları gücləndirmək niyyətindədir.
Bundan əvvəl Amerika administrasiyasının nümayəndəsi ABŞ-ın İranın İsrailə raket zərbələrinin dəf edilməsində iştirak etdiyini təsdiqləyib.
Musavat.com