AZ

Minlərlə azərbaycanlı tələbənin taleyi sual altında

Ekspert: “Ölkədə 10 mindən çox tələbənin xaric olunması sistemin zəifliyidir”

Hər il Azərbaycanda dövlət və özəl universitetlərdə oxuyan tələbələrdən bəziləri müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunur. “Bakı-Xəbər” yazır ki, həmin tələbələr təhsildən ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında əsasnaməyə uyğun kənarlaşdırılır.

Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12" jurnalında qeyd olunur ki, Azərbaycanda 10 mindən çox tələbə universitetdən xaric edilib: ”Onlardan 54-ü bakalavriat, 5-i magistratura, 12-si tam orta ixtisas, 5-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. Bundan başqa, 2024-cü ildə akademik borca görə 315, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1 133, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 10 min 746 tələbə universitetdən xaric olunub".

Maraqlıdır, bir ildə 10 min 746 nəfərin universitetdən xaric edilməsi Azərbaycan təhsil sisteminin keyfiyyəti ilə bağlıdır, yoxsa buna səbəb olan hansısa başqa məqamlar var? Xaric olunan tələbələrin təhsilə qayıtması üçün ikinci şans mexanizmləri varmı?

Kamran

Kamran Əsədov 

Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Ali təhsil sistemindən hər il minlərlə tələbənin xaric olunması, ilk baxışda fərdi məsuliyyətsizlik və ya akademik zəiflik kimi görünə bilər. Lakin əslində bu rəqəmlər daha dərin sistematik problemlərin göstəricisidir. Dövlət İmtahan Mərkəzinin dərc etdiyi 2024-2025-ci tədris ilinə dair ”Abituriyent 12" jurnalında qeyd olunur ki, yalnız 2024-cü il ərzində 10 min 746 nəfər müxtəlif səbəblərlə ali və orta ixtisas məktəblərindən çıxarılıb. Bu göstərici Azərbaycan ali təhsilində davamlılıq və dəstək sistemlərinin zəifliyini göstərən ciddi siqnaldır.

Qanunvericiliyə əsasən, “Ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, tələbə sırasından xaric edilməsi və bərpası Qaydaları”na (Nazirlər Kabinetinin 11 saylı qərarı, 17 yanvar 2020) uyğun olaraq tələbənin təhsil haqqını ödəməməsi, akademik borclar, davamiyyətsizlik və ya şəxsi müraciət səbəbilə təhsil hüququna xitam verilə bilər. Rəsmi olaraq hüquqi əsaslar mövcuddur, lakin bu hallar kütləvi xarakter alırsa, səbəbləri daha geniş müstəvidə təhlil edilməlidir.

Mövcud rəqəmlərə nəzər saldıqda aydın olur ki, ən böyük qrup - təqribən 315 nəfər - akademik uğursuzluq, 1 133 nəfər isə başqa təhsil müəssisəsinə köçmə səbəbilə sistemdən çıxıb. Ən çox narahatlıq doğuran kateqoriya isə 9 mindən çox tələbənin ya təhsil haqqını ödəyə bilmədiyi, ya da dərs buraxdığı üçün sistemdən kənarda qalmasıdır. Bu isə göstərir ki, Azərbaycanda ali təhsil nə yalnız bilik, nə də sadəcə imkan məsələsidir - burada həm də sosial bərabərsizliyin təsiri var".

Ekspert qeyd edib ki, təhsil haqqının yüksək olması xüsusilə regiondan gələn və ya sosial cəhətdən zəif təbəqədən olan gənclərin ali təhsildə davamlılığını ciddi şəkildə təhdid edir: “Hazırda bəzi ixtisaslar üzrə bir illik təhsil haqqı 2 500-5 000 manat arasında dəyişir. Dövlət Təhsil Kreditləri Fondu fəaliyyətə başlasa da, illik 20 minə yaxın müraciətdən yalnız təqribən 3 500-nə müsbət cavab verildiyi bildirilir. Bu isə tələbələrin böyük bir hissəsinin maddi yük qarşısında tək qalmasına səbəb olur.

Bundan əlavə, ali təhsil müəssisələrinin öz daxili resursları ilə tələbəyə fərdi dəstək və akademik yardım mexanizmləri çox zəifdir. Məsələn, ABŞ universitetlərində “academic probation” adlanan sistem tətbiq olunur: zəif nəticə göstərən tələbə dərhal xaric edilmir, müəyyən şərtlərlə akademik nəzarət altına alınır, fərdi planla davam etməsinə imkan yaradılır. Estoniyada isə hər universitetdə risk qrupunda olan tələbələr üçün psixoloq, tədris məsləhətçisi və mentor xidməti sistemli şəkildə fəaliyyət göstərir. Finlandiyada tələbələrin sistemdən çıxmaması üçün dərsdən əlavə təlimlər, yay məktəbləri və fərdi dərs planları geniş şəkildə tətbiq olunur. Azərbaycanda isə bu cür dəstək sistemləri çox hallarda formal xarakter daşıyır. Tələbə dərs buraxdığına və ya borc yığdığına görə tez bir zamanda universitetlə əlaqəsi kəsilir. Halbuki bu cür halların arxasında bəzən ailə problemləri, iqtisadi çətinliklər və ya psixoloji gərginliklər dayanır. 2023-cü ildə aparılan bir yerli sorğuya əsasən, ali təhsil alan tələbələrin 41%-i dərs buraxmasının əsas səbəbi kimi iş yükü və maddi çətinliyi göstərib. Bu isə tələbələrin təhsil almaqla paralel işləməyə məcbur olduqlarını göstərir ki, bu da onların akademik göstəricilərinə mənfi təsir edir.

Müsbət tərəf isə ondan ibarətdir ki, hazırkı qanunvericilik tələbənin bərpa hüququnu tanıyır. Xaric olunmuş şəxs 5 il müddətində əvvəlki ixtisas üzrə təhsilə qayıda bilər. Amma bu proses çox vaxt inzibati əngəllərlə müşayiət olunur və ali təhsil müəssisələrinin buna yanaşması fərqli olur. Eləcə də tələbənin bərpa olunması üçün maddi borcları tam ödəməsi şərt kimi qoyulur, bu isə real olaraq çoxları üçün qayıdışı mümkünsüz edir.

Gələcəkdə bu problemin dərinləşməsinin qarşısını almaq üçün struktur səviyyədə dəyişikliklərə ehtiyac var. Təhsil kreditləri sistemi daha geniş kateqoriyanı əhatə etməlidir. Eyni zamanda, ali məktəblərdə tələbələrin akademik və sosial vəziyyətlərini izləyən və vaxtında müdaxilə edən erkən xəbərdarlıq sistemləri qurulmalıdır. Tələbələrə yalnız dərsdən çıxandan sonra yox, problem yaşamağa başlayarkən dəstək verilməlidir. Təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən biri də bu gənclərin sistemdə qalmasını təmin etməkdir, yoxsa sadəcə onların məsuliyyətsizliyi ilə izah olunaraq silinməsi yox. Əgər bu tendensiya dəyişməzsə, universitetlər getdikcə daha çox tələbə itirəcək və bu da nəinki təhsil sisteminə, həm də ölkənin insan kapitalına ciddi zərbə olacaq. Ali təhsil sadəcə diplom almaq vasitəsi deyil, eyni zamanda sosial inteqrasiya və şəxsiyyət formalaşdırma prosesidir. Bu sistemin davamlı və inklüziv olması üçün fərdi səhvlərlə yanaşı, sistemin öz zəif tərəflərinə də ciddi yanaşmaq zəruridir. Tələbənin uğursuzluğu əgər kütləvi xarakter alırsa, deməli burada məsuliyyət təkcə tələbənin deyil, həm də sistemin üzərinə düşür".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Seçilən
8
musavat.com

1Mənbələr