Son zamanlar geosiyasi risklər, ABŞ monetar siyasətinin (dövlətin pul kütləsini və kredit bazarındakı fəaliyyəti idarə etmək üçün sistemli yanaşması) sərtləşməsi Asiya ölkələrində de-dollarizasiya meylini gücləndirib.
Asiyada transsərhəd ödənişlərdə və investisiyalarda ABŞ dollarının üstünlüyünün azaldılmasına səbəb kimi geosiyasi qeyri-sabitlik, valyuta məzənnələrinin kəskin dəyişməsi, sanksiyalardırr. Bu yaxınlarda Cənub-şərqi Asiya Ölkələri Assosiasıyasının 2026-2030-cu illər üçün elan etdiyi strateji plan milli valyutaların aktiv istifadəsini və regional ödəniş sistemlərinin inkişaf etdirilməsini nəzərdə tutur.
Regionun sakinləri və şirkətləri dollar əmanətlərini tədricən yerli valyutalara köçürürlər. Ümumilikdə dolların qlobal ehtiyatlardakı payı 2000-ci ildəki 70%-dən 2024-cü ildə 57,8%-ə qədər azalıb, ilin əvvəlindən isə dollar indeksi 8%-dən çox zəifləyib.
Ekspertlər bildirirlər ki, bu ölkələr pul-kredit siyasətində müstəqilliyinin qorunması üçün milli valyutanın rolunu artırmaq istəyirlər. Çünki dollarlaşma mərkəzi bankların effektiv siyasət aparmasına mane olur. Milli valyutaya etimadın artırılması üçün ölkələr artıq bu addımı atmaq məcburiyyətindədirlər.
Bundan başqa, Çin, İran kimi ölkələr sanksiyalardan yayınmaq üçün ticarətdə dollardan uzaqlaşmağa çalışır. Çin uzunmüddətli strateji hədəf kimi yuanın beynəlxalqlaşdırılmasını planlayır. Rusiya Asiya ilə ticarətdə yuan istifadəsinə üstünlük verir. Hindistan isə 2023-cü ildən bəri rupi ilə ixracatı stimullaşdırmaq siyasətini gücləndirib.
Buna baxmayaraq, dollar hələ də dünyanın əsas ehtiyat valyutası olaraq qalır: qlobal ticarətin yarıdan çoxu hələ də dollarla aparılır.
Dollardan imtina etmək mümkündür?
Mövzuyla əlaqədar iqtisadçı ekspert Fuad İbrahimov Bizim.Media-ya bildirib ki, hazırda dolları əvəz edəcək alternativ mənbə yoxdur.
“Dolları hardasa qızıl əvəz edə bilər. Amma qızılın özünün bu gün qiymətinin müəyyənləşməsi yenə də dollara bağlıdır. Bu gün dollar ölçü vahididir. O ölçü vahidi olmaqdan ötrü müəyyən instutisional bir tarix keçmək lazımdır. Bəli, nəzəri cəhətdən mümkündür, dolların zəiflədilməsi ilə bağlı niyyət ola bilər. İstənilən ölkə bu istiqamətdə müəyyən tədbirlər həyata keçirə, iqtisadi siyasətini ona uyğunlaşdıra bilər. Amma dollardan tamamilə can qurtarmaq, onun icra mexanizmini hərəkətə gətirrmək indiki vəziyyətdə mümkün deyil.
Nəinki Çin, bütün dünya birləşsə hələ ki bu, alınmayacaq. Çinin özünün ən böyük ticarət partnyoru ABŞ-dır. Heç avro özü o gücə malik deyil. Zamanında Sovetlər Birliyinə daxil olmuş ölkələr əgər iqtisadi cəhətdən əlverişli siyasət həyata keçirsəydilər, paralel bir qüvvəni ortaya qoya bilərdilər. Lakin iqtisadi cəhətdən səmərəsiz idarə üslubu ilə ümumiyyətlə sistemi dağıtmış oldular”.
De-dollarizasiya məsələsinə Azərbaycanın yanaşmasına gəlincə, iqtisadçı deyib ki, ümumiyyətlə Azərbaycanda bunu gündəmə gətirməyə heç ehtiyac yoxdur:
“Çünki bizim dollarla bağlılığımız daha böyükdür. Göründüyü kimi 2016-cı ildən bu yana avro, lirə və ya digər valyutaların məzənnələrində dəyişiklik olsa da dollar stabil qalır – 1.70 AZN civarında. Yəni dollarla fiks qiymətdəyik. İnzibati idarə etmə üsulundan istifadə edirik”.
Buna baxmayaraq ekspert bildirir ki, indiki vəziyyədə manatın ucuzlaşması, dollar qarşısında dəyər itirməsi qorxusu yoxdur. Çünki Azərbaycanın makroiqtisadi tarazlığı yerindədir – xarici dövlət borcları kifayət qədər diversifikasiya olunmuş, yəni aşağı (risksiz) səviyyədədir. Eyni zamanda idxal-ixrac əməliyyatlarında da müsbət saldo müşahidə olunur.
Şəfiqə Şəfa, Bizim.Media