Herman Hessenin “Muncuq oyunu” romanı haqqında
Əvvəli ötən sayımızda...
Herman Hesse əsər boyu ruhi müvazinətin, mənəvi tarazlığın qorunmasının vacibliyini müxtəlif vəsilələrlə dönə-dönə vurğulayır. Gənc Knextin rəğbəti də, nifrəti də aşıb-daşan xarakteri güclü şəxsiyyət saymasına ustadı müdrik təbəssümlə cavab verir, deyir ki, üzdən baxanda elə görünür, ancaq heç də elə deyil. Ustadın fikrincə, Knextin ehtiras dediyi qüvvə ruhun gücü yox, onun kənar aləmlə sürtüşməsidir. Hərisliyin hökm sürdüyü canın gücü-qüvvəti yanlış hədəfə yönəlir, ona görə də belə can gərginlikdən, həyəcandan qurtula bilmir. Kim arzuların ali qüdrətini düz mərkəzə, həqiqi varlığa, kamilliyə yönəltsə, daha çox sakitlik tapır, onun qəlbinin alovu gözə görünmür. Ehtiraslı, coşqun tip tez hövsələdən çıxır, tez alışıb tez də sönür; sakit, müdrik xaraktersə ən gərgin vəziyyətdə də dincliyini, tarazlığını qoruyur, qızğın müzakirə zamanı belə qışqırıb əl-qolunu oynatmır, təcavüzkar tövrlə özünü təsdiqlətməyə can atmır. Əsl güclü şəxsiyyət budur, bunlardır.
***
Yozef Knextin məktəb yoldaşı Plinio Dezinyori bir xarakter kimi baş qəhrəmanın tam tərsi, onun antipodudur. Onların soyadları da şəxsiyyətlərinin, xasiyyətlərinin ifadəsidir: Knext - nökər, xidmətçi, Dezinyori - ağa, cənab deməkdir. Knext əqidəsinin qulu, qoşulduğu ordenin sıralarında xidmət keçən sadiq nökər, Dezinyori həyatının ağası, bu dünyadan payına düşən nə varsa, hamısının şəriksiz sahibidir. Yozef Knext Dezinyorinin Kastaliyadakı ruhu, Plinio Dezinyori Knextin ayağını yerə bərk basan cismidir. Don Kixot üçün Sanço Pansa, Oblomov üçün Ştolts kimdirsə, Knext üçün də Dezinyori odur. Plinio təhsil alandan sonra Kastaliya ölkəsinə bağlanıb qalmır, ideal məkanı tərk eləyib real dünyanın qoynuna atılır. Knext ruhlar aləmini, Dezinyori təbiəti, təbii həyatı təmsil eləyir. Knextin vəzifəsi mənəvi prinsiplərdən, ruhi intizamdan məhrum təbii həyatın insanı necə bir heyvani vəziyyətə saldığını, tənəzzülə uğratdığını sübuta yetirməkdir. Dezinyorinin borcu yalnız saf ruha güvənən bir ömrün necə qorxunc qəzalara, necə gülünc situasiyalara düşdüyünü, barsız-bəhərsiz sona çatdığını göstərməkdir. Dostlar eyni varlığın iki yarısıdır. Biri ruhdur, o biri bədən, biri tanrının maraqlarını qoruyur, o biri təbiətin. Biri əbədiyyət xülyalıdır, o biri dünya sevdalı.
Plinio Dezinyorinin əsli-kökü, malı-mülkü, dünyalılar arasında güclü nüfuzu, sanballı məqamı, hələ üstəlik bir oğlu da var. Yozef Knext isə təkdir, Tanrı kimi, ruh kimi tək, onun əsli-nəsəbi, kökü-köməci də bilinmir. Kastaliyalıların keçə biləcəyi bütün mərhələləri adlayandan sonra miladi tarixlə təxminən 2200-cü ildə o, magistr dərəcəsinə yüksəlir. Bundan o yana onun Kastaliyada gedəcəyi bir yol, görəcəyi iş qalmayıb. Yozef Knext oxucuya, bəlkə müəllifin özünə də axıracan bəlli olmayan səbəbdən ruhlar olimpindəki işıqlı məqamını boşaldıb qaranlıq dünyaya enmək qərarına gəlir. Burada o, dostu Plinio Dezinyori ilə tapışır, ruh bədənə, bədən ruha qovuşur. Dezinyorinin bioloji oğlu Knextin mənəvi oğluna çevrilir, Yozef dostuyla özünün şərikli balasına dərs deməyə, tərbiyə verməyə başlayır. Ancaq bir neçə gün sonra şagirdinin ardınca dağ gölünə girən Knext buzlu suda boğulub batır. Zamanın əli girməyən yerdən fələyin təsir dairəsinə düşən magistr ölümlü dünyanın kəndirini boynuna könüllü dolayıb canını fələyə təhvil verir.
Bununla da romanın əsas hissəsi başa çatır. Ardınca Knextin şeirləri, bir də üç keçmiş həyatının qissələri gəlir.
***
Herman Hesse Yozef Knextin təmsil elədiyi mənəvi dünyanı Plinio Dezinyorinin diliylə danışan təbii aləmə qarşı qoymaqla onları eyni vahid qaynaqdan bəslənən, həm bir-biriylə rəqabət aparan, həm də bir-birini doğuran, bir-birini tamamlayan iki qütb, iki başlanğıc kimi qələmə verir. Utopik, ideal Kastaliyanın seyrçi, passiv həyatını real, maddi dünyanın fəal, aktiv həyatının astarı, tərs üzü kimi (yaxud da əksinə) göstərən yazıçı faktiki olaraq xeyirlə şəri, mənəviyyatla anti-mənəviyyatı eyni tərəzinin iki gözünə yerləşdirir. Ancaq bu, doğru yanaşmadırmı? Bu zaman yaxşıyla pis, ağla qara arasındakı fərq aradan qalxmırmı? Belə yanaşma bizi hansı etik nəticələrə aparıb çıxara bilər?
İdealist filosoflar bu məsələyə nə qədər təmkinli, rasional yanaşsalar da, ruhla materiya, düzlə əyri eyni bir ağacın qoşa budağı, eyni kökdən eyni şirəylə qidalanan əkiz qardaş ola bilməz. Onda gərək min illərə başa gəlmiş bütün etik mülahizələri küllüyə ataq, varlığın cövhərindən əxlaqı çıxarıb bəşəriyyətin yaralarına duz basaq, şəri də xeyir kimi toy-bayramla qarşılayaq. Bəli, şər bəzən xeyirin dirçəlişinə təkan verir, ancaq onun qardaşı kimi yox, düşməni kimi.
Aktiv bioloji həyat passiv mənəvi həyatın o biri başı, əkiz qütbü deyil, onun alternativi, əzəli rəqibidir. Fiziki aktivliyin o biri qütbü fiziki passivlik ola bilər - qaçarsan, sonra da dincələrsən. Bioloji varlığın iki ayrılmaz qütbü olan həyatla ölüm kimi - eyni vaxtda həm yaşayırsan, həm də ölürsən. Aktivliyin dayandığını nəzərdə tutan fiziki sükunətdən fərqli olaraq mənəvi sükunət özü də bir fəallıqdır, ruhun dincliyinə çatmaq ən böyük zəhmət, ən ağır işdir. Mənəvi fəaliyyət sahəsində dincəlməklə işləmək eyni məna, mahiyyət kəsb eləyir, çünki mənəviyyatın qütbü, mənfisi-müsbəti yoxdur, ruh dediyin sıfır rəqəmi kimi birqütblü, biryönlüdür. Ona görə də mənəviyyat bizə üzdə təzadlı görünən anlayışları (məsələn, azadlıqla zərurəti) qardaş dəyərlər kimi bir sapa düzüb bir məhlulun içində əridə bilir. Hessenin bu dünya üçün arzuladığı belə bir sintez mənəviyyat aləmində heç vaxt arası kəsilməyən, heç bir kənar müdaxiləyə ehtiyac duymayan əbədi prosesdir.
***
Maddi dünyada isə bu, mümkün deyil, orada daimi düşmənçilik hökm sürür, çünki orada əzəli qütbləşmə var. Çin fəlsəfəsinin diliylə desək, bir-birinin tərsi olan, qarşı duran İn-Yan başlanğıcları məhz materiyanın, maddi aləmin iki üzüdür, onun ruhla, mənəviyyatla bir əlaqəsi yoxdur. Makedoniyalı İsgəndər yel qanadlı atını çapıb ölkələr alanda daha çox öz vücudunun həyat qütbünü, müsbət emosiyalarını təmsil eləyirdi. Sağalmaz xəstəliyə tutulub can verəndəsə həmin vücud yerini ölüm qütbünə dəyişmiş, mənfi emosiyalara təslim olmuşdu. Bu aqibət gec-tez irili-xırdalı bütün varlıqları gözləyir, çünki maddi dünyada, yalan dünyada gerçək olan tək həqiqət ölümdür. Ancaq həmin İsgəndər ziyarətinə getdiyi çəlləkdə yaşayan filosof Diogenə münasibətdə qarşı qütb, astar üz deyil, alternativ başlanğıcdır. İsgəndər maddi dünyanın, Diogen mənəvi dünyanın elçisidir. Onlar arasındakı dialoq qütblərin yerüstü qarşıdurması yox, ruhla materiyanın, Tanrıyla Şeytanın kosmik miqyaslı müharibəsi, aləmlərin savaşıdır.
Yazıçının “Siddhartha” romanından danışanda toxunduğum məsələyə burada bir daha qayıtmaq istəyirəm: Budda ziddiyyətlərdən onları barışdırıb qovuşdurmaqla qurtulmamışdı, dinclik, sükunət təşnəsi qüdrətli ruhunun müdaxiləsiylə bir-birindən həyati asılılığı olan təzadları həqiqətin parladığı, gerçəyin aydınlandığı bir anda bir mənəvi həmləyə yoxa çıxarmışdı. Ziddiyyətlərin aradan qalxması, sıfırlanmasıyla onların barışması, qovuşması ayrı-ayrı məsələlərdir. Təzadları, məsələn, Hegel öz fəlsəfi sistemində dialektik metodla barışdırır, məsələn, “Master və Marqarita” romanında Bulqakov onları qovuşdurur. Hessedə isə bu alınmır - real dünyaya, əkizi (əslində alternativi) Dezinyoriyə əli çatar-çatmaz Knext həlak olur. Ona görə də Herman Hesse, Bulqakovun təbirincə desək, haqqın dərgahında işıq qatının yox, dinclik, sakitlik mərtəbəsinin sakinidir. İşıq qatı dərvişlərin, peyğəmbərlərin (mistik təfəkkür sahiblərinin), dinclik qatı zahidlərin, şairlərin (poetik təfəkkür yiyələrinin) məqamıdır. Hesse də gəlmiş-getmiş ən böyük asketlərdən, ədəbi rahiblərdən biri kimi ömrü boyu dilədiyi, can atdığı məqamda qərar tutub. Yeri abad olsun, dincliyi pozulmasın!
***
İkinci Dünya müharibəsinin ardınca bir çox başqa mədəni təsisatlar kimi Nobel mükafatları komitəsi də öz işini bərpa elədi. Ağır fasilədən sonra ədəbiyyat üzrə ilk Nobel mükafatı 1946-cı ildə “Muncuq oyunu” romanına görə Herman Hesseyə verildi. Tarixdə misli görünməmiş vəhşi, qanlı savaşdan çıxan bəşəriyyət mənəvi dəyərlərin hökmranlığından, nikbin xəyalların parıltısından, dinc, asudə həyatın təmtəraqsız axışından ötrü bərk darıxmışdı...
F.Uğurlu