Xalid Kərimli: “Azərbaycan qızıl bazarında qiymət artımı, demək olar ki, hər gün…”
Avropa Mərkəzi Bankının (AMB) ekspertləri "qoca qitə"də gözlənilən qızıl böhranı ilə bağlı xəbərdarlıq ediblər. Onlar böhran ehtimalını əmtəəlik qızıl ehtiyatlarının fiziki yerdəyişməsi ilə izah edir. Ekspertlər bildirir ki, son aylarda ABŞ və Britaniyadan kənara tonlarla qızıl daşınıb.
AMB-nin mütəxəssisləri bildirirlər ki, bu vəziyyət qızıl bazarında logistika zəncirinin pozulması ilə nəticələnə bilər. Bu halda bazarlar ciddi zərər görəcək. Ən pis ssenaridə isə bu şok bütün maliyyə sisteminə zərbə vura bilər.
Onu da bildirək ki, qızılın qiyməti son beş il ərzində üç dəfəyə yaxın yüksəlib. Bu səbəbdən dövlətlər və mərkəzi banklar da investisiya vasitəsi kimi onu seçir. Ekspertlərin fikrincə, qızıl sadə vətəndaşları da dar gündə xilas edən ən effektiv vasitədir, buna görə də qızıla tələbat artır.
Maraqlıdır, dünyada müşahidə olunan qızıl böhranı Azərbaycana necə təsir edəcək?
“İqtisadi, ticari və hərbi müharibələr, habelə dövlətlərin bir-birinə sanksiya tətbiq etməsi ilə yanaşı qeyri-müəyyənliklərin artması qızılın qiymətinə də təsirsiz ötüşmür”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qızılın qiymətində artım son illər daha çox müşahidə olunur: “Qiymətin daha da artacağı ehtimal edilir. Hazırda Azərbaycan qızıl bazarında qiymət artımı, demək olar ki, hər gün qeydə alınır. Ölkəmizdə qızılın bahalaşmasının birbaşa səbəbi dünya qızıl bazarında qiymətlərin artmasıdır. Hazırda həm dünya iqtisadiyyatı, həm qlobal hərbi və siyasi vəziyyət, həm də müharibələrlə bağlı ciddi risqlər mövcuddur. İqtisadi, ticari və hərbi müharibələr, habelə dövlətlərin bir-birinə sanksiya tətbiq etməsi ilə yanaşı qeyri-müəyyənliklərin artması qızılın qiymətinə də təsirsiz ötüşmür. Qızıl, həmişəki kimi, risqlər olanda ənənəvi təhlükəsiz aktiv investor kimi diqqət mərkəzindədir. Ona görə risqlərin artıb-azalması ilin sonuna qədər qızıl qiymətlərinə təsir edəcək. Dünya qızıl bazarında hansı proseslər baş verəcəksə, Azərbaycan üçün də eyni vəziyyət gözlənilir. Çünki ölkəmizin qızıl bazarı da dünyadakı proseslərlə tənzimlənir”.
Günel CƏLİLOVA