2023-cü ilin 7 oktyabrında “HƏMAS”ın İsrailə qarşı başlatdığı hücum Yaxın Şərqdəki strateji balansı kökündən dəyişdi. Hücumun miqyası, qəddarlığı və kəşfiyyat tərəfindən əvvəlcədən müəyyən edilməməsi İsrailin daxili təhlükəsizlik doktrinasında böyük şok effekti yaratdı. Amma bu hücum, təkcə İsrailin deyil, bütün regionun gələcəyinə təsir göstərən daha dərin və sistematik bir qarşıdurmanın başlanğıcı oldu: İsrail ilə İran arasında açıq fazaya keçmiş münaqişə.
I. 7 Oktyabr və yeni regional reallıq
İranın “HƏMAS”, “Hizbullah”, “Husilər” kimi proksi qüvvələri üzərindən yaratdığı “asimmetrik cəbhə” bu hücumdan sonra bir-bir hədəf alınmağa başladı. İsrail, İranın bu strategiyasına qarşı sistematik və mərhələli şəkildə cavab verməyə başladı və nəticədə bu qarşıdurma İranın daxilini vuran, nüvə proqramını iflic edən bir həmləyə çevrildi.
II. İranın proksi sisteminin dağılması: Suriya, Livan, Yəmən
İsrail, 7 oktyabr hücumunun birbaşa planlayıcısı və maliyyəçisi kimi İranı gördü və cavab tədbirlərini genişləndirdi:
Suriya: İsrailin hava hücumları nəticəsində İranın SEPAH və ona bağlı milisləri ciddi zərbə aldı. SEPAH-in koordinasiya mərkəzləri, silah anbarları və pilotsuz aparat istehsalat müəssisələri dağıdıldı. İranın Suriyadakı təsir gücü tarixi minimuma düşdü.
Livan: “Hizbullah” İsrailin şimal sərhədində təzyiq yaratmağa çalışsa da, İsrailin dəqiq zərbələri nəticəsində onun infrastrukturu məhv edildi. Livanda HƏMAS hücrələri və İranla əlaqəli digər qruplar hədəfə alındı.
Yəmən: İranın dəstəklədiyi Husi qruplaşmaları Qırmızı dənizdəki hücumlara görə İsrail və Qərb koalisiyası tərəfindən ağır şəkildə bombalandı. İrandan göndərilən texnoloji dəstək yolları kəsildi.
Bu mərhələli əməliyyatlar İranın “regional qüvvə projeksiyası” strategiyasını iflasa uğratdı və onu daxilə çəkilməyə məcbur etdi.
III. İsrailin İranı hədəf seçməsinin strateji səbəbləri
İsrailin İrana qarşı birbaşa zərbə endirmək qərarı yalnız 7 oktyabr hücumuna cavab deyildi. Aşağıdakı faktlar hücumu qaçılmaz etdi:
İranın nüvə proqramında sıçrayış: Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 2025-ci ilin hesabatı İranın 60 faizdən yuxarı zənginləşdirilmiş uranı böyük miqdarda saxladığını təsdiqlədi. Bu, nüvə silahına texniki olaraq bir neçə həftə məsafə demək idi.
Hipersəs raket proqramı: İran son illərdə müdafiə sistemlərini aşa biləcək yeni nəsil raketlərin istehsalına başlayıb.
Açıq təhdid ritorikası: İran rəhbərliyi açıq şəkildə İsraili “xəritədən siləcəyini” bəyan edir, bu isə nüvə proqramı ilə birləşdikdə ciddi təhlükə yaradır.
Beynəlxalq hüququn pozulması: İranın terror təşkilatlarını dəstəkləməsi, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlər göstərməsi, Ukrayna sərnişin təyyarəsini vurub məsuliyyətdən yayınması və diplomatik korpuslara hücumlar, Rusiyanın Ukraynaya təcavüzü zamanı Rusiyanın silahla , dronlarla hətta hərbi mütəxəssislərlə bu müharibədə iştirakı ,dolayısı yolla bu işğalda İranın iştirakını onun beynəlxalq hüquqa hörmət etmədiyini açıq şəkildə göstərir.
İranın uranı zənginləşdirmə fəaliyyətini dayandırmaq şansı vardı. Amma Tehran bu fürsətdən istifadə etmədi.
IV. “Rising Lion”: İsrailin hücumu və məhv edilən şəxslər
2025-ci ilin iyun ayında İsrailin həyata keçirdiyi “Operation Rising Lion” əməliyyatı İranın hərbi və nüvə sisteminə qarşı ən ağır və koordinasiyalı zərbə oldu. Aşağıda məhv edilən əsas hədəflər və şəxslər qeyd olunub:
İsrailin zərbələri nəticəsində həlak olan yüksək rütbəli İran hərbçiləri:
Hüsseyn Səlami – SEPAH-ın baş komandanı
Məhəmməd Baqiri – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri
Əmir Əli Hacızadə – SEPAH-ın Kosmik və Hava Qüvvələri komandanı
Qolam Əli Rəşid – Khatam-al Anbiya mərkəzi qərargah rəhbəri
Əli Şamxani – İranın ali liderinin strateji müşaviri (sonradan ölüb)
İsmayıl Qəəni – Qüds Güclərinin komandiri (ölüm xəbərləri qeyri-müəyyəndir)
Davud Şeyxiyan – SEPAH hava hücumundan müdafiə komandiri
Tahir Pur – SEPAH pilotsuz aparat bölməsinin rəhbəri
Həlak olan İran nüvə alimləri:
Firidun Abbasi-Davani – keçmiş AET rəhbəri
Məhəmməd Mehdi Tehrançı – nüvə fizikası üzrə tanınmış şəxs
Abdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Əmirhüseyn Fəqhi, Mütəlibizadə və daha 3 nəfər tanınmış alim
Ümumilikdə 9 əsas nüvə alimi və 8 yüksək rütbəli SEPAH komandiri həlak olub. Bu, İranın nüvə proqramını və proksi strategiyasını iflic edən zərbə oldu.
V. Nəticə: İranın geri dönməz zərərləri və yeni regional şərtlər
Bu hücumun nəticələri İran üçün çoxcəhətli oldu:
Texniki və strateji zərbə: Nüvə proqramı gerilədildi, yüksək kadrlar itirildi, SEPAH-in koordinasiya zənciri zədələndi.
Psixoloji təsir: İranda daxili narazılıq və sosial gərginlik artdı. Hücum İran cəmiyyətində rejimin təhlükəsizliyə zəmanət verə bilmədiyi qənaətini gücləndirdi.
Geosiyasi izolyasiya: Ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ, İsrailə qarşı çıxmadı. Rusiya və Çin yalnız siyasi dəstək bəyanatları ilə kifayətləndi. İran təcrid vəziyyətinə düşdü.
Son söz: İran seçim edəcək.
İran qarşısında iki yol var:
1. Nüvə proqramından vaz keçmək və beynəlxalq hüquqa uyğun davranmaq
2. Müharibə, təcrid və yeni dağıdıcı zərbələrlə üzləşmək
İsrailin mesajı aydındır: Əgər varlığımıza qarşı təhdid varsa, cavab gecikməyəcək.