AZ

Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları

Bu konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara və əyani sübutlara əsaslanır. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının (QAİ) həyata keçirdiyi fəaliyyətin məqsəd və prinsipləri, hazırlıq və icra tədbirlərinin ümumi çərçivəsini müəyyən edir.

Tarixi ərazilərimiz olan Qərbi Azərbaycana qayıdış məsələsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərdən sonra regionda formalaşmış yeni geosiyasi reallıqlar fonunda aktuallaşıb. Bu reallıq, vaxtilə həmin ərazilərdə yaşamış soydaşlarımızın geri qayıtmaq kimi öz hüquqlarını bərpa etmək məsələsini gündəmə gətirib. İşğaldan azad olunmuş Qarabağa, Şərqi Zəngəzura köçlə yanaşı, soydaşlarımızın Qərbi Azərbaycana qayıtmaq niyyətlərinin reallaşacağı gün uzaqda deyil. Özlərinin dədə-baba yurdlarına qayıdış azərbaycanlıların beynəlxalq hüquqla tanınan haqqıdır.

İndiki Ermənistan ərazisi Azərbaycan xalqının tarixi və əzəli torpaqlarıdır. Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə ermənilərin sistemli və total şəkildə həyata keçirdikləri etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin torpaqlardan zorla köçürülüblər. Eyni zamanda, Qərbi Azərbaycan ərazisində yerləşən tarixi keçmişimizə, abidələrimizə qarşı vandalizm aktları törədilib. Ermənistan mədəni-dini abidələrimizi özününküləşdirib, dəyişdirib, bir çoxunu da məhv edib.

Konsepsiyada nəzərdə tutulduğu kimi, QAİ-nin məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmağa, hüquqlarının beynəlxalq müstəvidə bərpasına yönəlib. Eyni zamanda, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması da qarşıda duran vacib vəzifələrdən sayılır. İcmanın əsas məqsədi tarixi torpaqlarından deportasiya edilmiş, qovulmuş insanların öz yurdlarına qayıtmaq hüququnun beynəlxalq müstəvidə tanınmasıdır. Bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər beynəlxalq aktlarda təsbit olunmuş insanların geriyə qayıtmaq hüququna əsaslanır.

***

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməli, tarixi Azərbaycan torpaqlarında doğulub yaşamış, etnik təmizləməyə, soyqırımına, deportasiyalara məruz qalmış minlərlə soydaşımızın itirilmiş hüquqlarını bərpa etməlidir. Hayastan, həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını özlərinə qaytarmalıdır. İcmanın əsas hədəfi Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanmış şəkildə özlərinin pozulmuş hüquqlarını müdafiə və bərpası istiqamətində vacib addımlar atılmasına təşviq etməkdir.

Qərbi Azərbaycana qayıdış dövlət siyasətində mühüm yer tutur. Məhz bu səbəbdən Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası böyük əhəmiyyətə malikdir. Bu sənəd soydaşlarımızın dinc yolla, təhlükəsiz və ləyaqətli şəkildə yurdlarına qayıtmasını şərtləndirir. Prezident İlham Əliyevin bu məsələyə göstərdiyi xüsusi diqqət və qayğı ayrıca qeyd olunmalıdır. Dövlətimizin başçısının vurğuladığı kimi, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın doğma torpaqlarına dinc və mərhələli şəkildə qayıdışı BMT Nizamnaməsi və digər beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir.

Onu da qeyd edək ki, Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpası ilə bağlı maarifləndirməni gücləndirmək, bu barədə həqiqətlərin daha geniş miqyasda yayılmasını təmin etmək məqsədilə ölkəmizin müxtəlif bölgələrində elmi-praktiki konfranslar, görüşlər, mədəni tədbirlər təşkil edilir, icmanın təşkilatlanması üzrə önəmli addımlar atılır. Yüz minlərlə soydaşımızın öz dədə-baba torpaqlarından zorla çıxarılması, kütləvi qətl və qırğınlara məruz qalması ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması üçün konkret işlər görülür. Müxtəlif görüşlər, məlumatlandırma sessiyaları, beynəlxalq təşkilatlarla əlaqələr qurulur, xarici təsisatlara müraciətlər edilir, bir sıra ölkələrdə tədbirlər keçirilir.

***

Əlbəttə, Qərbi Azərbaycana qayıdışla bağlı ölkədən kənarda keçirilən tədbirlər tarixi həqiqətlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində baş tutan “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” beynəlxalq konfrans xüsusi əhəmiyyət kəsb edirdi. Bu, Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın qayıdış hüququnun Türkiyə ictimaiyyətinə çatdırılması baxımından önəmlidir.

Belə tədbirlərin digər ölkələrdə də müntəzəm olaraq keçirilməsi planlaşdırılır. Artıq Avropanın bəzi ölkələrində Qərbi Azərbaycan İcmasının nümayəndəliyi açılıb və fəaliyyət göstərir. QAİ-nin fəaliyyəti azərbaycanlıların tarixi torpaqlarına bağlılığını bir daha gücləndirir. Onu da vurğulamaq lazımdır ki, Qayıdış Konsepsiyasının bütün prinsipləri müvafiq platformalarda gündəmə gətirilir.

Ölkəmizin Qərbi Azərbaycan məsələsi üzrə apardığı mübarizə yalnız bir ərazi məsələsi deyil, bir millətin öz kimliyini qorumağa və haqq-ədaləti bərpa etməyə yönəlmiş addımıdır. Bu ideologiya daha geniş şəkildə təbliğ olunmalı, xalq bütövlükdə bu mübarizəyə qoşulmalı və qələbə ideologiyamızı formalaşdırmalıyıq. Böyük Qayıdışın ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan uğrunda mübarizə həm də milli birliyin nümayişinə çevrilməlidir.

Azər MUSTAFAYEV

Seçilən
5
xalqqazeti.az

1Mənbələr