Gecə saatlarından başlayaraq Şimal-Qərb bölgəsində yağışla müşayiət olunan güclü külək əsib.
Bizim.Media-nın yerli bürosu məlumat verir ki, güclü külək daha çox Oğuz rayon ərazisində müşahidə edilib.
Belə ki, Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonun Calud kəndi ərazisindən keçən hissəsində irigövdəli ağacların budaqlarının qırılması nəticəsində yolda bir müddət fasilə yaranıb. Eyni zamanda Bayan kəndi ərazisindəki “Qaynama” istirahət mərkəzi yaxınlığında ağacın iri budağı qoparaq orada park edilən “Toyota Camry” markalı avtomobilin üzərinə düşüb.
Ərazidə daha bir avtomobilün üzərinə ağac budaqları düşüb. Nəticədə hər iki minik avtomobilinə ciddi zərər dəyib.
Müvafiq qurum əməkdaşları hadisə yerinə cəlb edilərək ağacların budaqları təmizlənib və hərəkət bərpa olunub.
Güclü küləklə əlaqədar bölgə, eləcə də rayon ərazisində elektrik enerjisinin verilməsində bir müddət fasilə yaransa da sonradan problem aradan qaldırılıb.
Hazırda bölgə rayonlarında sabit hava şəraiti hökm sürür.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu