AZ

İmamverdi İsmayılov: Sözü də özü kimi

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çox sevinirəm ki, görkəmli yazıçı, publisist və ictimai xadim İmamverdi İsmayılov bu günlərdə qələmə aldığı, ideya-məzmun, bədii- estetik enerji – miqyasca az qala roman gücündə olan “BAYQUŞ VƏ QAROVULÇU” hekayəsilə ədəbi mühitimizi canlandıracaq daha bir yaradıcılıq uğuruna imza atdı.

Az-çox peşəkar ədəbiyyatçının bu və ya digər dərəcədə diqqətli müşahidəsi dərhal göstərir ki, İmamverdi İsmayılovun yazılarıında onun ictimai xadimliyi ön plandadır – bəhs elədiyi mətləbin sosial- psixoloji, siyasi-ideoloji, mənəvi-əxlaqi çəkisini, dəyərini (və məsuliyyətini!) son dərəcə həssaslıqla ifadə etməsi də məhz buradan irəli gəlir.

Əlinə qələm alıb ədəbi söz deyən şəxsin, ilk növbədə, cəmiyyətşünas (və insanşünas) olması tələbinə çox səmimi bir şəkildə riayət eləməsi, elə bilirik ki, İmamverdi İsmayılov üçün zaman- zaman qazanılmış sənətkarlıq təcrübəsindən daha çox, təbii (və fitri) istedad göstəricisidir. Əks halda, ictimai hadisələrin vaxtaşırı dəyişən mürəkkəb mənzərəsinə hər hansı sosioloji və ya statistik təhlillərlə bu qədər mükəmməl, bu qədər harmonik nüfuz etmə məharətinə yiyələnmək, əlbəttə, mümkün olmazdı.

İmamverdi İsmayılovun, mütəfəkkir qələm sahibi kimi, hansı janrda olursa-olsun, bütün əsərlərində kifayət qədər canlı, realist- gerçəkçi, həmçinin xüsusi dəsti-xətti ilə seçilən zəngin publisistika var. Onun analitik təfəkkürü cəmiyyətdə vaxtaşırı zühur edən sosial- mənəvi tendensiyaları nə qədər dəqiqliklə müəyyənləşdirirsə, arxasınca gələn səmimi duyğular da insanları o qədər inam və təkidlə bu tendensiyalardan ən doğru, ən düzgün, ən humanist olana çağırır.

Əslində, İmamverdi İsmayılov öz yazıçı istedadının, məharətinin mənbəyini də barəsində belə geniş bəhs etməyə ehtiyac duyduğumuz (və yaradıcılıq imkanlarının əsasında dayandığına heç bir şübhə eləmədiyimiz) həmin bu peşəkar yazı tərzindən alır.

Mənim bu yazımda əsas məqsədim, məramım istedadlı yazıçının yenicə çapdan çıxan və həm də, aldığım məlumatlara görə, böyük rezonans doğurmuş “BAYQUŞ VƏ QAROVULÇU” hekayəsi olacaq.

Amma, icazənizlə, əziz oxucular, bu əsərin təhlilinə keçməzdən əvvəl, İmamverdi İsmayılovun əsərləri, ümumən bədii yaradıcılıq üslubu üçün səciyyəvi olan çox mühüm bir cəhətə də diqqət yetirəcəyəm ki, bu da zəngin etnoqrafik təəssüratlarla geniş milli dövlətçilik düşüncələrinin çox mükəmməl bir şəkildə uzlaşması, bunlardan birinin digərini tələb etməsi, millətin maraqları səviyyəsində təyinedici olmasıdır.

Ziyalılıq, vətəndaşlıq kimi ağırçəkili anlayışlar yalnız o şəxslərin xarakterini əks etdirə bilər ki, onlar mənsub olduqları xalqın etnoqrafik dəyərləri ilə milli dövlətçilik təfəkkürünü vəhdətdə daşımaq iqtidarına malik olsunlar. İmamverdi İsmayılov bir yazıçı kimi ölkəmizin müstəqillik illərində formalaşmış belə şəxslərindən, daha doğrusu, şəxsiyyətlərindən biridir.

İmamverdi İsmayılov müdrik fikirlər ustasıdır.

Onun aforizmləri yalnız müxtəlif janrlardakı əsərlərinə fəlsəfi məzmun gətirməklə qalmır, öz- özlüyündə ayrıca əsər kimi ortaya çıxıb müstəqil janr olaraq təzahür edir ki, İsa Həbibbəylinin “MÜDRİKLİYİN ÖZÜ VƏ SÖZÜ” adlı maraqlı ön sözü ilə başlanan “SONUNCU FƏSİL” kitabında da bu, öz əksini tapmışdır.

Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli həmin məqaləsini belə təsirli sözlərlə başlayır: “Azərbaycan cəmiyyəti Milli Məclisin deputatı, yazıçı-publisist, Əməkdar jurnalist (artıq buraya “Şöhrət” ordenli ifadəsini də artırmaq lazım gəlir – N.C.) və bir neçə kitabın müəllifi İmamverdi İsmayılovu, hər şeydən əvvəl özünəməxsus vətəndaşlıq mövqeyinə malik, yaradıcı ziyalı kimi qəbul edir. Mətbuatda az yazıb, xitabət kürsülərindən az danışmasına baxmayaraq, ictimai- siyasi və ədəbi mühitdə onun sabit, dəyişməz mövqeyi hər kəsə bəllidir. Bu tanınmış Azərbaycan ziyalısı ölkəmizdə dövlət müstəqilliyinin bu günü və gələcəyi naminə xalqımızın taleyində xüsusi rolu olan Heydər Əliyev – İlham Əliyev milli dövlətçilik təlim və strategiyası ilə üzvi surətdə bağlı olduğunu dərindən bilir və bu idealın daha da möhkəmlənib inkişaf etdirilməsinə ürəkdən dəstək verir”.

İsa Həbibbəyli xüsusilə vurğulayır ki, İmamverdi İsmayılovun təkcə hər biri bu və ya digər dərəcədə ədəbi hadisə kimi qarşılanmış “ƏZRAYIL”, “OCAQ DAŞI”, “QƏDİM KİŞİNİN QIRXI” romanlarında, bir-birindən təravətli hekayələrində (“YURD GÜRZƏSİ”, “ASTANADA ÖLÜM”, “GÖYƏRÇİN KÖÇÜ” və s.) deyil, sözün həqiqi mənasında, geniş rezonans doğuran publisistik yazılarında da (“ŞAH VƏ MAT”, “HEYRƏT”, “TALEYİN HÖKMÜ”, “QƏLBİMİZİN QƏLBİSİ” və s.) bədiiliyin fərdi üslubi ilə keyfiyyət halında bütöv təzahürüdür.

Hörmətli akademik daha sonra yazır: “Son illərdə ön mövqeyə çıxmış siyasi publisistikada da İmamverdi İsmayılov bədiilik xüsusiyyətlərinə əməl etmək məharəti nümayiş etdirir. Siyasi publisistikada bədiilik keyfiyyətinə nail olmaq mənasında xüsusi professionalıq göstərən İmamverdi İsmayılov müraciət etdiyi mövzunu və şəxsiyyəti daha aydın və cazibəli, parlaq və dərindən əks etdirməyə nail olur. Onun silsilə publisistik əsərləri siyasi proseslərin reallıqlarının və perspektivlərinin obyektiv inikası ilə birlikdə, həm də təsirli təsvirləri və oxunaqlı üslubu ilə yaddaşlara dərin iz salır...”

İmamverdi İsmayılovun publisitikasında təsirli bir vasitə olan, hekayələrində, romanlarında isə bütün spektrləri ilə zühur edərək, reallığın necə varsa, o cür təqdiminə xidmət göstərən bədiiliyin ən görünən tərəfi bənzərsiz və orijinal təsvirlərdir.

Yazıçı, haqqında bəhs etdiyi hər şeyi – qəhrəmanlarının zahiri və daxili aləmini, onları əhatə edən ictimai və təbii mühiti, mənzərələri sonsuz bir maraqla təsvir edir. Və bu hüdudsuz təsvirlər (və təfərrüatlar) əsərlərindəki reallığı, bütün tərəfləri ilə görüb, göstərmək istədiyi “dünya”nı peyzaj-portret canlılığı ilə göz önünə gətirir. Odur ki, nasirimizin əsərlərinin hər bir epizodunu müəllif qayəsinə xələl gətirmədən, əgər belə demək mümkünsə, xüsusi rejissor həllinə, interpretasiyasına ehtiyac duymadan səhnələşdirmək, ekranlaşdırmaq mümkündür. Əziz qələm (və ideya - məslək) dostumuzun çox sevdiyi (və tez-tez işlətdiyi) “danış, səni görüm!” ifadəsi bu baxımdan onun yaradıcılıq üslubunu, düşünürəm ki, yaxşı izah edir və aydın mənzərə yaradır.

Onun otuz ildən çox (yeddi dəfə ardıcıl!) deputatlıq illərindəki müşahidələrimə əsasən, deyə bilərəm ki, Milli Məclisin kuluarlarında və iclasdan sonrakı həyatında çox sıx, hərtərəfli bir İmamverdi İsmayılov aurası hakimdir, çox az Məclis üzvü, yaxud əməkdaşı tapılar ki, bu çevik, diqqətçil, həssas (və hərarətli!) auranı duyub öz milli, dövlətçi və vətəndaş mövqeyini bildirərkən, ondan faydalanmasın. Və buraya əziz dostumuzun gənclərdən, Məclisə yeni gələnlərdən heç vaxt əsirgəmədiyi ünsiyyət, müdriklik, təvazökarlıq, ideoloji məsuliyyət hissi və “böyük-kiçiklik dərslərini” də əlavə etsək, onun daşıdığı ictimai missiyanın miqyası (və səviyyəsi) barədəki təsəvvürlərimiz daha da mükəmməlləşər.

Parlamentdə, özünün sözü olmasın, “bir məhlədə” oturardıq. Biz ikimiz də ədəbiyyat adamı olduğundan, obrazlı desək, “daxili mətbəxdə” sözümüz-söhbətimiz tutur, ilk baxışdanca, biri-birimizi yaxşıca anlaya bilirdik.

Mənə elə gəlir ki, onun insani keyfiyyətləri ədəbi yaradıcılığı ilə bir-birinə çox bənzəyir, qoşa tale yazısı kimi, qovuşur və tamamlanır...

Mən hər zaman düşünmüşəm və indi də bu qənaətdəyəm ki, İmamverdi İsmayılov – bütün əsərlərində özü kimidir. Həyatda necə, yazılarında da eləcə: bənzərsiz, təkrarsız, rəngsiz boyasız, qəlbi sevgi ilə dolu zəngin bir idrak sahibi!..

Bu, bir yazıçı kimi, onun yaradıcılığında da öz əksini tapır: dili, təhkiyəsi, folklora, adət-ənənəyə bağlılığı, dərin müşahidəsi, xarizması, təsirli baxışları və həyat fəlsəfəsi... Bir sözlə, heç kimə bənzəməyən yazı üslubu və öz daxili aləmi ilə mübarizə aparan ziddiyətli insan qəlbinin dərinliklərinə baş vura bilən yazıçılıq məharəti...

İmamverdi İsmayılovun bir insan və bir yazıçı kimi dəyərləndirilən və sevilən portret cizgiləri bildiyim qədər çox zəngindir.

Xeyirxahlığı, səmimiyyəti, saflığı, həmişə qayğılı, düşüncəli, ancaq paxıllıq bilməyən nurlu gözləri, samballı oturuş-duruşu, şux qaməti, zövqlü geyim tərzi, jestləri, harda və kiminlə necə davranmaq mədəniyyəti, müsbət aurası – baxırsan ki, hamısı da yerində...

Düzgün və həyati məsləhətləri həmişə dəyərləndirilir, sayılır və sanki ətrafını, bax beləcə, “ovsunlayır”, ona hörmətlə yanaşmağa, yolunu gətirib dəyər verməyə “məcbur” edir... Məqamında verdiyi replikaları, sənin də iştirak etdiyin, ancaq fikir vermədiyin, yaxud da eşidib boşa verdiyin söhbətləri, əhvalatları, birdə görürsən ki, şadara qoşub, düzlu məzəli və elə şövqlə danışar ki, ləzzətindən doya bilməzsən və bir müddət o əhvalata köklənib, ürəkdən uğunub gedərsən.

Əziz dostumuzun diqqət çəkən xarakterik cəhətləri çoxdur. O, salam-kəlamında da özüdür: zəhləsi gedir, ya xoşu gəlirsə, gizlədə bilmir, nə düşündüyünü və necə gördüyünü qarşısındakına şax deyə bilir. Dəyərli ziyalımız Musa Urudun sözləri ilə desək, “onun yazı yazdır, qışı qış və hamı da dostumuzu belə qəbul edir...”

Boş-boşuna xatirə danışmaz, xoşu gəlməyən söhbətlərdən təngə gələndə, çox qəribədir ki, bu cür yorucu və anlaşılmaz məqamlardan uzaq durar, “məni belə başa salan olmamışdı...” - deyib, söhbəti xoş ovqatla nöqtələyər.

İmamverdi İsmayılovun yaradıcılığında iki vacib ştrix həmişə mənim diqqətimi cəlb edib: kolorotli, obrazlı, zəngin dili və incə müşahidəsi, orijinal təhkiyəsi...

Təkrarən, məqsədli olaraq, mən bunu xüsusilə vurğulamaq istəyirəm ki, bu əsərləri oxuyanda, elə bil, oturub ekrana baxırsan, vizual kadrlar, cizgilər, peşəkar rejissorlar üçün hazır görüntülər və qələmə aldığı hadisə və süjetlərdə insanla kainatın əzəli mübarizəsi, özünüdərk fəlsəfəsi, bəşəri düşüncələri görürsən.

Məntiq, təfəkkür və sərrast yanaşmalar – onun yazıçı xarizmasının cizgiləridir, ideyanı və süjeti bütövləşdirir və kamilləşdirir.

Bir sözlə, sanki, söz onun, o, sözün yaraşığıdır!..

Söz onun, o, sözün əzabı və sevinci ilə həmahəng yaşayır, biri-birinə söykək olub, çiyin-çiyinə durur, sədaqət və məsuliyyətlə əsl ədəbiyyatın keşiyini, qarovulunu çəkirlər – məncə, ədəbiyyat adamı üçün çox vacib olan cəhətdir bu!..

İmamverdi İsmayılov bizim nəsr klassikamızın ən etibarlı, ən köklü- nəcabətli (və məhsuldar) varislərindən biridir.

İstedadlı nasirimiz haqqında Azərbaycan Televiziyasının çəkdiyi möhtəşəm sənədli filmdə söylədiyim fikri bir daha təkrar etmək istəyirəm ki, onun əsərləri xalq dilinin, ədəbiyyatının, mənəviyyatının çox dərin qatlarından gəlir, o dərin və son dərəcə münbit qatlardan ki, keçən əsrin əvvəllərində Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn, Mir Cəlal gəlmişdilər.

İmamverdi İsmayılov, bir tərəfdən, böyük ədəbiyyata ədəblə, istedadla, ideya- estetik məsuliyyətlə varislik edir, digər tərəfdən, dövrümüzün, zəmanəmizin, hətta günümüzün sosial, siyasi, psixoloji mənzərəsini bütün miqyası, naturası və təfərrüatı ilə əks etdirməklə müasirimiz olduğunu hər yazısında bunu inamla, özü də böyük ustalıqla nümayiş etdirir.

Yazıçının bu günlərdə qələmə aldığı və sizin diqqətinizi xüsusən cəlb etmək istədiyim “BAYQUŞ VƏ QAROVULÇU” hekayəsi də ədəbiyyatımızda klassik ənənə ilə müasirlik arasındakı qarşılıqlı əlaqənin istedadlı qələm sahibinin yaradıcılıq təcrübəsində münbit (və tükənməz) mənbə olduğunu göstərir.

Hekayə, bir mənada, “nəsillərin dəyişməsi” adlandırıla bilən bizim dövrün səciyyəvi insanlarını ideya- estetik təsvir (və təhlil) predmetinə çevirməklə, hər cəhətdən, maraqlı sosial münasibət mənzərələri yaradır. “Qızının, cavan ikən, nifrət elədiyi səfeh bir tayfanın çiy süd əmmişinə qoşulub qaçmağı, elə o gedən, hansı cəhənnəmdəsə itib-batmağı, vəfalı arvadının balasını haylayıb dərdindən azara düşməyi, əriyib çöpə dönməyi və bir gecənin dar vaxtında, ərinin qolları üstündəcə can verməyi... Özünün isə, çölə-bayıra çıxmadan, qırx gün, qırx gecə bayquş kimi ulaması, uşaqların təhər-töhmətinnən sonra, başını qatmaq üçün, dostunun oğlunun istəyilə, onun evinə gözət çəkməyə razılaşması, bağ-bağata dərhal isinişməsi və işlərinin sahmana düşməsi, ali məktəbə qəbul olan oğul nəvəsinin vaxtaşırı ona baş çəkməsi, hər şeyin öz axarına düşməsi, – bir titrək kölgə kimi gözlərinin qarşısından gəlib geçdi...”

“BAYQUŞ VƏ QAROVULÇU” hekayəsi insanın istismarı, heç bir mübahisə törətməyən zərurət kimi qəbul olunması maraqlarının hansı mənəvi kataklizmlərdən keçdiyini tipik nəzər nöqtələrindən müşahidə etməyə imkan verir. Təsəllini dostunun oğlunun bağına qulluq eləməkdə tapan, xaraba qalmış qonşu həyətdə bayquşun peyda olması ilə onu bu dünyaya bağlayan yeganə ümid yerindən da məhrum məhrum olma təhlükəsi ilə üzləşən və bağlıcası, bütün mistik, mifoloji yasaqlara rəğmən, bayquşa güllə atmaq kimi gözlənilməz bir hərəkətə məcbur edilən ahıl adamın obrazı sosial həyatımız üçün hələlik nə qədər qeyri- adidirsə, ədəbiyyatımız üçün də bir o qədər yenidir.

Və yazıçının ustalığı ondadır ki, bu qeyri- adiliyi, yeniliyi orijinallıq xatirinə, yaxud süni effekt yaratmaq yolu ilə təqdim eləmir, sxematizmə getmir. İctimai həyatımızın olduqca səciyyəvi, təbii bir parçasını heç bir bər-bəzəyə uyub təhrif etmədən, bütün dolğunluğu, koloriti ilə canlandırmağa çalışır. Qarovulçu bayquşu güllə ilə vurmaq məcburiyyəti qarşısında ona görə qalır ki, ona iş verib bu dünyaya, həyata yenidən bağlayan bağ sahibinə borclu sayır özünü.

Və beləliklə, bir tərəfdə hər nə qədər şəxsi-fərdi xarakter daşısa da, həmin borcu qaytarmaq dayanır, digər tərəfdə ümumən xalqın inamına çevrilmiş, bayquşa güllə atmamaq kimi qanına hopmuş mifoloji borcdan imtina eləmək.

Müəyyən mənada, ictimai məsuliyyətlə şəxsi- fərdi məsuliyyətin bu cür qarşı-qarşıya gəlməsi, hekayədə təsvir olunan hadisələri ideya- məzmunca istiqamətləndirməklə qalmır, eyni zamanda, yazıçı qayəsinin ifadəsi üçün elə bir ideya təqdim edir ki, sonrakı hadisələr məhz həmin kontekstdə sosial- estetik dəyər qazanmış olur.

Qarovulçunun keçirdiyi qeyri-adi yaşantılar, öz-özü ilə, rəhmətə getmiş arvadı, öldüyü-itdiyi bilinməyən qızı ilə “dərdləşmələr”i hansısa qarşısıalınmaz bir faciədən, daha böyük fəlakətdən xəbər verir... Qonşudakı əhlikef gözətçi ilə məsləhətləşib, bayquşu vurmaq qərarına gəldiyi məqamda, pay-püşlə onu yoluxmağa gələn nəvə (ədəbi priyom kimi, bayquşun anatomiyası haqqında bilgi vermək mıəqsədi ilə əsərə xüsüsi olaraq gətirilmiş maraqlı bir obraz!) babasını bu işdən çəkindirmək üçün cəhdlər etsə də, faydası olmur. Onu inandırmaq istəyir ki, mövhumata uymasın, haqsız yerə bayquşa güllə atmasın, haranınsa xarabaya çevrilməsində bayquşun heç bir günahı yoxdur... Bayquşluq eləyən – bu dünyadan gözü doymayıb, onu xaraba qoyan insanların özləridir ki, hekayədə buna Əliağa Vahidin sərxoş qonşunun dilindən səslənən beyti ilə incə bir eyham vurur:

“Öz xəlqinə hər kim mey içib versə əziyyət,

Olsun yeri bayquş kimi viranələr içrə...”

Müəllif çox böyük sənətkarlıq məharəti nümayiş etdirərək, “bayquş”, “bayquşluq” anlayışlarını mifik-mövhumi çərçivədən kənara çıxarıb günümüzün sosial-mənəvi simasını təsvir, izah və şərh edən vasitəyə çevirir. Və bununla da kifayətlənməyib, günümüzün, sözün geniş mənasında, əxlaqi problemləri mövqeyindən bu cür yanaşmaya yeni ədəbi-ictimai, poetik-üslubi məna çalarları əlavə edir:

“Zaman dəyişir inanc, vərdiş, etiqad və... onu yaradan insanlarsa dəyişmir...

Bayquş da ki, öz bayquşluğunda...

Çox qəribə quşdu, heç bir canlıya qoşulmadan, tək-tənha dolanır və sanki lal sükutun, sirli kainatın və mübhəm gecələrin, özü ilə gizlətdiyi sirlərin keşiyini təkbaşına çəkmək istəyirdi...”

Qarovulçunu bayquşla üz-üzə gətirən, onu vurmağa təhrik edən səbəb, artıq qeyd etdiyimiz kimi, aydındır: sözünü tutmaq və ona yaşamaq üçün stimul vermiş bağ yiyəsinin rahatlığını təmin eləmək...

Ancaq, yazıçının üzərindən çox üsulluca keçdiyi bu səbəbin arxasında kifayət qədər dərin mətləblər gizləndiyini də unutmaq olmaz...

Dərindən düşünəndə, bayquşla qarovulçunun, heç bir ədavəti yoxdur, evin sahibi o deyil, bayquşun iki həyət o tərəfdə xaraba qalmış yerdə ulamasının da kişiyə az dəxli var... Lakin məsələ bununla bitmir. Və yazıçı usta ştrixlərlə bildirmək istəyir ki, əgər “ipin ucu qırıldı, kələfi pozuldu... xeyir-bərəkət, hörmət-izzət – hər şey yağlı əppəy olub qeybə çəkildisə...” - bu fəlakətdən kimsə canını qurtaracağını ağlına belə gətirməsin!..

Bəzilərinin həyəti xarabalığa çevrilirsə, qaravolçu kimi imkansız adamların da həyatı viran qalır. Elə ona görədir ki, bağ sahibi ilə qoca qarovulçunun taleyi hardasa bir-birinə bənzəyir... Hər nə qədər düşüncələrə qərq olub, çıxış yolu arasa da, yaradana üz tutub dualar eləsə də, taledən (və özündən!) qaça bilmir: “Qanmırlar ki, bayquşun dalınca düşən, xarabalığa gedib çıxar... Neyniyim, haranın daşın salım başıma, öz xoşumla cəhənnəmə gedim? Günahsız bir quşnan nə işim, qarğış yiyəsi eləmə məni, ya rəbbim! İnsaf ver, uçurt onu buralardan... Hara gedir, getsin, dalınca da qara yellər!..”

Yazıçı təfərrüata varıb oxucunu yormur ki, süjet şaxələnməsin, diqqət bağ sahibinin yox, qarovulçunun taleyi, daha doğrusu, dərin duyğuları və dərdləri üzərində cəmlənsin.

İmamverdi İsmayılıov yazıçı kimi, təsvir etdiyi həyat hadisələrinin mahiyyətinə dərindən nüfuz edir və həmin hadisələri panoramlı bir şəkildə göstərir. Yazıçının mahiyyətə dərindən varması, onun hekayə boyu verdiyi ümumiləşdirmələrdə də diqqəti çəkir: “Zəmanə xarab olub, üzü çönüb, bayquş da yalan olub, qaranca elə hədyan, nifrin tökürlər ki, az qala yeddi arxa dönəninin yeddi qatınnan keçə...”

Ad çəkilmədən və məkan göstərilmədən, hamının birgə yaşadığı bir dünyanın və millətindən asılı olmayaraq, insanlığın mal-dövlət, vəzifə, ad-san, şan-şöhrət üçün bir-birinə qənim kəsilib coşması, xüsusən də, kiçik cəmiyyət dediyimiz ailədə abır-həyanın qalmaması, övladın ata-ananı boğaza yığması... Və cəmiyyətdə bunlara qarşı, demək olar ki, heç bir təsirli müqavimət mexanizminin işləməməsi – böyük-kicik sözünün eşidilməməsi İmamverdi İsmayılovun hekayəsində sosial-mənəvi problem olaraq qaldırılır, hər nə qədər simvolik – obrazlı ifadəsini tapsa da, peşəkar yazıçı qələmi ilə mükəmməl bədii bir səviyyəyə yüksəldilsə də, süjet boyu ara vermədən “həyəcan təbili” kimi səslənən bayquş ulartısı, həm də, bizi gözləyən mənəvi xarabalıqlardan xəbər verir...

...Düzünü deyim, bu əsəri sevgi ilə, özü də bir neçə dəfə oxudum... oxudum və duyğulandım, qayğılandım, fikrə getdim...

Əminəm ki, yazıçının bəddi təfəkkürü, fantaziyası ilə ərsəyə gəlib hecalanmış və son dərəcə harmonik (və mənalı) bir səs – bayquşun nəğməsi və naləsi uzun müddət həssas oxucunun yaddaşına həkk olunacaq:

“Aaa – uuu! Baa – uuu! Heeeyyy, heeeyyy!

“Qaram gecə, ovum gecə, naləm gecə,

Aman, aman, bilirəmmi halım necə?!.”

Hekayə müəllifi xalq ədəbiyyatından yaxşı mənimsədiyi təmkinli olduğu qədər də təlqinedici bir üslubla, intonasiya ilə cəmiyyəti təhdid edən fəlakətlərin anonsunu verir. Və bu zaman çox maraqlı, ideya-estetik cəhətdən dəyərləndirilməsinə ehtiyac olan bədii bir məntiqə əsaslanır: “Eehh, ay qoca, sən belə düşüncələrlə çabala, indi gör bayquş nələr düşünür və necə baxır bizə? Görəsən, onun qaranlığın bağrını dələn şüalı gözlərində necə görünür dünya? O, canı ilə əlləşirdi elə bil, özünü bayquşun yerinə qoyub, onun dərdinə, duyğularına həmdəm olmaq istəyirdi.”

Yazıçı öz qəhrəmanını – qarovulçunu təsadüfən yiyələndiyi peşə-sənəti etibari ilə sxematikləşdirmir... Və bu da İmamverdi İsmayılovun yaradıcılıq üslubunu səciyyələndirən keyfiyyətdir ki, qəhrəmanlarının düşüncələri ilə hesablaşır, onların bu və ya digər vəziyyətdə özlərini necə aparacaqlarından sanki qarışmır, bir növ, kənardan müşahidə edir.

Adətən, mətn obrazı, bəzən də, obraz mətni yaradır. Qarovulçunun haldan-hala düşməsi, gah bayquşu vurmaq qərarına gəlib, gah da özünü onun yerinə qoyması (əslində, elə belə də olur: güllə bayquş əvəzinə, qoca qarovulçuya dəyir!..) inandırır ki, o, daxilən, ruhən çox zəngin, bütün tragizmi ilə birlikdə çox dolğun adamdır, qonşuluqdakı əhlikef gözətçi kimi dəmdəməki, zatı-kökü bilinməyənlərdən deyil. Sadəcə, düşdüyü fəlakətdən çıxış yolu axtarıb çapalayır, ancaq bu axtarışın nəticəsi olmur, nə yaşı, nə başına gələnlər, nə də zamanın gərdişi müsbət heç nə vəd eləmir...

Tək qarovulçu yox, taleyin onu son dərəcə müəmmalı, amma təbii, anlamlı görünən bir şəraitdə qarşılaşdırdığı bayquş da qəm dəryasına baş vurur, tərəddüdlər keçirir, əzab çəkir: “Yoxsa, qurbanı olduğum, nəfəssiz və hənirsiz bu viranəliyə keşik çəkmək üçünmü xəlq elədi məni, hə?! - Bayquşun hay-küylü səsi sanki özü kimi havalanmışdı – Guya mən, bu xaraba qalmış tikilidən uçub getsəm, səsimi içimdə boğsam, düzələcəkmi bu viranəlik? Niyə bəni insan ancaq dara düşəndə yada salır məni, səsimnən qorxur, söyüş, nifrin yağdırır, dalımca qarğış töküb, daşlayır və güllə atır?! Bu qara ayamaları kim yazdı mənim taleyimə, ya rəbbim, kim? Niyə? Nə üçün? Kim anladı mənim naləmi, kim yozdu? Bəlkə mən elə bu faciələrə, dünyanın belə gərdişinə fəryad edirəm? Başa düşməməyiniz bir yana, hələ, məni heç harda görmək belə istəmir, bütün bəlaların səbəbkarı sanırsız…”

Bayquş – bu zavallı quşcuğaz - Allahın yaratdığı, milyon canlıdan biridir, heç şübhəsiz, ona bu mifik səlahiyyəti – xarabalıqlar gözətçisi missiyasını ilahi qüvvə yox, məhz insanlar rəva görüblər.

Diqqət yetirin, bu dünyada rahatlıq arayan bayquş da bədbəxt qocanın özü kimidir və hekayənin ideya-məzmun strukturundakı estetik bütövlük, bədii simmetriya və ya paralellik həm də buradan gəlir. Hər şeydən əvvəl, belə bir səbəbdən ki, dünyanı quran da, xarabaya çevirən də insandır. Mifik obraz olaraq, təxəyyülümüzün yaratdığı bülbül də, bayquş da, digər canlılar da, yazıçının dərin inamına görə və mahiyyət etibarilə, insanın özündən başqa bir şey deyil. Hekayədə bayquşun dilindən səslənən “mən bütün qaranlıqları aydın görürəm, pıçıltıları eşidirəm, əyrilikləri, fırıldaqları bilirəm...” – kimi fikirləri həmin qaranlıqları çökdürən, düşündüyünü içindəcə pıçıldayan, bu naqisliyi törədən insanın bir canlı kimi, özünün də portretini canlandırır.

Hekayədə “qarovulçuluq” tədricən elə bir çoxmənalı, çoxaspektli sosial-psixoloji, mənəvi-əxlaqi və fəlsəfi-metafizik məfhum-metafora səviyyəsinə yüksəlir ki, günümüzdəki insan (və cəmiyyət) problemləri həmin səviyyədən çox müfəssəl, çox əhatəli görünür.

Qoca qarovulçu, bir tərəfdən, öz şəxsi həyatının tragizmini yaşayırsa, digər tərəfdən, ictimai və qlobal faciələr barəsində düşünür, bayquşu güdməkdən yorulub, azacıq mürgüləyən kimi, azıb çöllərdə qalmış, bədbəxt qızını, o dünyada ərindən ötəri xəffət çəkən arvadını görür, digər tərəfdən, gözünü açan kimi “vur!”, “öldür!”, “xilas elə!” əmrlərini eşidir və özündən asılı olmayaraq, filosofluq eləməyə başlayır: “Bəlkə, insan, bayquşu lənətləyib susdurmaqla, qovmaqla – öz əllərilə saldığı xarabalığın səsini kəsir ki, xatırlayan və heç yerini bilən də olmasın?!.”

Kimin dilindən deyilirsə, çoxlu müdrik fikirlər, aforizmlər müəllifi olan yazıçının bu mülahizələri, həqiqətən, bədii olmaqdan daha çox, fəlsəfidir: bayquşun ulaması hansısa günah, daha doğrusu, günahlar müqabilində xaraba qalmış yurdun səsi, dərdli bir nəğməsidir. Və müəllif haqlıdır ki, bu nalə bülbül nəğməsi qədər ruhu açan olmasa da, onun qədər informativ, mənalı və məzmunludur.

Sərxoş gözətçinin əlində təsadüfən açilan güllə hadisələrin məntiqi gedişi ilə, irəlicədən təxmin edildiyi kimi, bayquşa yox, bədbəxt qarovulçuya dəyir... “Uçuq damın altında çöməlib ağ kəfənə bürünmüş qadının kölgəsi əyildi, sanki göydən yerə qanad saldı, başını qarovulçunun parçalanmış sinəsinə sıxıb, gözünün qorasını tökdü...”

Və son cümlələrə diqqət yetirək: “Bayquş elə bil qaranlıq bir qəbirdən indicə çıxırdı, səsi çatınca, ünü yetincə hayqırır və al qan içində can verən qarovulçunu, naqəfil açılan güllə ilə əlini nahaq qana batırmış qonşunu, həm də, baiskar kimi özünü, özünü ağlayırdı...”

“BAYQUŞ VƏ QAROVULÇU” əsərində, vaxtaşırı olaraq, gah bədii təsvirlərin, gah da metaforaların ortaya çıxıb, mətnin ideya-məzmununu dolğunlaşdırması öz yerində, süjet poetika-formaca şeir, poema kimi axır, elə bil ki, bayquşun, qarovulçunun hisslərini sən də duyursan, həyəcanlarını yaşayırsan, hətta ürək döyüntülərini belə eşidirsən.

Son dərəcə təsirli belə bir polifoniya, oxucunu özünün (və cəmiyyətin!) taleyi barədə bir daha (və dərindən!) düşünməyə təhrik edir!..

Yazıçının, əvvəlki əsərlərində olduğu kimi, sözügedən hekayəsində də sintaksis, – müxtəlif çeşidli təkrirlər, paralel konstruksiyalar və bir-biri ilə həmahəng sintaqmlardan hörülmüşdür ki, mətntəşkiledici ünsürlərin bu cür harmonik rabitəsi müəllifin xalq dilini necə gəldi sərf eləməsi yox, onun tükənməz zənginliklərini mənimsəyib, sonsuz ifadə inkanlarından israfa yol vermədən, qənaətlə, eyni zamanda yeni üslub dəyərləri təqdim etmək səviyyəsində məharətlə faydalanmasıdır.

Dəyərli qələm dostumuz İmamverdi İsmayılov, ola bilsin ki, elə də çox yazmır, ancaq həmişə daxilində olduğu, hər cür təlatümlərin yaşadığı canlı (və sözün həqiqi mənasında ictimai!) həyatı daim bir yazıçı-mütəfəkkir həssaslığı, peşəkarlığı və cavabdehliyi ilə müşahidə, dərk və təhlil edir.

Əlinə qələm aldıqda isə, ədəbiyyatımızın yaddaşlarda qalacaq əsərlərindən birini yaradır!..

...Bax belə... Sonda, yazıçının müdrik bir kəlamı yadıma düşür: “Dərdlər yaradır səsləri... Dərd - dərd çəkənindir!..”

Nə gözəl! Əlavə şərhə ehtiyac varmı?!.

Tam səmimi olaraq deyim ki, özüm də bir müddətdir, ruhuma çökmüş bu qərib səslərin və belə isti sözlərin təsirindən çıxa bilmirəm...

Hörmətli yazıçımız İmamverdi İsmayılovun öz təbirincə desək: “Çörək yeyən hər ağızdan müqəddəs söz çıxmaz!..”

Hər şey həmişə ruhunca olsun, əziz qardaşım!..

Nizami Cəfərov

Akademik

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
icma.az

1Mənbələr