AZ

Bakıya “dostcasına” təzyiq - AŞ ünvanı yenə səhv saldı

Avropa Şurasının Baş katibi nədən Ermənistana deyil, Azərbaycana diplomatik basqının zəruriliyinə işarə edir?

“Bu mövzu bizi çoxdan maraqlandırır. Mən Baş nazir Paşinyanla hələ çox əvvəl - Ermənistanın sazişin şərtlərini qəbul etdiyi vaxtdan danışmışam.

Həmçinin fürsətim olub Azərbaycan hakimiyyəti ilə də bu barədə danışam - onlara bildirmişəm ki, biz bu məsələ ilə bağlı irəliləmək istəyirik, siz də maraqlısınız ki, aydınlıq və sabitlik olsun və Ermənistan bu istiqamətdə olduqca vacib bir addım atıb”. “Yeni Müsavat” bildirir ki, bu sözləri Avropa Şurasının Baş katibi Alen Berse Ermənistan və Azərbaycan arasında mümkün sülh sənədi haqda danışarkən bildirib.

“Avropa Şurası bu qərarın reallaşmasını necə təmin edə bilər” sualına cavab olaraq Berse bildirib ki, məsələ onların diqqətindədir: “Düşünürəm ki, Avropa Şurası bu mövzularda dialoq platforması təklif etməklə də rol oynayır. Məsələn, az öncə Türkiyədə idim, burada da bu məsələ Ermənistanın qonşusu olaraq, gündəmdə idi. Türkiyədə də sülh sazişinin tez bir zamanda imzalanmasının vacibliyindən danışdım. Risklərdən biri odur ki, bu müzakirə Cənubi Qafqazda çox vacib olsa da, dünyada bir qədər unudula bilər. Məqsədimiz məsələnin əhəmiyyətini xatırlatmaq, müzakirələri davam etdirmək və nəhayət, bir son nöqtəyə çatmaqdır - əgər belə demək mümkündürsə, Azərbaycana dostcasına təzyiq göstərməklə”.

O qeyd edib ki, proses yavaş getsə də, irəliləyiş var. “Son aylarda kifayət qədər irəliləyiş əldə olunub. Hazırkı problemimiz prosesin çox yavaş getməsidir, lakin hər halda irəliləyiş var. Əgər hər şey tamamilə dayansaydı, bu məni narahat edərdi. Yəni bu hərəkəti saxlamaq lazımdır ki, hər şey imzalanmaya doğru getsin - ümid edirəm, bu mümkün qədər tez baş verəcək”, - deyə Avropa Şurasının baş katibi əlavə edib.

Ancaq sülh müqaviləsinin imzalanmasına əsas əngəl məlum: İrəvan Bakının iki legitim şərtini (Minsk Qrupu və konstitusiya dəyişikliyi) yerinə yetirməlidir. Yəni Azərbaycandan asılı heç nə yox. O zaman Avropa Şurasının Baş katibi nədən İrəvana deyil, Bakıya təzyiqin zəruriliyinə işarə edir?

“Avropa Şurasının Baş katibindən bundan artığını gözləməyə dəyməzdi. O qurumun ki Parlament Assembleyası səsvermə hüququmuzu əlimizdən alıb və bunu ermənilərin guya hüquqlarının pozulması, Qarabağa ”hücum"la əlaqələndirib. Belə bir təşkilatın Baş katibi də Azərbaycana təzyiq göstərməyə çağıra bilərdi". Bu sözləri “Yeni Müsavat”a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, AŞ katibi öz aləmində əl yeri qoymağa çalışıb, dostcasına təzyiqdən dəm vurub, lakin qərəzə yol verib: “Belə çıxır ki, Ermənistan sülhə hazırdır, Azərbaycan yox. Halbuki belə bir saxta rəyi Paşinyan yaradıb. Ermənistana deyən yoxdur ki, məlum iki tələbi niyə yerinə yetirmirsən? O baş katib nə üçün Paşinyana bildirməyib ki, bir neçə gün əvvəl Qarabağı ”itirilmiş vətən" adlandırmışdın, bəs ərazi iddian varsa, necə sülhpərvər ola bilərsən? Sadəcə, Qərb təşkilatları İrəvana qahmar çıxır. Məqsəd də Paşinyanı xilas edəcək yarımçıq bir sənəd imzalanmasıdır. Ona görə belə bir tələ qurulub. Hərçənd dünənə qədər də Ermənistanı işğalçı siyasətinə görə də ittiham etmirdilər. İndi işğalçını sülhpərvər göstərməyə başlayıblar. Biz torpaqları azad edəndə də günahkar olurduq, separatizmi məhv edəndə də erməniləri blokadada saxlamaqda günahlandırırdılar... Belə demək mümkünsə, biz Qərbin qərəzli mövqeyinə adət etmişik. Onlar işğalçını hər bir situasiyada müdafiə edirlər. Bu gün də yeni şərait var, ona uyğun şəkildə Ermənistana sahib çıxırlar".

Çingiz

Çingiz Qənizadə 

Ç. Qənizadə AŞ Baş katibinin nə deməsindən asılı olmayaraq, Azərbaycanın öz sülh gündəliyinə sadiq qalmasını vacib sayır: “Biz tələblərimizi yerinə yetirilənə qədər səsləndirəcəyik. Çünki yekun sənəd Paşinyanla və onun Qərbdəki tərəfdaşları ilə imzalanmır. Bu müqavilə tarixi və hüquqi əhəmiyyət daşıyacaq, Azərbaycanla Ermənistan arasında imzalanacaq. Ona görə də ədalətli və haqlı yolumuza davam edəcəyik. Ermənistan hakimiyyəti möhkəm sıxıntı altındadır, hansısa yarımçıq sənədlə xilas olmaq istəyir. Əgər Paşinyan xilas yolunu görə biləcək siyasi xadimdirsə, Bakı və Ankaranın sözünü eşitməlidir”.

Sözcü

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə qeyd edib ki, Ermənistana deyil, Azərbaycana təzyiq çağırışı AŞ-nin qərəzindən irəli gəlir: “Belə rəy yaranır ki, sülh istəməyən tərəf Bakıdır. Bu, kökündən yanlış təqdimat və qara piardır. Əslində, Azərbaycan haqlı tələblər səsləndirir. İndiki şərtlərlə sülh müqaviləsinin imzalanması, gələcəkdə bizə yeni problemlər yarada bilər. Paşinyandan sonrakı hökumət Ermənistan Konstitusiyasına istinad edərək prosesi hər an poza bilər. Azərbaycan bunu bildiyi üçün mükəmməl yekun sənəd tələb edir. Avropa Şurasının Baş katibi isə elə fikirləşir ki, İrəvan sülhə hazırdır, guya Bakı yox”.

Hüquq müdafiəçisinin sözlərinə görə, AŞ Baş katibinin çıxışı ilə Azərbaycana təzyiq göstərmək mümkün deyil: “Bu qurum özünü hörmətdən və nüfuzdan salıb. Avropa Şurası hansı təsir rıçaqlarına malikdir ki, bizə basqı etsin? Biz sülh mövzusuna reaksiya verən daha böyük güc mərkəzlərinə diqqət yetirməliyik. 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı istifadə ediblər. Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa parlamentinə düşə bilməyən islamafob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra bəyanat və qərarlar verməklə kifayətlənib. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi”.

Xatırladaq ki, AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat Azərbaycanı təhdid edərək 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını, hərbi əməliyyat kimi qiymətləndirərək Qarabağın erməni əhalisinin “humanitar vəziyyətindən ciddi narahatlıq” ifadə edib və Azərbaycan nümayəndə heyətini etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaq ilə hədələyib. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını” Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Seçilən
7
musavat.com

1Mənbələr