AZ

Qurtuluşdan Zəfərə

Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olması, dərin tarixi dövlətçilik ənənələrinə sadiq qüdrətli bir dövlətə çevrilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il iyun ayının 15-i həm Azərbaycan dövləti, həm də dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar üçün şərəfli bir tarixdir. Çünki məhz bu tarixdə bir əsrdə ikinci dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan dövlətimiz anarxiyadan, daxili çəkişmələrdən, xaosdan qurtularaq öz əbədi müstəqilliyinə qovuşdu.

İndiki geosiyası reallıqlarla paralel müqayisələr apardıqda Milli Qurtuluşumuzun dövlətimiz üçün hansı əhəmiyyəti daşıması daha aydın şəkildə görünür. Dünyanın bir çox ölkələrində eyni mənzərəyə şahidlik edirik - daxili çəkişmələr, siyasi böhranlar, hakimiyyət davası, hətta vətəndaş müharibələri... Bütün bu kataklizmlər nəticə etibarı ilə ən böyük zərəri məhz həmin dövlətə, dövlətçiliyə vurur, təməllərini sarsıdır, ciddi təhdid və təhlükə yaradır.

32 il bundan əvvəl Azərbaycanda da eyni mənzərə hökm sürürdü. 20-ci əsrdə ikinci dəfə müstəqlliyini qazanan Azərbaycan qısa zaman sonra onu itirmək təhlükəsi yaşayırdı. 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin naşı, yarıtmaz siyasəti nəticəsində vəziyyət böhran həddinə çatmışdı. Yeni yaradılmış müstəqil dövlətdə hakimiyyəti liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum, vəziyyətdən çıxış yolu tapmaqda aciz insanlar qəsb etmişdi. Onlar baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Xalq isə qurtuluşunu, xilasını Azərbaycanın böyük oğlu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

Dövlətin belə bir ağır durumda olduğunu görən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı. Onun gəlişi ilə bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın təməlləri qoyuldu.

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılmışdır.

Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.

Ulu Öndər bütün həyatını Azərbaycanın çiçəklənməsinə, dövlətimizin nüfuzunun beynəlxalq aləmdə artmasına, xalqın rifahının yaxşılaşdırılmasına həsr etdi. Onun ən böyük arzusu isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, dədə-baba yurdlarımızın düşmən tapdağından azad edilməsi idi. Bunun üçün isə ölkədə nizami ordunun yaradılması ən ümdə şərtlərdən biri idi. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır.

Ulu Öndərin arzuları bu gün çin olur - Heydər Əliyev məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla demişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Dahi Liderin bu arzusu 27 ildən sonra reallaşdı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Cəmi qırx dörd gün ərzində otuz illik həsrətə son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Zəfər çalaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olundu.

Xalqımız artıq 4-cü ildir ki Milli Qurtuluş gününü qalib xalq kimi qələbə ovqatı ilə qeyd edir. Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə üçrəngli şanlı bayrağımızın əzəmətlə dalğalanmasını izləmək hər bir azərbaycanlı üçün böyük fəxarətdir.

Bu şanlı Qələbə bizə təkcə tarixi torpaqlarımızı qazandırmadı - xalqın inamını, vətənpərvərlik ruhunu daha da artırdı. Böyük Zəfərdən sonra Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritetlərdən biri də keçmiş qaçqın və məcburi köçkünlərin öz dədə-baba yurdlarına layiqli qayıdışının təmin edilməsidir. 44 günlük Vətən müharibəsindən qısa bir müddət keçməsinə baxmayaraq, dövlətimizin böyük işlər görməsi, mənfur düşmən tərəfindən darmadağın edilən yurdlarımızın dirçəldilməsi istiqamətində əsaslı addımlar atması Azərbaycanın gücünü, əzmini bir daha ortaya qoyur. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni layihələrin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkəmizə bundan sonra da böyük qələbələr, yeni-yeni uğurlar qazandıracaq.

Nicat DİLQƏMLİ

Seçilən
9
1
yeniazerbaycan.com

2Mənbələr