AZ

Yaxın Şərqdə YENİ DÖNƏM – Bu ölkələr də nüvə silahı əldə etməyi PLANLAŞDIRIR

“2025-ci ilin 13 iyun tarixində səhər saatlarında İsrailin İran ərazisində yerləşən bir sıra strateji obyektlərə – xüsusilə də Nətənz, Fordo, Araq və Pərçin kimi nüvə və hərbi infrastruktur mərkəzlərinə qarşı başladığı hava hücumu, Yaxın Şərq tarixində yeni və dönüşlü bir mərhələnin başlanğıcı oldu”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi azərbaycanlı siyasi şərhçi Əhməd Həbiboğlu deyib.

Həbiboğlu hesab edir ki, bu hücum yalnız fiziki dağıntılarla nəticələnməyib:

“Eyni zamanda, İsrailin zərbələri İranın regional və beynəlxalq siyasətində, təhlükəsizlik yanaşmasında və ideoloji doktrinasında fundamental dəyişikliklərə səbəb oldu. Uzun illər boyu nüvə proqramını dinc məqsədlərlə izah edən İran, artıq bu çərçivədən çıxaraq daha açıq şəkildə nüvə silahı əldə etməyi özünə hədəf kimi qoymuş kimi görünür.

İsrailin bu hərbi əməliyyatı İran rəhbərliyində böyük bir şok effekti yaratdı. Hücumdan dərhal sonra İranın Ali Lideri Ayətullah Seyyid Əli Xamenei, Prezident və SEPAH komandanlığı öz çıxışlarında bu əməliyyatı birbaşa müharibə elanı kimi xarakterizə etdilər. Qısa müddətdə İran parlamentində fövqəladə iclas çağırıldı, ölkənin müdafiə doktrinasında köklü dəyişikliklər edilməsi təklif edildi. Hücumdan sonra yayılan bəyanatlarda “İran artıq səbr etməyəcək, lazımi texnologiyalara və silahlara sahib olmaq hüququndan istifadə edəcək” ifadəsi ölkənin yeni siyasi istiqamətə yönəlməsinin bir siqnalı idi”.

Nüvə proqramının iflası

İranın təhlükəsizlik və hərbi çevrələrindəki əsas arqument bundan ibarətdir ki, bu hücum İranın milli suverenliyinə, onun öz ərazilərində texnoloji inkişafına qarşı bir təcavüzdür və buna cavab olaraq İran öz təhlükəsizliyini yalnız müdafiə ilə deyil, hücum potensialı ilə də qorumağa məcburdur.

“Uzun illər boyu İranın nüvə proqramına qarşı təzyiqlər, embarqolar və iqtisadi sanksiyalar tətbiq edilmişdi. İran bu illər ərzində rəsmi olaraq nüvə silahına maraqlı olmadığını bildirib, hətta 2015-ci ildə “Ortaq Hərtərəfli Fəaliyyət Planı” (JCPOA) çərçivəsində zənginləşdirmə səviyyəsini məhdudlaşdırmağı qəbul etmişdi. Lakin bu razılaşma ABŞ-ın Tramp dövründə birtərəfli şəkildə ləğv olunmasından sonra tamamilə qeyri-aktiv hala düşdü”.

Nüvə danışıqları da bitdi...

Politoloq qeyd edib ki, Donald Trampın 2024-cü ildə yenidən prezident seçilməsi və İranla “yeni və daha güclü müqavilə” vəd etməsi ilk baxışda müəyyən ümidlər yaratmışdı:

“Lakin son hadisələr göstərdi ki, bu ümidlər real deyilmiş. İsrailin hücumundan sonra İran rəhbərliyi Trampla aparılan bütün danışıqları tamamilə dayandırdı və ABŞ-ı İsrailin bu əməliyyatında dolayı şəkildə iştirakçı olmaqda ittiham etdi. İranın hesablamasına görə, İsrailin bu cür genişmiqyaslı əməliyyatı ABŞ-ın siyasi, diplomatik və bəlkə də texnoloji dəstəyi olmadan mümkün deyildi. Bu isə ABŞ-İran münasibətlərində diplomatik qapıların uzun müddətə bağlanacağı deməkdir”.

“İran nüvə silahı əldə edəcək”

Həbiboğlu əlavə edib ki, İran daxilində bu hücum milliləşmə və radikallaşma proseslərini sürətləndirdi. Uzun müddətdir davam edən sosial narazılıqlar, iqtisadi çətinliklər və siyasi parçalanmalar yerini milli həmrəyliyə və “xarici düşmənə qarşı birləşmə” atmosferinə buraxdı:

“Ən maraqlı məqam isə İran daxilində liberal düşüncəli ziyalıların və müxalifət təmsilçilərinin də bu dəfə hökumətin yanında yer alması oldu. Çünki məsələ artıq daxili siyasət deyil, ölkənin varlığı və müstəqilliyi ilə əlaqələndirilir. Bu isə İranın daxili siyasətində daha sərt, qapalı və nəzarətli bir dövrün başlandığını göstərir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) artıq təkcə hərbi yox, siyasi sahədə də əsas oyunçuya çevrilib. SEPAH-ın nəzarətində olan texniki və elmi mərkəzlərdə nüvə başlıqlı raket texnologiyası ilə bağlı işlərin sürətləndirildiyi bildirilir. Beynəlxalq müşahidəçilərin hesabatlarına əsasən, İranın zənginləşdirmə səviyyəsi artıq 90 faizə yaxınlaşıb və bu da silah səviyyəsi deməkdir. Bu günə qədər yalnız dinc məqsədlərlə izah edilən proqram artıq açıq şəkildə hərbi xarakter alır. Mütəxəssislərin təxminlərinə görə, əgər proses bu templə davam edərsə, İranın önümüzdəki 12–18 ay ərzində nüvə başlığına sahib olması ehtimalı çox yüksəkdir”.

Bununla yanaşı, İranın bu addımı bölgədə domino effekti yarada bilər.

Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və digər region ölkələri İranın nüvə silahına sahib olmasını özləri üçün strateji təhlükə kimi dəyərləndirə bilər və bu ölkələr də nüvə silahı proqramlarına başlamağa qərar verə bilər.

“Bu isə bölgədə misli görünməmiş bir silahlanma yarışının başlamasına səbəb olacaq. Bu yarışın nəticəsi isə yalnız regional sabitliyin yox, eyni zamanda bütün dünyanın təhlükəsizliyinin ciddi şəkildə pozulmasıdır.

İsrailin hücumu İran üçün təkcə bir hərbi hadisə deyil, strateji və psixoloji bir dönüş nöqtəsidir. İran artıq öz gələcəyini fərqli bir xətt üzərində qurur: diplomatik həll yollarına deyil, gücə əsaslanan, texnoloji silahlara dayanan və siyasi cəhətdən daha qapalı bir modelə yönəlir. Bu modeldə İran üçün nüvə silahı yalnız müdafiə vasitəsi deyil, həm də regionda balansı dəyişdirəcək strateji bir vasitədir. Beynəlxalq ictimaiyyət qarşısında isə yeni və çətin bir sual dayanır: İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hansı yollar qalır? Sanksiyalar və təzyiqlər artıq təsirli deyil, diplomatiya qapısı isə bağlanıb”.

Belə olan halda, qarşıda yalnız iki yol görünür – ya bölgə yeni bir müharibə alovlanacaq, ya da yeni bir dünya nizamı formalaşacaq. İstənilən halda, İran nüvə silahı hazırlayacaq. Və bu artıq bir ehtimal deyil, açıq şəkildə verilmiş strateji qərardır.


Tehran Orucoğlu, Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr