AZ

Dieqo Simeone “Atletiko”dan niyə ayrılmır?

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in sükanı arxasında hələ də çalışmasını əsaslandırıb.

Arena.az “Atletico Universe” dərgisinin DAZN şəbəkəsinə istinadı əsasında, 55 yaşlı argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən nə üçün hələ də buradayam? Çünki ən yaxşı vaxtlar gəlir, mən isə əvvəlki kimi inanıram ki, kamilləşmək üçün imkan var, klub isə son iki və ya üç il ərzində düzgün yoldadır. Ötən mövsümdən mən hesab edirəm ki, biz dirçəlmişik və daha da rəqabətəqadir olmuşuq.
Klub qüvvətlə tərəqqi edir. Mən həmişə demişəm ki, mən gələndə, komanda klubdan daha sürətlə böyüyürdü. Sonra isə klub komandanı üstələdi. Ardınca isə biz keçid mərhələsində yerimizdə saydıq. Mən hiss edirəm ki, irəlidə bizi nəsə ən yaxşısı gözləyir”, deyə “El-Çolo” ləqəbli mütəxəssis vurğulayıb.

Dieqo Simeone “Atletiko”nu 2011-ci ilin dekabr ayından çalışdırır. Argentinalı mütəxəssisin Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Dieqo Simeone “Atletiko”nun sükanı arxasında 735 oyun keçirib, 435 qələbə, 159 heç-heçə, 141 məğlubiyyət yaşaşıb. Bu oyunlarda “döşəkçilər”in top fərqi 1268:634 nisbətindədir.

Argentinalı mütəxəssis Madrid klubuna 8 qənimət qazandırıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2012/2013, 2018/2019). Həmçinin Dieqo Simeone 2015/2016-cı illər mövsümündə dünyanın ən yaxşı məşqçisi seçilib.

Seçilən
26
arena.az

1Mənbələr