Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda respublika elmi konfransı keçirilib. Naxçıvan MR Nazirlər Kabineti, AMEA və onun Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkil etdiyi məclisdə Qərbi Azərbaycana Qayıdış hərəkatına elmi, tarixi və mədəni dəstəklə bağlı aktual mövzular diqqət mərkəzində olub.
Konfransdan əvvəl ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi və Heydər Əliyev Muzeyi ziyarət edilib. Qonaqlar Ümummilli liderin həyat, fəaliyyətinə və zəngin dövlətçilik irsinə həsr olunmuş ekspozisiya nümunələri ilə tanış olublar. Sonra “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” adlı sərgiyə baxış keçirilib.
Plenar iclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev erməni millətçilərinin dünya imperializminin himayəsi ilə Azərbaycan xalqına qarşı törətdikləri soyqırım və deportasiyaların faciəli xronikasından söz açıb. Alim qeyd edib ki, XX əsr boyu həyata keçirilmiş və XXI əsrdə də davam etmiş soyqırımı, deportasiya və təcavüzlər nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdundan ayrı düşüb, on minlərlə insan qətlə yetirilib. Son dövrlərdə Qərbi Azərbaycana həsr olunmuş həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlərin sayının artmasına diqqət çəkən İsmayıl Hacıyev bu mövzunun həyatımızda daim gündəm təşkil etdiyini söyləyib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Qərbi Azərbaycana məxsus toponimlərin, dil faktorlarının, abidələrin və digər mədəniyyət nümunələrinin araşdırılmasının önəmini vurğulayıb, bu sahədə elmi əsaslar yaradan alimlərə və mütəxəssislərə uğurlar arzulayıb. AMEA prezidenti akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumun Qərbi Azərbaycanın tarixinin və folklorunun araşdırılmasında geniş fəaliyyətindən danışıb.
Azərbaycan Ağsaqqallar Şurasıının sədr müavini, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə icmanın sədri Abel Məhərrəmov Naxçıvanın Qərbi Azərbaycana Qayıdışa hərtərəfli dəstəyini qeyd edib, bu yöndə birgə fəaliyyətdən söz açıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Qərbi Azərbaycanın tarixi-mədəni irsinin araşdırılmasına həsr olunmuş fundamental tədqiqatlardan danışıb, NDU-da bu sahədə görülən işlər barədə məlumat verib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı Azərbaycan alimlərinin araşdırmaları barədə ətraflı danışıb, bu cinayəti kəskin ittiham edib. Iğdır Universiteti ədəbiyyatının dosenti Oğuz Şimşək Qərbi Azərbaycanın tarixi haqqında ölkəsinin elmi-siyasi baxışını təqdim edib, erməni vəhşiliklərindən söz açıb. AMEA Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, professor Cəbi Bəhramov bu tarixi bölgənin qədim türk yurdu olmasının sübutlarına nəzər salıb.
Konfransda Qərbi Azərbaycanın bəlalı tarixi, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Qayıdış Konsepsiyasının gerçəkləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr diqqət mərkəzində olub.
Məclisdə “Biz qayıdacağıq” sənədli filminə baxış keçirilib.
T.RÜSTƏMLİ
XQ